29 oktyabr 2026 11:30
158

Azərbaycanın turizm sektoru: Qlobal çağırışlar fonunda yeni hədəflər

Son illərdə ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu sahənin hüquqi və institusional bazası möhkəmləndirilib, turizm infrastrukturunun genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, regionların turizm potensialının üzə çıxarılması və ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin davamı olaraq turizm sektorunun qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyənləşdirən yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin avqust ayında "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin uzunmüddətli və sistemli inkişafına dövlət səviyyəsində verilən önəmin göstəricisidir. Proqramın icrası nəticəsində Azərbaycanın turizm sahəsinin regional və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi, müxtəlif növlər üzrə keyfiyyətli turizm təcrübəsi təqdim edən müəyyən coğrafi ərazidə yerləşmə, nəqliyyat, infrastruktur, əyləncə və digər xidmətlərin vahid şəkildə göstərildiyi turizm destinasiyasına çevrilməsi, bu sektorun ÜDM-in artımına, məşğulluğa və qeyri-neft-qaz ixracına töhfəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulub.

Bu da faktdır ki, son bir neçə ildə dünyanın bir çox bölgələrində, xüsusilə də Yaxın Şərq regionunda bitmək bilməyən münaqişələr turizm sektorunda da durğunluğa səbəb olub. Bu mənfi meyil cari ildə də davam edir. Ötən dövr ərzində yüksək inflyasiya, resessiya əlamətləri və aviasiya yanacağının qiymətində görünməmiş artım müşahidə olunur. Bütün bunlar aviabiletlərin qlobal miqyasda bahalaşmasına gətirib çıxarır və dünya ölkələrində olduğu kimi, Azərbaycanda da rekreasiya sektoruna təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında dünyanın 191 ölkəsindən Azərbaycana 1,832 milyona yaxın qonaq gəlib ki, bu da ötən ilin üç rübünün göstəricilərindən 6 faiz azdır. Bununla yanaşı, həmin göstərici gəliş coğrafiyasına görə nəzərəçarpan dərəcədə fərqlənir: Fars körfəzi ölkələrindən gələn turistlərin sayı 32 faiz azaldığı halda, Avropa İttifaqı ölkələrindən 6,1 faiz, MDB-dən isə 4,3 faiz artıb. Mərkəzi Asiya dövlətlərindən gələn səyahətçilərin artım dinamikası isə 12,3 faiz təşkil edib.

Bununla belə, ölkəyə gələn turist seqmentindəki azalmanı dəf etmək zərurəti operativ gündəlikdə qalmaqdadır. Turizm sektorunda həyata keçirilən dəyişikliklərdən Prezident İlham Əliyevin Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveys ilə bu günlərdə keçirilən görüşündə də bəhs olunub. Görüşdə ölkəmiz ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib və gələcək tərəfdaşlığın istiqamətləri müəyyənləşdirilib. Turizm sahəsinə dövlət dəstəyinə və ölkəmizin regionlarında müasir infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu addımlar təhlükəsizlik və sabitliklə yanaşı, Azərbaycanın xarici səyahətçilər üçün cəlbediciliyini artırır.

Beynəlxalq turizm indekslərində də qeyd olunduğu kimi, Azərbaycan dünyada ən təhlükəsiz və sabit ölkələrdən biridir. Turistlər üçün gecə-gündüz təhlükəsiz gəzinti və istirahət imkanlarının olması əsas seçim meyarlarından biridir. Ölkədəki ictimai-siyasi sabitliklə yanaşı, xalqımızın zəngin qonaqpərvərlik ənənəsi də gələn qonaqlarda müsbət təəssürat yaradır.

Qeyd etmək lazımdır ki, turizm destinasiyalarının inkişafı, mövcud olanların təkmilləşdirilməsi və regionlarda profilli infrastrukturun tikintisini sürətləndirmək üçün investisiyaların cəlb edilməsi yeni Dövlət Proqramının əsas hədəflərindən biri kimi göstərilib. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas səyləri də məhz bu istiqamətlərə yönəldilib. Xüsusilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu günlərdə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında bildirib ki, turizm iqtisadiyyatın digər bir çox sahələrinə güclü təsir göstərən investisiya sektorudur. 2025-ci ildə turizmlə bağlı fəaliyyət əlavə dəyər şəklində təxminən 7 milyard manat gəlir gətirib, sektorun ölkə iqtisadiyyatındaki payı isə pandemiyadan əvvəlki səviyyəni üstələyərək təxminən 5,4 faizə çatıb.

Xatırladaq ki, Dövlət Proqramının prioritetləri sırasına üç yeni turizm və rekreasiya zonasının, onların hüdudlarında ən azı üç turizm mərkəzinin yaradılması və inkişaf üzrə baş planların hazırlanması daxil edilib. Azərbaycanda, həmçinin “Böyük İpək Yolu” turizm məhsulunun, daha səkkiz mədəni turizm məhsulunun işlənib hazırlanması, regionlarda bir sıra festivalların keçirilməsi planlaşdırılır. Digər mühüm istiqamət - sağlamlıq turizmi üzrə strategiya və fəaliyyət planının hazırlanmasıdır ki, burada da regional infrastruktura investisiyalar prioritet kimi müəyyən olunub. Bu baxımdan perspektivli istiqamətlərdən biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində rekreasiya potensialının inkişaf etdirilməsidir. Bunun üçün Dövlət Proqramı ilə Qarabağ regionunda nəqliyyat, mehmanxana, xidmət və digər turizm infrastrukturunun mərhələli şəkildə formalaşdırılması nəzərdə tutulur. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmidin qeyd etdiyi kimi: “Qarabağ Azərbaycanın turizm sahəsinin inkişafı üçün böyük potensiala malikdir. Bütövlükdə, regionların inkişafı turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır və bu, yeni dördillik Dövlət Proqramında öz əksini tapıb”.

Beləliklə, tamamilə aydındır ki, Dövlət Proqramının icrası çərçivəsində 2026-2030-cu illərdə rekreasiya sektoruna yatırılacaq əsas investisiya axını regionlara yönəldiləcək. Regionlar xarici qonaqların ölkəmizə cəlb edilməsi üçün yeni effektiv bazaya çevrilməli və bu sektorun gəlirlərini artırmalıdır. Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik olan sahələrdə əlavə dəyərin real artımını 40 faiz səviyyəsində təmin etməyi hədəfləyib. Həmçinin sözügedən sənədə əsasən, həmin ilə qədər turizm sektorunda əlavə dəyərin 12,2 milyard manata çatdırılması planlaşdırılır.

Sevinc Azadi, “İki sahil”