03 iyul 2025 01:47
188

Azərbaycan yeni körpülərin qurulmasında əsas aktordur    

Paytaxt Bakımızda, azad edilmiş ərazilərimiz də daxil olmaqla bütün regionlarımızda aparılan  müasir çağırışlara uyğun  yenidənqurma işləri, təkmil islahatlar Azərbaycanın innovasiyalar ölkəsi kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda  2022-ci ildə Polşanın Katovitse şəhərində kecirilən 11-ci sessiyasında videoformatda çıxışı zamanı Azərbaycanın  Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu bildirmiş və belə bir əminliyi ifadə etmişdi ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəyə malik olan ölkəmizdə bu forumun keçirilməsi uğurlu olacaqdır. Şəhərsalma sahəsində Azərbaycanın təcrübəsi yüksək dəyərləndirilərək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının gələn il Bakıda keçirilməsi qərara alındı. Cənab İlham Əliyev sözügedən çıxışında onu da qeyd etmişdi ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq.  Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı  şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Bu reallığı da xüsusi qeyd etməliyik ki, Vətən müharibəsində tarixi Zəfərimizdən sonra  dayanıqlı şəhər inkişafı ölkəmiz üçün  daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Dövlətimizin başçısının bildirdiyi kimi, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədi.

  Hazırda Azərbaycan müasir tarixinin mühüm mərhələsini- azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması prosesini yaşayır. Bu ərazilərdə aparılan işlər  şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Məlum olduğu kimi, məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldı. 2022-ci ilin   may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. İşğaldan azad olunmuş Füzuli, Zəngilan və Laçın şəhərlərində qısa müddətdə beynəlxalq statusa malik olan hava limanlarının istifadəyə verilməsi bərpa-quruculuq işlərinin əsas tərkib hissələrindən biri oldu. Azad edilmiş  şəhərlərimiz Baş plan əsasında bərpa edilirlər. Bu da şəhərsalmanın müasir təcrübəsinin tərkib hissəsidir. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində quruldu. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Şuşa şəhəri ilk sakinlərini qarşıladı. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda  on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Tezliklə ilk «ağıllı şəhər» olan Ağdam  sakinlərinə qovuşan şəhərlərimiz sırasında olacaq.  Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Ümumilikdə, bərpa-yenidənqurma prosesində  hədəf keyfiyyəti və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlər sırasındadır. Məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

   Prezident İlham Əliyev bildirir ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

   Artıq 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə artıq başlanılıb. Dünya Şəhərsalma Forumu şəhərsalma sahəsində ən böyük beynəlxalq tədbirdir. Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış təşkilatı olan UN Habitatdır. Ötən  il Bakıda keçirilən COP29 iqlim konfransında da şəhərsalma mövzusu əsas müzakirə mövzularından biri oldu. Gələcək COP tədbirlərində də bu istiqamətdə işlər davam etdiriləcək. 2026-cı ilin may ayında Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Hazırlıq işləri artıq koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirilir. 13-cü Dünya Şəhərsalma Forumu 2026-cı il mayın 18-22 tarixlərində keçiriləcək.

    Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi ilə liderliyini qoruyur. Belə ki, dünyanın «Ən yaşamalı şəhərlər»inin reytinq cədvəlində və hesabatında yer alan şəhərlər arasında Bakının adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Prezident İlham Əliyevin «Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir» sözləri bu gün reallıqda öz əksini tapır. Hesabatlarda bu fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, həm də yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlərlə də dünyanın diqqətini cəlb edir. Ən mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi uğur qazanan Azərbaycan haqqında söylənilən «Baxın indi Azərbaycana. Belə möcüzəli iqtisadi inkişaf kimin ağlına gələrdi» sual yaradan fikirləri artıq bu gün «Azərbaycan iqtisadi inkişaf baxımından möcüzələr ölkəsidir» çağırışı əvəzləyir. Dünyada tanınan elm, mədəniyyət ictimaiyyətinin iştirak etdiyi forumlarda, dialoqlarda, simpoziumlarda iştirak edən qonaqların qitələri birləşdirən Azərbaycanı sivilizasiyalararası dialoq mərkəzi, ənənələri olan ölkə kimi yüksək dəyərləndirmələri  Avropa mədəniyyətini Şərq dəyərləri ilə sintez edən ölkəmiz haqqında  təsəvvürlərin nə qədər yüksək olduğunu nümayiş etdirir. Avropa ilə Asiyanın qovuşağında yerləşən  Azərbaycan daim əməkdaşlıq məkanı kimi yeni körpülərin qurulmasında əsas aktordur. Ümummilli Lider Heydər Əliyevin düşünülmüuş və gələcəyə hesablanmış siyasəti daim Azərbaycanın qarşısında  yeni imkanlar açır. Ölkəmiz hərtərəfli inkişafı, bütün sahələrdə zəngin təcrübəsi ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə edilən uğurlarla kifayətlənməməli,  daim irəli baxmalıyıq.  Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. «Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır» söyləyən cənab İlham Əliyevin imzaladığı Bakı şəhərinin və onun qəsəbələrinin, həmçinin regionların  sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində paytaxtımızın memarlıq abidələri Şərq üslubu saxlanılmaqla bərpa edilir, müasirliklə qədimliyi tamamlayan yeni binalar tikilir, bölgələrimizin siması tamamilə dəyişir, şəhərlə kənd arasında fərq müəyyən mənada aradan götürülür. Dövlət proqramlarında müəyyənləşdirilən hədəflərin zamanında və yüksək səviyyədə reallığa çevrilməsi bu gün həm paytaxt Bakımızın, həm də regionların inkişafında özünün aydın ifadəsini tapır. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasından da bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.

Ötən il  dünyanın diqqətini  Azərbaycana yönəldən COP29 ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanın yaşıl enerjiyə keçidi təqdir edildi. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitindəki çıxışında bir daha bu çağırışı etdi ki, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün regionlarımız, o cümlədən  5 ildir tarixi sahibinə qovuşan torpaqlarımız yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı hər bir yeni təcrübənin ölkəmizə gətirilməsini və tətbiqini qarşıya mühüm vəzifə kimi qoyub. Qalib, bütövləşən Azərbaycana hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən forumlara  paytaxt Bakımızın, eyni zamanda,  işğaldan azad edilmiş ərazilərimizin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi  qazandığı mövqeyə daim yeni əlavələr edir.

Qürurvericidir ki, dayanıqlı gələcəyin şəhərləri gələn il  Bakıda müzakirə ediləcək. Məzmununa və əhatə dairəsinə görə Ümumdünya Şəhər Forumu BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirəcək. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq. Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq.

Yeganə Əliyeva, "İki sahil"