25 aprel 2026 15:24
267

Azərbaycan-Ukrayna münasibətlərində əsas istiqamətlərdən biri humanitar əməkdaşlıqdır - EKSPERT ŞƏRH EDİR

Suverenliyə hörmət, qarşılıqlı maraqlar və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanan tərəfdaşlıq modeli diqqət çəkir

Azərbaycan ilə Ukrayna arasında münasibətlər son illərdə yeni məzmun qazanaraq humanitar, iqtisadi və siyasi-praktik istiqamətlər üzrə daha sistemli xarakter alıb. Məlum olduğu kimi müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələr yalnız diplomatik təmaslarla deyil, eyni zamanda qarşılıqlı fayda, humanitar həmrəylik və xalqlar arasında etimad üzərində formalaşır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-Ukrayna münasibətləri suverenliyə hörmət, qarşılıqlı maraqlar və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanan tərəfdaşlıq modeli kimi diqqət çəkir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri də əlaqələrin yeni mərhələyə keçidi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Heç şübhəsiz ki, ikitərəfli münasibətlərdə əsas istiqamətlərdən biri humanitar əməkdaşlıqdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Politoloq bildirdi ki,  Azərbaycan müharibə və böhran şəraitində olan ölkələrə dəstək göstərilməsi siyasətini ardıcıl şəkildə həyata keçirir. Bunun əsasında Azərbaycanın uzun illər işğal, məcburi köçkünlük və humanitar çətinliklərlə üzləşməsi dayanır. Bu səbəbdən ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının təşkili, psixoloji dəstək layihələrinin icrası və sosial adaptasiya tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, ukraynalı tələbələr üçün bərpa və psixososial dəstək proqramlarının nəzərdə tutulması insan kapitalına yönəlmiş əməkdaşlığın genişləndiyini göstərən mühüm hadisədir. Digər tərəfdən isə Azərbaycanın Ukraynaya enerji infrastrukturu istiqamətində göstərdiyi yardım da xüsusi diqqətəlayiqdir. Müharibə şəraitində enerji obyektlərinə zərbələr nəticəsində sosial infrastruktur ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə Azərbaycanın generatorlar və texniki avadanlıqlar göndərməsi sırf humanitar xarakter daşıyan mühüm addımdır. Bu dəstək xəstəxanaların, məktəblərin və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinin davamlılığına xidmət edir.

Ekspert qeyd etdi ki, əlaqələrin mühüm dayaqlarından biri də cəmiyyətlərarası münasibətlərdir. Ukraynada yaşayan Azərbaycan diasporu iqtisadi, mədəni və ictimai sahələrdə fəal rol oynayaraq xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir. Diaspor təşkilatları biznes əlaqələrinin genişlənməsi və mədəni körpülərin qurulması baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın Ukrayna ilə əməkdaşlıq edə biləcəyi perspektiv sahələrdən biri də mina təhlükəsizliyidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı mina təmizləmə prosesi Azərbaycanda bu sahədə ciddi institusional təcrübə formalaşdırıb. Müasir texnologiyalar, pilotsuz sistemlər, xəritələşdirmə və təhlükəsizlik prosedurları üzrə əldə olunmuş bilik gələcəkdə Ukrayna üçün də faydalı ola bilər. Siyasi müstəvidə isə Azərbaycan xarici siyasətini milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xətt üzrə həyata keçirir. Ölkəmiz bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini dəfələrlə bəyan edib. Azərbaycan Ukrayna–Rusiya münaqişəsinin danışıqlar və siyasi dialoq yolu ilə həllini dəstəkləyir. Bu mövqe ölkəmizin beynəlxalq hüquqa əsaslanan prinsipial siyasətinin aydın təzahürüdür. 

Nəticə etibarilə, Azərbaycan–Ukrayna münasibətləri emosional yanaşmadan deyil, strateji praqmatizm və qarşılıqlı maraqlardan qaynaqlanır. Humanitar dəstək, iqtisadi əməkdaşlıq, siyasi balans və beynəlxalq hüquqa hörmət bu münasibətlərin əsas sütunlarıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”