22 iyun 2025 08:57
139

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” beynəlxalq turnirinə hazırlaşırlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri növbəti dəfə Bakıda keçiriləcək “III Gimnastika hamı üçün” beynəlxalq “Challenge” turnirində iştirak edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, müəssisənin yarışda iştirak edəcək sakinləri üçün mütəxəssislər tərəfindən intensiv məşqlər təşkil edilir. Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra edirlər.

Ahılların proqrama uyğun hazırlaşması və turnirdə fərqlənmələri məqsədilə keçirilən məşqləri SSRİ idman ustası Rəna Manafova aparır. Ahıllar artıq bir neçə ildir yarışda iştirak edirlər. Bu turnirdə onlar 10 nəfərdən ibarət komanda ilə təmsil olunacaqlar.

Xatırladaq ki, iyunun 28-29-da Dənizkənarı Milli Parkda təşkil olunacaq “Challenge”də 5 müxtəlif ölkənin 54 komandasının iştirakı gözlənilir. İştirakçılar iki yaş kateqoriyası (50 yaşdan aşağı və 50 yaşdan yuxarı) üzrə proqramlarda çıxış edəcəklər. Tədbir ustad dərsləri, komandaların rəngarəng çıxışları və əyləncə proqramlarından ibarət olacaq. Turnirin məqsədi ahıl şəxslərin fiziki aktivliyini artırmaq, onların sosial həyata inteqrasiyasını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.