05 iyul 2025 10:10
127

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

ABŞ Prezidenti Donald Trampın vergi və xərclərə dair qanun layihəsi ABŞ Sahil Mühafizəsinin Arktikadakı buzqıran donanmasının artırılması üçün 8,6 milyard dollardan artıq vəsaitin ayrılmasını nəzərdə tutur. Vaşinqton bu addımla Rusiyanın və Çinin artan təsirinə qarşı müqavimət göstərməyi planlaşdırır.

“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu maliyyələşdirməyə 3 yeni ağır buzqıran katerinin alınmasına 4,3 milyard dollar, Arktikada orta buzqıran katerlərin alınmasına 3,5 milyard dollar və əlavə yüngül və orta buzqıran katerlərin alınmasına 816 milyon dollar vəsait daxildir.

Yeni katerlər gücləndirilmiş korpuslara və açıq sularda buzların yarılması üçün xüsusi bucaq altında dizayn edilmiş burun hissələrinə malik olacaq.

Donald Tramp ABŞ-ın gəmiqayırma sənayesinin canlandırılmasına israr edir ki, Çinin dəniz nəqliyyatı sahəsində artan gücünə və hərbi-dəniz üstünlüyünə qarşı müqavimət göstərmək mümkün olsun. İlin əvvəlində Tramp bu məqsədlə Çin gəmilərinə və liman avadanlıqlarına rüsum və tariflərin tətbiqini nəzərdə tutan ayrıca planlar təqdim edib.