İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17 –ci Zirvə görüşü təşkilatda təmsil olunan 10 dövlətin siyasi iradəsinin ifadəsi olmaqla, ölkəmizin dünya siyasətində XXI əsrin mühüm strateji oyunçularından olmasının təsdiqidir
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi qurum daxilində həyata keçirilən tədbirlərdə təşəbbüsləri ilə seçilən, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verən Azərbaycan mədəni, elmi və humanitar islahatlarda təşəbbüskarlıq göstərir.
«Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik» söyləyən Prezident İlham Əliyev Qlobal Cənubun önəmli həlqəsi olan, geosiyasi baxımdan əlverişli məkanda yerləşən
Azərbaycanın təşkilatın məqsəd və prinsiplərinə sadiq üzvü kimi regionda sabitliyin təminatına, əlaqələrin möhkəmlənməsinə önəmli töhfələr verdiyini diqqətə çatdırır. Enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə, zəngin təbii ehtiyatlara malik Azərbaycan tranzit ölkə kimi enerji resurslarının hasilatında deyil, onların beynəlxalq bazarlara daşınmasında da mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft -qaz kəmərləri, Cənub Qaz Dəhlizi kimi layihələri ilə ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasında fərqlənən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan Azərbaycan dövlətlərarası nəqliyyat- logistika infrastrukturunun şaxələndirilməsində , regional tranzit imkanların artırılmasında önəmli rola malikdir. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi təşəbbüslərin reallaşdırılmasında ölkəmizin rolu danılmazdır. Prezident İlham Əliyevin ECO-nun Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında söylədiyi «Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik» sözləri” təşkilata üzv dövlətlər arasında ticarətin asanlaşdırılmasını və iqtisadi inteqrasiyanın gücləndirilməsini şərtləndirən amildir.
Təşkilat çərçivəsində yaşıl enerji təşəbbüslərinə böyük diqqət yetirən Azərbaycan bu sahədə də öncüllüyünü beynəlxalq səviyyədə dəstəklənən layihələri reallaşdarmaqla təsdiqləyir. Ötən il Azərbaycanda qlobal iqlim dəyişlikliyi kimi önəmli problemələrin müzakirə olunduğu COP29-un keçirildiyi günlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə Sazişin imzalanması ECO-nun önəmini daha da artırdı. Bakıda ECO regionu üçün «Təmiz Enerji Mərkəzi»”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderliyinin təzahürüdür.
Təcrübə göstərir ki, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsinə başlıca iş prinisipi kimi diqqət yetirilən ECO Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm platformadır.
ECO-nun IX və XII Zirvə görüşlərinin keçirildiyi Azərbaycan hazırda təşkilatın 17-ci Zirvə görüşünə də ev sahibliyi edir. Əvvəlkilərdən fərqli olaraq bu görüşün Ermənistanın işğalından azad edilən Qarabağın cənnəti sayılan Xankəndidə təşkili xüsusi önəmi ilə fərqlənir. Azərbaycanın beynəlxalq aləmdə möhkəmələnən nüfuzunun ifadəsi olan bu Zirvə görüşü İslam həmrəyliyinin uğuru , turançılığa gedən yolun başlanğıcı kimi də dəyərləndirilir. Azərbaycanın Orta Asiya, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi ECO-nun əsas məqsədlərinə töhfə verdiyi təsdiqlənir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi layihələr təşkilata üzv ölkələrin birgə səyi ilə beynəlxalq terimin kimi qəbul olunur.
Təbii ki, bu cür mühüm tədbirlər ölkəmizə təkcə siyasi-diplomatik nüfuz deyil, eyni zamanda iqtisadi əməkdaşlıq və investisiya cəlbediciliyi baxımından da yeni imkanlar qazandırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa- quruculuq işlərinin modeli beynəlxalq ictimaiyyətə təqdim olunur. ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın regional və qlobal siyasətdə yüksələn xətt üzrə irəlilədiyini, əməkdaşlıq və tərəfdaşlıq platformalarında mühüm rol oynadığını nümayiş etdirir. Ölkəmizin dünya siyasətində XXI əsrin mühüm strateji oyunçularından olması təsdiqlənir.
İyulun 3-də Azərbaycan Özbəkistan, Qırğız, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri İlham Əliyevin, Şavkat Mirziyoyevin, Sadır Japarovun, Ersin Tatarın və ECO- nun 17-ci Zirvə görüşünün digər iştirakçılarının Ağdamdakı «İmarət” Tarix-Memarlıq Muzey Kompleksi»ndə Qarabağ atlarının «Zəfər” şousu»nu birgə izləmələri türkçülüyün zəfəri, birlik və həmrəyliyin ifadəsidir.
Həmin gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan «Businesstex JV”» tikiş fabrikinin fəaliyyəti ilə tanışlığı qardaşlıq töhfəsinin ifadəsidir. 2024-cü ilin aprelində Ağdam rayonunun Xıdırlı kəndində təməli dövlət başçımız İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulan 528 şagird yerlik tam orta məktəbin 1-ci mərhələsinin açılışının Zirvə görünə təsadüf etməsi də tarixi hadisədir.
İyulun 4-də Xankəndidə yenicə istifadəyə verilən Konqres Mərkəzində ECO-nun 17-ci Zirvə görüşünün açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini ev sahibi kimi qarşılayan Prezident İlham Əliyevin sammitdəki çıxışı maraqla qarşılandı. Bu günkü görüşün xüsusi məna daşıdığını diqqətə çatdıran dövlət başçımızın bildirdiyi kimi, Ermənistanın işğalından azad edilmiş Qarabağda keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədirlərin hər biri türk dünyası üçün də əhəmiyyətlidir. Ötən il mədəniyyət paytaxtı Şuşada keçirilən Türk Dövlət Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü, bu ilin may ayında Laçında Azərbaycan , Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşlərini tarixi hadisə kimi qeyd etmək olar. ECO-nun Xankəndidə təşkil olunan ECO-nun 17-ci Zirvə görüşü isə türk dövlətlərinin, İslam ölkələrinin birgə toplandıqları növbəti görüşdür.
«Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim» söyləyən Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilən Şərqi Zəngəzurda və Qarabağda aparılan bərpa-quruculuq işlərində iştirak edən türk dövlətlərinin dəstəyini qardaşlıq köməyi kimi dəyərləndirdi. Bildirildi, Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Torpaqlarının işğalı ilə barışmayan Azərbaycan xalqı və dövləti müstəqilliyini və suverenliyini tam və qəti bərpa etməklə Ermənistana və onun arxasında duran dövlətlərə əbədi dərs verdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
«İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb» sözləri ilə Ermənistanın etnik təmizləmə və islamofob siyasətinin mənfur nəticələrini diqqətə çatdıran dövlət başçımız İlham Əliyev bildirdi ki, işğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində ziyan vurulmuş, Ermənistan vəhşilərinin torpaqlarımızda basdırdıqları minaların partlaması nəticəsində 400-ə yaxın soydaşımız həlak olmuş və ya ağır yaralanmışdır.
«İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. «Böyük Qayıdış»” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır» soyləyən Prezident İlham Əliyev Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi ilə bağlı görülən işləri də diqqətə çatdırdı. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qurumun bütün 57 üzv ölkəsinin yekdil qərarı, «İstanbul Bəyannaməsi»nin qəbulu türkçülüyün birlik rəmzidir. 17-ci Zirvə görüşünün proqramına uyğun olaraq təşkil edilən «ECO Həftəsi» çərçivəsində Şuşada ECO-nun Biznes, Ağdamda Gənclər, Laçında Qadınlar forumlarının təşkili, aparılan müzakirələr, dünya ictimaiyyətinə ünvanlanan çağırışlar Azərbaycanın humanist siyasətinin daha bir nümunəsi kimi dəstəkləndi. 2026-cı ilin Şuşa şəhərinin «ECO-nun Turizm paytaxtı”» elan olunması türkçülüyün qalibiyyət rəmzi, turançılığın zəfər yoludur.
Zirvə görüşündə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün ECO-nun xətti ilə görülən işlərin əhəmiyyəti diqqətə çatdırılmaqla bildirildi ki, təşkilatın üzvü Azərbaycanın təbii qazı müxtəlif boru kəmərləri vasitəsilə Avropanın 12 ölkəsinə ixrac edilir. Qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatına görə Azərbaycan dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Zirvə görüşündəki çıxışlarda Azərbaycanın siyasi, iqtisadi. diplomatik uğurları, dövlətimizin, xalqımızın türk həmrəyliyinin möhkəmlənməsində göstərdiyi qətiyyət yüksək dəyərləndirilmişdir. ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu «Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Bu görüşün işğaldan azad edilmiş Xankəndidə təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir» kəlmələri Azərbaycan haqqında deyilən ürək sözlərindən yalnız bir nümunədir. Təşkilat üçün yeni , mühüm mərhələ Qarabağdan başladı.
Xuraman İsmayılqızı, “İki sahil”