20 iyun 2025 01:57
157

Kreml “bülbülü” yenə cikkildədi

Kremlin qarğa səsli  “soloveyi” - teleaparıcı Vladimir Solovyov Rusiyanın “Rossiya-1” televiziya kanalında Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına təhqiramiz ifadələr işlədib. Özü bilər, bizə istisi-syuğu yoxdur. Ancaq bununla kifayətlənməyərək Azərbaycana qarşı da  zəhər yağdırıb. O,  bir neçə dəfə gorbagor olmuş  mifik “artsax”ın adını çəkib, hətta qızışıb Ermənistanı da “artsax”ın taleyini gözlədiyini söyləyib. Utanmadan onu 44 günlük müharibədə “artsax”ı guya təslim etməkdə, ölkəni parçalanmış vəziyyətə salmaqda, “xristian dəyərlərinə xəyanətdə”  və s. məsələlərdə ittiham edib. Dediyindən belə çıxır ki, o, heç də yəhudi deyil, xristiandır. Çünki həmişə Moskvanın qara daşını başına döyür və özünü yəhudi hesab etmir.

Ağzı şər yuvası olan Vladimir  ermənilərdə revanşizm hissini gücləndirmək üçün guya hayların İrəvandan min illər əvvəl  Qarabağda yaşadıqlarını iddia edib. Halbuki tarixdən azca xəbəri olanlar, avara hayların Qarabağa kütləvi köçürülməsinin nə vaxt, necə baş verdiyini, alban kilsələrinin necə erməniləşdirildiyini, İrəvanın necə “qədim erməni şəhərin”nə çevrildiyini, saxta tarix uydurulduğunu bilir. O qədər də uzaq olmayan bu tarixi hadisələri altmış iki yaşlı həmin bu bayquş  da yaxşı bilir. Lakin ondan həqiqəti danışmaq deyil, onu imperiyanın ideologiyasına doğru əyişdirmək tələb olunur. Yoxsa utanmazcasına “artsax təslim edilib” qələtini dilinə gətirməzdi. O, çox yaxşı  bilir ki,  Qarabağ heç vaxt  “Ermənistan” adlı qondarma dövlətin tərkibində olmayıb. Çünki XX əsrə qədərki xəritələrdə Ermənistan adlı dövlətin özü mövcud deyildi.

Hazırda ermənilərin yaşadıqları ərazinin özü Azərbaycanın qədim ərazisidir. Bunu erməni alimlərinin, salnaməçilərinin, şair və yazıçılarının, tarixçilərinin də beyinləri zəhərlənməmiş nümayəndələri də təsdiq etmişlər və indi də edirlər. Amma arını arxasına atıb namusunu İrəvan konyakı ilə yeyən solovyovlar aldıqları tapşırıqlara əsasən belə çərənləməlidirlər. “Solovey” Solovyovun mövqeyi və həyasızlıqlarının kökü məlum.

Əsas olan odur ki, Solovyov Rusiyanın dövlət telekanalında bu şəkildə cikkildəməklə ən əvvəl rəsmi Moskvanın Azərbaycana, onun ayrılmaz tərkib hissəsi kimi Qarabağa münasibətini ortaya qoyub. Bəlli olur ki, Kremldəki ermənipərəst məmurlar hələ də ərazi bütövlüyümüzü ildırım sürəti ilə bərpa etməyimizi, separatçıların əsas qahmarı olan Rusiya hərbi kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılmasını həzm edə bilmirlər.

Unutmuruq ki, Rusiya rəsmiləri hər vaxt  yeri gəldi-gəlmədi Nikol Paşinyanı “Dağlıq Qarabağı” Azərbaycan ərazisi tanıdığı üçün nifrətlə ittiham edir, bununla erməni xalqına guya xəyanət etdiyini bildirirlər.

Qarabağın əzəli sahibinə qayıtması ilə ağalarının Cənubi Qafqazı qarışdırmaq, sərvətlərinə şərik çıxmaq, Azərbaycan və Ermənistanı daim nəzarətdə saxlamaq üçün çox mühüm bir rıçaqı əldən çıxıb. Solovyov kimi imperiya nökərlərini yandırıb-yaxan da budur. Xalqların  ayağa qalxıb öz talelərinin sahibi olmaq üçün azadlıq mübarizəsi aparmaları onların haqqıdır. Xalqların müqəddəs dini kitablarında, qanunlarında başqa xalqları qırıb ərazisini əlindən almaq maddəsi yoxdur. Yarırus, yarıyəhudi hesab edilən Solovyov bəs azad insanları öz evində, yurdunda, ölkəsində qətl etməyi haradan, kimdən öyrənib? Ağalarının ssenarisi və hərbi dəstəyi ilə törədilən Xocalı, Ağdaban, Qaradağlı, Cəmilli, Meşəli, Bağanis Ayrım faciələri, axıdılan qan çayları bunları doyurmur.  Bu cinayətlər “İncil”də, “Tövrat”da ağır günah sayılır və lənətlənir. Belə çıxır ki, heç bir dini müqəddəs saymayan Kreml bayquşu imperiyanın qan tökmək, ev yıxmaq  kimi cinayətkar  ideologiyasını qəbul edib.

Bu dünyanın vicdan, o biri dünyanın cəhənnəm əzabı isə Vladimir Solovyovu gorda da incidəcək.

Vəli İlyasov, “İki sahil”