Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XX Baş Assambleyası 2028-ci ildə AZƏRTAC-ın ev sahibliyi ilə Azərbaycanda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı qərar təşkilatın Sankt-Peterburq şəhərində baş tutan XIX Baş Assambleyasında səsvermə yolu ilə qəbul edilib.
İclasda üzv agentliklər OANA-nın 2025-2028-ci illərdə sədri vəzifəsinə yekdilliklə TASS agentliyinin lehinə səs veriblər. Təşkilatın sədri TASS-ın baş direktoru Andrey Kondraşov, baş katibi isə baş direktorun birinci müavini Mixail Qusman seçiliblər.
Eyni zamanda, OANA-nın İcraiyyə Komitəsinin yeni tərkibi formalaşdırılıb. İRNA (İran), Yonhap (Koreya Respublikası), AZƏRTAC (Azərbaycan), Anadolu (Türkiyə) və Sinxua (Çin) agentlikləri təşkilatın vitse-prezidentləri, Antara (İndoneziya), Bernama (Malayziya), QNA (Qətər), BNA (Bəhreyn), Kyodo (Yaponiya) və VNA (Vyetnam) isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Həmçinin Texniki komitəyə Omanın ONA, Etika komitəsinə isə Pakistanın APP agentlikləri rəhbərlik edəcək.
Qeyd edək ki, 2022-2025-ci illərdə OANA-ya İranın İRNA agentliyi sədrlik edib.
Baş Assambleyada feyk xəbərlər və dezinformasiya ilə mübarizə yolları, süni intellektin kontent hazırlanmasında tətbiqi kimi məsələlər müzakirə olunub. Rusiya XİN-in kommunikasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova, Yonhap və Kyodo agentliklərinin nümayəndələri mövzular ətrafında çıxışlar ediblər.