20 iyun 2025 12:04
220

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik, inkişaf və qardaşlıq rəmzidir

“Dövlət başçısı İlham Əliyev iyunun 19-da qardaş Türkiyəyə işgüzar səfər etdi. Bu səfər Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun növbəti təqdimatı oldu. Reallıq budur ki, “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də uğurla davam etdirir. Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsidir. İki dost, qardaş ölkə yaxşı günlərdə də, çətin günlərdə də bir-birinin yanındadır. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünə nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev hər bir çıxışında qardaş Türkiyənin Vətən müharibəsində ölkəmizə siyasi və mənəvi dəstəyinə diqqəti yönəldərək xalqımızın bunu heç zaman unutmayacağını bildirir. Bu dəstək Azərbaycana əlavə güc verdi. Cənab İlham Əliyev “Azərbaycan” məhəlləsinin açılış mərasimində bir daha vurğuladı ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi siyasi, mənəvi dəstək, həmrəylik, Türkiyə xalqının bizimlə bərabər olması  gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır. Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də  Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha birliyimizin, dostluğumuzun təzahürüdür”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır: “Xüsusən də hər iki ölkənin humanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımı və mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin və sarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib”.

Malik Həsənov diqqəti 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələyə yönəldərək bildirib ki, Azərbaycan dövləti və xalqı dərhal  qardaş ölkənin yanında oldu: “Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. Dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev “Azərbaycan” məhəlləsinin açılışı mərasimində vurğuladı ki, bu məhəllənin yaradılması  çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib. 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Millət vəkili qeyd edib ki, bu günlərdə imzalanmasının 4 ili tamam olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi kimi dəyərləndirilir: “Azad Qarabağın, azad Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi, həmçinin bu torpaqlarda Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalanması qürurumuz, birliyimizin, həmrəyliyimizin sarsılmazlığının təqdimatıdır. İki dost ölkə atdığı hər bir addımı ilə dünyaya qardaşlığın nümunəsini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir. Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bəli, bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq”.

Malik Həsənov bildirib ki, bu layihə təkcə Azərbaycan və Türkiyə arasında deyil, bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmininə töhfə verən nadir nümunəyə çevrilib. Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsinin real və canlı təzahürüdür. “Azərbaycan” məhəlləsini qürur tablomuz kimi dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, dövlət başçısı İlham Əliyevin daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq.

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur: “Bu birlik, həmrəylik sarsılmaz olmaqla yanaşı, regionda sabitliyin, təhlükəsizliyin təminatçısıdır. Dünya bu gün bir daha Azərbaycan və Türkiyənin bir yerdə olduğunun, dostluğun, qardaşlığın əbədiliyinin şahidinə çevrildi. Hər iki dövlət, eyni zamanda, Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Əsrlərə söykənən Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da uğurla inkişaf edərək dostluq, qardaşlıq nümunəsinə yeni əlavələri ilə diqqətdə olacaq”.