20 iyun 2025 21:36
96

Kahramanmaraşda “Bir millət, iki dövlət” fəlsəfəsinin heyrəti tarixi heyrət oldu

Azərbaycanla Türkiyə arasında münasibətlər təkcə iki dövlət arasında rəsmi münasibətlərlə məhdudlaşmır. Bu iki dövlət qardaş dövlətdir, közü közünə, sözü sözünə söykək olan dövlətdir. Türkiyədə meşə yanğınları olanda Azərbaycan bu faciəni özündə olmuş kimi yaşadı. Türkiyəyə ilk qardaşlıq köməyini Azərbaycan yetirdi. 

2023-cü il fevralın 6-da dəhşətli zəlzələ olanda da Azərbaycan Türkiyənin yanında oldu. O ağır, o çətin günlərdə Azərbaycanlı xilasedicilər də köməyə ilkin yetirənlərin sırasındaydı. Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycandan mindən çox heyət, o cümlədən axtarış-xilasedicilər, həkimlər Türkiyənin zəlzələ bölgələrinə göndərildi. Xalq da köməyini əsirgəmədi. Yüzlərlə könüllü də zəlzələ zonasına getməkdə qərarlı oldu. 

Əhali könüllü şəkildə gücü çatanı, imkanı olanı, özünün ehtiyatını yardım məntəqələrinə gətiridi, zəlzələdən zərər çəkənlərə göndərirdi. Bütün humanitar missiyalarda olduğu kimi, bu təbii fəlakət zamanı da Heydər Əliyev Fondu onda da təşəbbüskarlığı, təşkilatçılığı, mənəvi borcödəmə missiyası ilə Mehriban xanım Əliyevanın göstərişlərini yüksək səviyyədə yerinə yetirdi. Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza müraciətinə cavab olaraq Bakıda yardım kampaniyası başladı. Zəlzələ zonasında nəyə ehtiyac olardısa, təxirəsalınmadan toplandı, Türkiyəyə yola salındı.

Azərbaycan zəlzələnin fəsadlarının aradan qaldırılmasında da yaxından iştirak etdi. İki il ərzində Kahramanmaraşda, ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivində Azərbaycanın dəstəyilə 68 yaşayış binasından əlavə, məktəb, uşaq bağçası, mədəniyyət evi inşa olundu. İyunun 19-da Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində bir daha qardaşlığımızın sarsılmazlığını bildirdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə dedi: “Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərdi. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.

Azərbaycan Türkiyədə quruculuq işlərində olduqca fəal iştirak etdi. Kahramanmaraşda Azərbaycan adı min illərlə anılacaq tarix oldu: şəhərdə Azərbaycan məhəlləsi salındı. Belə bir təşəbbüs də, təşəbbüsün gerçəkləşdirilməsi də tarixə tarixi bir hesabat oldu: Biz qardaşıq! Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da həmişə Türkiyənin yanındadır! 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycanın qardaşlıq hədiyyəsi haqqında  dedi ki, bu məhəllənin yaradılması çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib. 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var. Mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də bir-birmizin yanındayıq. Bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında  önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Açılış mərasimi tarixi fikirlərlə, tarixi qürurlarla yadda qaldı. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Kahramanmaraşda yerinə yetirdiyi missiyanın qüruru ilə “Azərbaycan” məhəlləsini qürur tablosu kimi dəyərləndirərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd apardığı, özünə heyran qoyacaq bir əsər olacaq. 

Bu qürur qardaşlığa qardaş sevgisinin qürurudur. Bu həsəd qardaş həsədi olacaq. Bu heyranlıq “Bir millət, iki dövlət” fəlsəfəsinin heyrəti kimi dərk edildi, belə dərk ediləcək!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı