Bu gün Azərbaycan hər iki missiyasını uğurla yerinə yetirir
Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki rolu və qaz sənayesində əldə etdiyi uğurlar Avropanın enerji tədarükündəki strateji əhəmiyyətini daha da artırır. Bu çərçivədə Cənub Qaz Dəhlizi (SGC) Azərbaycanın qazını Avropa bazarlarına çatdırmaqda əsas rol oynayır. Yeni layihələrin həyata keçirilməsi bu dəhlizin əhəmiyyətini gücləndirərək, ölkənin qlobal enerji bazarındakı mövqeyini möhkəmləndirəcək. SGC-nin genişlənməsi regiondakı əməkdaşlıq imkanlarını da artırır. Xüsusilə, Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq bu dəhlizin əsas komponentlərindən biridir. Yeni qaz yataqlarından hasil olunan qazın bu dəhliz vasitəsilə nəqli Azərbaycanın iqtisadi gəlirlərini artırmaqla yanaşı, regiona geosiyasi təsir gücünü də yüksəldir. 2024-cü ildə Azərbaycan və Türkiyə arasında qaz tədarükü sahəsində bir sıra strateji sazişlər imzalanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti arasında əldə olunan beş müqavilə bu əməkdaşlığın dərinləşdirilməsi məqsədini daşıyır. Bu sazişlər 2024-cü ilin may ayında imzalanmış “Təbii qaz sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanır. Razılaşmaların nəticəsi olaraq Azərbaycan qazı Türkiyə üzərindən Avropaya və Naxçıvana nəql ediləcək, Türkmənistan qazı Azərbaycan və İran vasitəsilə Türkiyə bazarına çıxarılacaq, “Azerbaijan Gas Supply Company Limited” (AGSC) və BOTAŞ arasında Azərbaycan qazının Türkiyəyə tədarükü üzrə müqavilə 2030-cu ilin sonuna qədər uzadılıb. Ötən il Azərbaycanın qaz sənayesində ən mühüm hadisələrdən biri “Şahdəniz” yatağında hasilatın pik həddə çatması olub. Yatağın gündəlik hasilat gücü təqribən 80,7 milyon kubmetr (illik 29,5 milyard kubmetr) təşkil edib. “Şahdəniz” layihəsinin texniki operatoru BP, 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında qazma işlərini davam etdirməyi planlaşdırır.
Hazırda SOCAR qaz ixracını genişləndirərək 12 ölkəyə - Slovakiya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniyaya təbii qaz tədarük edir. Azərbaycan qazının həcminin artması və Avropa ölkələrində yanacaq əldə edən ölkələrin sayının genişlənməsi Cənub Qaz Dəhlizi konsorsimunu Transadriatik qaz kəmərinin (TAP) genişləndirilməsi üçün dayanmadan tədbirlər görməyə vadar edir. Çünki yaxın 5 ildə qazın nəql həcmləri 10 milyard kubmetrə qədər artacaq ki, bu da TAP və nəql zəncirindəki ötürmə infrastrukturlarının gücləndirilməsini tələb edir. TAP-ın genişləndirmə layihəsinin ilk mərhələsi yekunlaşdıqdan sonra ikinci fazaya start veriləcək. 2027-ci ildə nəzərdə tutulan bu genişləndirmə mərhələsinin tamalanmasından sonra isə kəmərin gücü rekord həcmlərdə - ən azı 25 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. TAP-ın Avropa İttifaqı ölkələrinə qaz tədarükünün artırılması imkanlarının genişləndirilməsində qiymətləndirmə və proqnozlaşdırma planı hazırlayan “REPowerEU”nun ehtimallarına görə, 2030-cu ilə qədər kəmərin hazırkı nominal ötürücülük qabiliyyəti ən azı 10 milyard kubmetr artacaq. Kəmərin ötürücülük gücünün artmasında əsas mənbə “Şahdəniz” yatağından əldə edilən qaz olacaq. Mövcud resursların qiymətləndirilməsinə əsasən, növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Mütəxəssislərin apardıqları kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqının qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır.
Azərbaycanın qaz sənayesindəki strateji addımları təkcə iqtisadi artımı təmin etmir, həm də Avropa və qonşu regionlar üçün etibarlı qaz tədarükçüsü kimi mövqeyini gücləndirir. Prezident İlham Əliyev bu sahədəki prioritetləri vurğulayaraq, ölkənin enerji potensialının həm hasilat artımı, həm də geosiyasi təsir vasitəsi kimi səmərəli istifadə olunacağını qeyd edir. Dövlət başçısı Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin əlavə edib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.
Avropa daha çox Azərbaycan qazını almaq istəyirsə, öz öhdəsinə düşən vəzifələri icra etməli və ölkəmizlə əməkdaşlığının dərinləşdirlməsi istiqamətində addımlar atmalıdır. Xatırladaq ki, Avropa Komissiyası 2022-ci ildə Azərbaycana müraciət edərək Rusiya qazının azalmasını kompensasiya etmək məqsədilə qaz tədarükünün artırılmasını xahiş etmişdi. Azərbaycan bu çağırışa operativ cavab verərək Avropa İttifaqı ilə memorandum imzaladı. Bu memorandum ölkəmizin Avropa bazarına qaz tədarükünü ikiqat artırmaq məqsədilə əhəmiyyətli imkanlar yaratdı. "Həmrəylik halqası" layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan (Dövlət Neft Şirkəti) ilə Bolqarıstan ("Bulgartransgaz"), Rumıniya ("Transgaz"), Macarıstan (FGSZ) və Slovakiyanın ("Eustream") qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə tədarüklər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Beləliklə, Azərbaycandan Slovakiyaya daha çox qaz nəql olunacaq. Ümumiyyətlə, Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Xatırladaq ki, Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş Azərbaycan 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna səkkiz milyard kubmetr, 2022-ci ildə on bir milyard kubmetrdən çox qaz ixrac edib. Növbəti illərdə bu göstərici daha yüksək rəqəmlərlə ifadə edilib.
Sevinc Azadi, “İki sahil”