29 iyun 2025 16:21
291

Şovinizm Rusiyada dövlət siyasətinin strukturlaşmış formasıdır və onun əsasında Putinin formalaşdırdığı siyasi kurs dayanır - RƏY

İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində bir neçə həmvətənimizin həlak olması, bir neçəsinin ağır xəsarət alması və 9 nəfərin saxlanılması Azərbaycan ictimaiyyətində dərin narazılıq və ciddi etirazla qarşılanıb. Rusiya dövlətinin əli ilə törədilən, Stalin dövründən olanlardan da daha pisini xatırladan və heç bir hüquqi zəmini olmayan bu hadisəyə hansı tərəfdən baxsaq haqq qazandırmaq mümkün deyil. Rusiya Azərbaycanın müstqəil siyasətini həzm edə bilmədiyindən ölkəmizə qarşı təzyiqlərini artırmağa çalışır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlərin bariz nümunəsidir. Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq narkotik alveri, terrorçuluğa dəstək kimi ağır ittihamlarla üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, bütün iri şəhərlərində müşahidə olunur.

Məsələni “İki sahil”ə dəyərləndirən  “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirdi ki, hüquq-mühafizə orqanlarının vəzifəsi vətəndaşların təhlükəsizliyini təmin etmək olduğu halda, Rusiyada bu cür zorakı basqınlar, insanlara qarşı tətbiq edilən təhqir, zorakılıq və hətta öldürmə halları ciddi suallar doğurur. Belə hadisələr Rusiya daxilində hüququn aliliyindən deyil, daha çox "cəngəllik qanunları" ilə idarə olunan bir rejimin mövcudluğundan xəbər verir. Təəssüf ki, bu cür praktikanın əsasında Rusiya rəhbərliyinin – xüsusilə Prezident Vladimir Putinin – formalaşdırdığı siyasi kurs dayanır.

Onun sözlərinə görə hazırda Rusiyada azərbaycanlılar, özbəklər, qırğızlar, türkmənlər və digər milli azlıqların nümayəndələri etnik, dini və mədəni mənsubiyyətlərinə görə sistemli şəkildə ayrı-seçkiliyə, şovinist və islamofob yanaşmaya məruz qalırlar. Bu, təkcə təsadüfi hallar deyil, dövlət siyasətinin strukturlaşmış formasıdır. Tarix boyu Rusiya imperiyası müxtəlif xalqlara qarşı assimilyasiya və təzyiq siyasəti yürütmüşdür. Bu gün isə həmin siyasət daha sərt və açıq formada, xüsusilə prezident Putinin rəhbərliyi ilə davam etdirilir. Əgər Rusiya slavyan mənşəli və ortaq dini-mədəni bağlara malik Ukrayna xalqına qarşı belə amansız və dağıdıcı siyasət yürüdürsə – Buça faciəsində olduğu kimi insanlıq əleyhinə cinayətlər törədilirsə – digər xalqlara qarşı münasibətin daha da qəddar olması artıq təəccüblü deyil. SSRİ-nin dağılmasından sonra Rusiyada şovinist, islamofob və etnik zəmində nifrət ideologiyası daha da güclənmişdir. Xüsusilə Çeçenistana qarşı aparılan hərbi əməliyyatlar və həyata keçirilən etnik təmizləmə bu siyasətin açıq təzahürüdür. Eyni yanaşma bu gün müxtəlif milli azlıqlara qarşı da tətbiq olunur.

Ekspert qeyd etdi ki, Yekaterinburqda baş verən hadisələr - Rusiya hüquq-mühafizə orqanlarının, xüsusən də OMON-un sərgilədiyi qəddarlıq - bu sistemli diskriminasiyanın növbəti sübutudur. 1990-cı illərdə OMON-un həyata keçirdiyi zorakı əməliyyatlar bu gün artıq daha amansız və hüquqi əsas olmadan icra edilir. Bu gün Rusiyada baş verən hadisələr bəzi hallarda hətta Stalin dövrünün repressiyalarını belə kölgədə qoyur. O dövrdə belə, müəyyən prosedurlar mövcud idi – amma indi insanlar evlərində və ya küçədə, məhkəməsiz, istintaqsız, birbaşa zorakılığa məruz qalırlar və öldürülürlər. Tarix də bu siyasətin davamlılığını sübut edir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı və 30 ilə yaxın davam edən işğalın arxasında da eyni güc – Rusiya dayanırdı. ATƏT-in keçmiş Minsk qrupunun da nəticəsiz fəaliyyətin də günhakaralrında biri də Rusiya olmuşdur. 
Müxtəlif illərdə Azərbaycan ərazilərində törədilmiş sərhəd təxribatları, AZAl təyyarəsinə hava hücumu, Azərbaycan deputatlarının Rusiya ərazisində saxlanılması, eləcə də diplomatik və informasiya müstəvisində həyata keçirilən hibrid müharibə üsulları da bu planlı yanaşmanın tərkib hissəsidir. Bütün bu addımlar Prezident Putinin müəyyən etdiyi siyasi xəttin açıq elementləri kimi qiymətləndirilməlidir.

Yaqut Ağaşahqızı, İki sahil"