Azərbaycan və Özbəkistan, ilk növbədə, tarixi və ortaq mədəni, mənəvi və dil kökləri ilə zəngindir. Lakin, bu gün iki dövlətin liderləri arasında yüksək səviyyəli qarşılıqlı anlaşma heç də az əhəmiyyət kəsb etmir. Artan geosiyasi turbulentlik şəraitində bu, hər iki ölkə üçün əsas rol oynayır. Aralarındakı münasibətlər həqiqətən də qardaşlıq xarakteri daşıyır. Dünya tarixinin göstərdiyi kimi, belə əlaqələr təsadüfən yaranmır - onlar möhkəm təməl üzərində qurulur. Məhz buna görə də ümummilli liderlərin - Heydər Əliyevin və İslam Kərimovun şəxsiyyətləri xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki, hər iki ölkənin Mərkəzi və Cənubi Asiya, Qafqaz və Yaxın Şərqin qovşağında yerləşən mühüm geosiyasi və coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycan və Özbəkistan dünyanın ən böyük bazarlarını birləşdirən əsas tranzit və logistika qovşaqlarına çevriliblər. Bütün bunların fonunda 2004-cü ildə imzalanmış Strateji tərəfdaşlığın daha da gücləndirilməsi haqqında Bəyannaməni xatırlatmaq yerinə düşər.
2008-ci ildə Özbəkistan BMT Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini dəstəkləyən dövlətlər sırasında olub. 2021-ci ildə prezident Şavkat Mirziyoyev Azərbaycanı tarixi ədalətin bərpası münasibətilə təbrik edib və artıq 2022-ci ildə əməkdaşlığın 40-a yaxın sahəsini əhatə edən Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Bəyannamə qəbul edilib.
Təsadüfi deyil ki, Şavkat Mirziyoyev öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına köməklik göstərən dünyada ilk lider olub. Qardaşlıq münasibətlərində 2024-cü il isə Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması ilə əlamətdar oldu. Bununla yanaşı, iqtisadi əlaqələr genişlənməkdədir. 2025-ci ilin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 40% artıb, birgə investisiya fondu fəaliyyət göstərir, onun sayəsində 360 milyon dollardan artıq layihələr həyata keçirilir.
K.Bayramov xüsusilə vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişafında müəyyən edilmiş mərhələlər yeni məzmun almaqda davam edir və əməkdaşlıq perspektivləri yüksək dividentlər vəd edir.
Bunu Özbəklistan Prezidentinin ölkəmizə etdiyi dövlət səfəri çərçivəsində imzalanmış sənədlər paketi, o cümlədən 2030-cu ilədək əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması üzrə “Fəaliyyət Planı”, 2025-2027-ci illər üçün Sənaye Kooperasiyası Proqramı, 2025-2029-cu illər üçün Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin icrasına dair Yol Xəritəsi və digər sənədlər də aydın şəkildə təsdiq edir.
Deputatın sözlərinə görə, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının II iclası çərçivəsində aparılan müzakirələr də az əhəmiyyət kəsb etmirdi. Paralel olaraq, tarixdə ilk dəfə olaraq bu günlərdə iki ölkənin parlamentlərarası forumu keçirilib. Eyni zamanda, istənilən geostrateji müttəfiqlik münasibətləri möhkəm mədəni-humanitar təməl olmadan inkişaf edə bilməz. Buna, xüsusən, Bakıda qardaş xalqın zəngin tarixini, memarlığını və mədəniyyətini özündə əks etdirən unikal məkana çevriləcək Özbəkistan parkının - Özbəkistanın xəritəsi şəklində açılması xidmət edir.
K.Bayramov sonda bildirib ki, yuxarıda göstərilən bütün məqamlar Azərbaycan və Özbəkistan xalqları arasında qardaşlığın sarsılmaz olduğunu sübut edir, liderlər arasında dərin qarşılıqlı anlaşmaya əsaslanan dövlətlərarası münasibətlərin xüsusi formatı isə bütün dünya üçün nümunədir.