Aparat rəhbəri: Milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş məzmunun kəmiyyətcə çoxalması, eyni zamanda, həmin məzmunun keyfiyyət və təsir gücünün artırılması məqsədilə Şura mütəmadi fəaliyyətini davam etdirir
Müasir informasiya cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması təkcə mədəni məsələ deyil, həm də strateji önəm daşıyan ictimai çağırışdır. Azərbaycan Respublikası Audiovizual Şurası bu missiyanı özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirərək, “Media haqqında” Qanuna əsaslanan səlahiyyətləri çərçivəsində milli kimliyin, mədəni irsin və əxlaqi dəyərlərin audiovizual mühitdə qorunmasına xüsusi önəm verir. Şura, bu sahədə sistemli monitorinqlər aparmaqla yanaşı, milli-mənəvi dəyərlərin yayım məkanında möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atır.
Milli-mənəvi dəyərlərin qorunması Şuranın prioritet istiqamətləri arasında hansı yerdə durur?
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov mövzu ilə bağlı “İki sahil”in sorğusuna cavabında qeyd etdi ki, Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Azərbaycan Respublikası Qanununa əsasən audiovizual media sahəsində tənzimləməni həyata keçirən orqandır. Milli-mənəvi dəyərlərin qorunması və təbliği Şuranın fəaliyyətində əsas istiqamətlərdən biri kimi prioritet mövqe tutur. Audiovizual məkanın milli dəyərlərə zidd məzmunlardan qorunması və bu dəyərlərin inkişafına xidmət edən məzmunun (kontentin) təşviqi məqsədilə Şura tərəfindən davamlı fəaliyyət aparılır. Yayımçılar tərəfindən təqdim edilən audiovizual məhsulların “Media haqqında” Qanunun tələblərinə, habelə milli-mənəvi dəyərlərə uyğunluğu Şuranın monitorinq strukturları tərəfindən mütəmadi olaraq izlənilir və “Media haqqında” Qanunun, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun, habelə digər müvafiq normativ aktların tələbləri əsasında qiymətləndirilir.
Fazil Novruzovun sözlərinə görə, “Media haqqında” Qanunun tələblərinə zidd hesab edilən hallarda yayımçılara xəbərdarlıq edilməklə yanaşı, yayımın müvəqqəti olaraq dayandırılması və müvafiq inzibati sanksiya tədbirləri də tətbiq edilir. Bundan başqa, Şura yayımçılarla qarşılıqlı əməkdaşlıq çərçivəsində milli-mənəvi dəyərləri əks etdirən proqramların hazırlanması üçün tövsiyələr verir, zəruri dəstək göstərir və bir sıra layihələr həyata keçirir. Misal kimi 2024-cü ildə Medianın İnkişafı Agentliyi və Şuranın birgə keçirdikləri müsabiqəni göstərmək olar. Müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil, mədəniyyət, milli adət-ənənələr və ailə dəyərləri, gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi, uşaq və gənclərin fiziki və mənəvi inkişafı və sairə mövzular üzrə müxtəlif kanallar üzrə 12 televiziya proqramı qalib olmuşdur. Bundan əlavə, milli ideyanın təbliği, uşaq və gənclərin fiziki və mənəvi inkişafı, gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə 6 sosial videoçarx qalib seçilmişdir. 2024-cü ilin oktyabr ayından indiyədək müsabiqə qalibləri olmuş proqramlar üzrə 352 buraxılış yayımlanmış, habelə həmin 6 sosial videoçarx 800 dəfədən çox müxtəlif kanalların efirində nümayiş olunmuşdur.
Audiovizual Şura milli ideyanın, ailə və mənəviyyat
institutunun qorunmasına yönəlmiş proqram və layihələri dəstəkləməklə,
ictimai şüurun formalaşmasına və milli kimliyin gücləndirilməsinə
əhəmiyyətli töhfə verir
Qurum nümayəndəsi əlavə etdi ki, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş məzmunun kəmiyyətcə çoxalması, eyni zamanda, həmin məzmunun keyfiyyət və təsir gücünün artırılması məqsədilə Şura mütəmadi fəaliyyətini davam etdirir.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği Audiovizual Şuranın fəaliyyətində təkcə mühüm yox, strateji prioritet kimi çıxış edir. Yayımçıların təqdim etdiyi məzmunların qanunvericiliyə və milli dəyərlərə uyğunluğu sistemli şəkildə qiymətləndirilir, zərurət yarandıqda inzibati tədbirlər görülür. Eyni zamanda, dəyərləri təşviq edən proqramların hazırlanması üçün yayımçılara metodik tövsiyələr və praktiki dəstək verilir. 2024-cü ildə keçirilmiş müsabiqənin nəticələri də bu sahədəki fəaliyyətin miqyasını və təsirini əyani şəkildə göstərir. Nəticə etibarilə Audiovizual Şura milli ideyanın, ailə və mənəviyyat institutunun qorunmasına yönəlmiş proqram və layihələri dəstəkləməklə, ictimai şüurun formalaşmasına və milli kimliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verir.
Yaqut Ağaşahqızı, “İki sahil”