24 iyun 2025 00:58
129

İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və qorxu deyil…

İslamofobiya əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bu gün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər. Bütün bu baş verən neqativ halların fonunda müsəlmanların cəmiyyətdən xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrət hissinə nəyin səbəb olması gün işığı kimi aşkara çıxmaqdadır.

İslamofobiya dövrümüzün narahatedici reallıqlarından biri, ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətlərində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur. Politoloq Fərid Şəfiyev qeyd edir ki, islamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur.

Bu gün Qərbdə, necə deyərlər, meydan sulayan islamofobiya ilə mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımların atılması çox vacibdir. Qeyd edək ki, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü hər il martin 15-də qeyd olunur. Bu günün təsis olunması ilə bağlı qərar ilk dəfə 2020-ci il noyabrın 27-28-də Niger Respublikasının Niamay şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilib. BMT-nin Baş Assambleyası isə 2022-ci ildə 15 mart tarixini rəsmi olaraq Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.

Azərbaycan daim islamofobiya ilə üzləşən, bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilib, etnik təmizləmə aparılıb   və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ölkəmizin başçısının bildrdiyi kimi, ərazilərimizdə milyona yaxın mina basdırılıb, urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.

Prezident İlham Əliyev Bakıda 2025-ci il mayın 26 da 40-a yaxın ölkədən alimlərin, beynəlxalq təşkilatların ekspertlərin, din xadimlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, islamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir: “Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar”.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci il iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasındakı çıxışında dünyada artan islamofobiya meyillərinin narahatlıq doğurduğunu, Azərbaycanın bu təhdidlərin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyini və islamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyini vurğulayıb. O, həmçinin Qəzzada mövcud humanitar vəziyyətə toxunub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb. C.Bayramov eləcə də Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirən hərbi əməliyyatların narahatlıq doğurduğunu, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyini bildirirək, ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyini  2025-ci il mayın mayın 10-da əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti qeyd edib, Suriyada mövcud humanitar vəziyyətdən bəhs edərək, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın islamofobiyaya qarşı mübarizədə tutduğu öncül mövqe daim beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef Məhəmməd Aldobeay bildirib ki, Azərbaycan bu istiqamətdə daim prinsipial və ardıcıl mövqe sərgiləyir. O, qeyd edib ki, rəsmi Bakı beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində apardığı işlər islamofobiyaya qarşı qlobal həmrəyliyin formalaşmasına mühüm töhfə verir.  Xüsusilə, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək, ictimai rəy yaratmaq və dini ayrı-seçkiliyin fəsadlarını ifşa etmək baxımından görülən işlər olduqca dəyərlidir.

Zahid Rza, “İki sahil”