24 iyun 2025 00:27
130

Regionların tərəqqisi sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

Dövlət başçısı İlham Əliyevin Yevlax və Goranboy rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi, görülmüş işlərlə tanış olduğu sosial obyektlərə diqqət yetirdikdə vətəndaş məmnunluğunun prioritetliyi bir daha təsdiqlənir   

Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bölgələrin inkişafına kompleks yanaşmanı regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarından da görə bilərik. Son illərin statistikasına diqqət yetirsək görərik ki, Azərbaycan Prezidenti hər il işğaldan azad edilmiş ərazilərdən əlavə təqribən ondan artıq  rayona səfərlər həyata keçirir, müxtəlif obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edir, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olur. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara diqqət və qayğının nəticəsidir ki, ötən 21 ildən artıq dövrdə 3 mindən çox məktəb binası, 800-ə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox Olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu və sadalamadığımız digər faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış Proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır.

Dövlət başçısı İlham Əliyev ötən ilin  7 fevral tarixində  prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, əlbəttə, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir.

Onu da qeyd edək ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar həcmində investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.

Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. Yeni iş yerlərinin yaradılması qarşıya prioritet məsələ kimi qoyulub. Ölkə Prezidenti bildirir ki, yeni iş yerlərinin yaradılması daimi prosesdir. Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürən cənab İlham Əliyev  bu çağırışı da  etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır.

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq səviyyədə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev görülən işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq regionlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyi daha məqsədəuyğun hesab edir. Regionların inkişafı, eyni zamanda, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilir. Yaradılan şərait bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş təkan verir. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional inkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı platformasının bir hissəsi idi. Cənab İlham Əliyev həmin vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional inkişaf proqramları qəbul olundu və uğurla icra edildi.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi şərtləndirir.

Hazırda qeyri-neft sektorunun inkişafı əsas prioritetlər sırasındadır. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

İyunun 23-də Yevlax rayonunda  səfərdə olan dövlət başçısı İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində,  Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış oldu, Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının  açılışında iştirak etdi. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında qeyd edildi ki, “Yevlax” qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi. Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən “Varvara” Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Ümumilikdə  son beş ildə "AzərEnerji" ASC tərəfindən  47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğunda yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilən ərazilərdə tikilən su elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır. Ümumilikdə son illərdə görülən işlər nəticəsində hər kilovat-saata görə sərf edilən şərti yanacaq 284 qramdan 252 qrama düşüb, 2,8 milyard kubmetr təbii qaza qənaət edilib, 1 milyon ton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Cənab İlham Əliyev, eyni zamanda, Goranboy rayonuna səfəri zamanı  rayonda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi. Gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Əvvəldə də qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir zamanda paralel olaraq digər bölgələrin də sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində addımların atılması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə Prezidentinin bildirdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd edir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir. 

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun yüksəldilməsi dayanır. Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının yüksək səviyyədə qorunması və təmin edilməsi üçün möhkəm baza mövcuddur. İqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı, rəqabətli iqtisadiyyatını formalaşdırılması olacaqdır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir.

Prezident İlham Əliyevin bölgələrin inkişafının priortetliyini irəçli sürməklə yanaşı, son 21 ildə bu istiqamətdə atdığı real addımların  nəticəsi 4 Dövlət Proqramının irasının uğurla başa çatmasıdır. Artıq tarix Zəfərimiz yeni Dövlət Proqramının qəbulu bir zərurət kimi qarşıya qoyduğundan kompleks şəkildə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi  və uğurla icra edilir.

Yeganə Əliyeva, «İki sahil»