01 iyul 2025 10:49
152

TDT iqtisadi güc mərkəzinə çevrilə biləcəkmi?

İki yüz milyondan çox insanın yaşadığı və ümumilikdə 4,8 milyon kvadratkilometr geniş bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq aləmdə tanınan qüdrətli  iqtisadi-siyasi birlikdir.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 2025-ci ilin birinci rübünə dair hazırdadığı hesabatda da bu inkişaf aydın şəkildə təhlil edilir. Hesabata əsasən, qlobal qeyri-müəyyənlik fonunda türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. TDT-yə üzv və müşahidəçi dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası – birgə ÜDM həcmini 593.8 milyard ABŞ dollarına çatdıraraq qlobal iqtisadiyyatın 2.1 faizini təşkil edib.  Orta hesabla 5.04 faiz iqtisadi artım qeydə alan Türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2.3 faizlik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13.1 faiz  Özbəkistan 6.8 faiz ŞKTR 6.4 faiz, Türkmənistan 6.3 faiz, Qazaxıstan 5.6 faiz artım nümayiş etdirib, Türkiyə və Azərbaycan  müvafiq olaraq 2.0 faiz və 0.3 faiz  səviyyəsində mülayim artım əldə edib. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0.2 faiz  müşahidə olunub. 

Cari ildə TDT-yə üzv ölkələr arasında ticarət sahəsində də müsbət göstəricilər qeydə alınıb Belə ki, TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 369.3 milyard ABŞ dollarına çataraq qlobal ticarətin 4.4 faizini  təşkil edib. Bu göstərici TDT ölkələrinin qlobal ÜDM-dəki payından ikiqat çoxdur. Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda ixracın artması müşahidə edilib. Xüsusilə Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə yük axınlarında davamlı artıma nail olublar.

2025-ci ildə istiqamətlər üzrə də göstəricilər də müsbət olub. Belə ki,  Qırğızıstanın kənd təsərrüfatı istehsalı 17 faiz artıb ki, bu da suvarma infrastrukturunun genişləndirilməsi və subsidiyalar hesabına gerçəkləşib. Özbəkistanda ərzaq məhsullarının istehsalı 7.4 faiz artıb, aqro-ixrac genişlənib. Qazaxıstan taxıl ixracını 22 faiz  artıraraq Çin və Türkiyə ilə ərzaq təhlükəsizliyi əməkdaşlığını  genişləndirib.

Sənaye sahəsində Türkiyədə artım əsasən avtomobil və maşınqayırma sektorlarında baş verib. Özbəkistanda yüngül sənaye və tekstil sektorunda ikirəqəmli artım qeydə alınıb. Bu artıma re-eksport fəaliyyəti və xarici investisiyalar töhfə verib. Azərbaycanda qeyri-neft sənayesi 4.1faiz artaraq emal sənayesi və tikinti materialları üzrə inkişafla seçilib. Nəqliyyat və logistika sahəsində də irəliləyişlər olub, Bakı Limanı Orta Dəhliz üzrə konteyner axınını əhəmiyyətli dərəcədə artırıb, Özbəkistan isə yeni multimodal logistika mərkəzi istifadəyə verib. Həmçinin rəqəmsal transformasiya sahəsində də irəliləyişlər müşahidə edilib. Özbəkistan İKT islahatlarını sürətləndirib, Qırğızıstan isə əsas şəhərlərdə «Safe City» sistemlərini pilot mərhələdə tətbiq edib.

Hesabat dövründə Qazaxıstan 7 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib, Türkiyə və Özbəkistan isə sənaye və rəqəmsal sahələrdə əsas investisiya istiqamətləri olaraq qalıb. Qırğızıstan sabit kapitala qoyulan investisiyalarda 90 faizə yaxın artım göstərib, ŞKTR-də bank aktivləri 43 faiz artıb. Qazaxıstanın bank sektorunun aktivləri isə 17 faiz yüksəlib.

Yaşıl və rəqəmsal keçid sahəsində də mühüm addımlar atılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində razılaşdırılmış Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə irəliləyişə nail olublar. Hətta  Azərbaycan və Özbəkistan 2030-2035-ci illərədək  enerji istehsalının 35-40 faizini  bərpa olunan mənbələrdən təmin etməyi qarşıya məqsəd qoyublar.  Qırğızıstanın paytaxtı  Bişkek isə 2025-ci il üçün «Rəqəmsal Paytaxt» elan edilib.

Bütün bu inkişaflara və uğurlu nəticələrə nəzər salanda aydın görünür ki, bütövlükdə, türk dövlətləri strateji dəhlizlər yüksək ticarət intensivliyi və investisiya dinamikası ilə iqtisadi dayanıqlılıq, artan inteqrasiya və investisiya və qlobal dəyər zəncirlərində öz rolunu durmadan genişləndirir. Bir sözlə, görünən odur ki,  TDT-yə üzv ölkələr «Türk Dünyası 2040 Vizyonu» çərçivəsində iqtisadi -ticarət əlaqələrinin gücləndirilməsi və Avrasiya üzrə birləşdirici rolunu artırmaq istiqamətində xeyli iqtisadi potensiala malikdirlər.

Həmçinin TDT-yə üzv ölkələr qlobal kənd təsərrüfatının torpaq ehtiyatlarında 6,1 faiz, o cümlədən əkin sahələrində 3,9 faiz, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2 faiz, kənd təsərrüfatı və emal məhsullarının ixracında isə 2 faiz paya malikdir. Qurum iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını daim diqqətdə saxlayır. Təbii ki, ölkəmiz də bu məsələyə hər zaman həssaslıqla yanaşmaqla türk dövlətlərinin vahid rəqəmsal «aqro-data» platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edir və bu istiqamətdə layihələrin reallaşdırılmasına ciddi töhfələr verir. TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsində isə qarşıya ciddi hədəflər qoyulub.

Azərbaycan bu gün Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində iş davam etdirilir. Eyni zamanda, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Məqsəd yaxın perspektivdə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin  25 milyon tona çatdırmaqdır.

Elçin Zaman, «İki sahil»