26 iyun 2025 00:15
140

ÜDM-in artımında hansı sektorun payı daha çoxdur?

2025-ci ilin yanvar-may aylarında respublikamızda 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu rəqəm və faktlar Dövlət Statistika Komitəsinin mətbuat üçün açıqlamasında yer alıb. Bildirilir ki, ölkə iqtisadiyyatının  neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,9 faiz çoxalıb. ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət, 7 faizi nəqliyyat, 6,2 faizi tikinti, 4 faizi kənd təsərrüfatı, 2,8 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata çatıb.

O da qeyd olunur ki, hesabat dövründə ÜDM-in artımını qeyri-neft-qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri- neft-qaz sektoru təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

Bəs qeyri- neft-qaz sektorunun aparıcı sahəsi olan  sənayedə artım hansı səviyyədə olub? Bildirilir ki, cari ilin 5 ayında bu sahədə məhsul istehsalı 6,4 faiz çoxalıb. Ona görə ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu da sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, eləcə də bu sahədə ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər isə sözügedən sektorda əsas növ malların istehsalının getdikcə artmasına səbəb olur.

Azərbaycanda qeyri-neft sənayesi müəssisələrinin yaradılması dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi xüsusi aktuallıq kəsb edir. Yerli xammal hesabına ölkənin qeyri-neft sənayesində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalı üçün isə imkanlar olduqca genişdir. Bu baxımdan son illər yaradılmış sənaye parkları və məhəllələri müstəsna rol oynayır. Təsadüfi deyil ki, sözügedən zonalarda yüksək texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr ölkənin sənaye potensialının artmasında, ixracyönümlü məhsulların istehsalında mühüm yer tutur.

2025-ci ilin  yanvar-may aylarında ölkənin sənaye müəssisələrində 26 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı neft-qaz sektorunda 2,8 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 6,4 faiz çoxalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 62,2 faizi mədənçıxarma, 31 faizi emal, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faizə yüksəlib. Ümumi istehsalın 88,9 faizi sənaye məhsullarının istehsalı, 11,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2025-ci il vəziyyətinə 835 milyon manatlıq hazır məhsul var. Ehtiyatların 51,3 faizi Bakı, 13,6 faizi Sumqayıt, 3,9 faizi Gəncə, 0,7 faizi Şirvan şəhərlərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 107,3 milyon manat məbləğində digər məhsullar da mövcuddur.

Rəqəmlərdən də göründüyü kimi, bu ilin ilk 5 ayı da ölkə iqtisadiyyatının inkişaf dövrü kimi xarakterizə olunur. Təbii ki, bu inkişafın davamlı olması üçün iqtisadiyytda şəffaflıq əsas şərtdir.

Elçin Zaman, «İki sahil»