08 iyul 2025 00:53
117

Sülh və inkişafa söykənən iqtisadi əməkdaşlıq

Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının iclası (Şuşa), Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü (Şuşa), həmçinin Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü (Laçın) keçirilib. Halbuki əvvəllər bu qəbildən olan beynəlxalq tədbirlər ancaq Bakıda keçirilirdi. Ərazi bütövlüyümüzün bərpasından sonra işğaldan azad olunmuş şəhərlərimiz də mötəbər tədbirlərin ünvanına çevrilib. Şübhəsiz, bu tədbirlərin hər biri özünəməxsusluğu ilə tariximizin şanlı səhifələrinə həkk olunub. Bu gün işğaldan azad olunmuş ərazilərimizin mötəbər beynəlxalq tədbirlərə, sammitlərə ev sahibliyi etməsi həqiqətən çox qürurvericidir. Şübhəsiz, bütün bunlar həm də rəsmi Bakının bölgədə yaratdığı yeni reallıqların beynəlxalq leqitimlik qazandığını göstərir. Eyni zamanda, belə beynəlxalq miqyaslı tədbirlər Azərbaycanın Qarabağ iqtisadi rayonuna həm siyasi, həm də iqtisadi dividendlər vəd edir.

İyulun 4-də Xankəndi şəhərində, yeni inşa edilmiş Konqres Mərkəzində daha bir mötəbər tədbir - 13 ölkə liderinin iştirakı ilə ECO-nun 17-ci Zirvə görüşü keçirildi. Şübhəsiz, bu sammit regional tərəfdaşlığın daha da inkişafına yeni təkan verəcək. Elə tədbir iştirakçıları da öz çıxışlarında bu məqamı xüsusi vurğuladılar.

Yeri gəlmişkən, hər hansı sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Hazırda ECO-nun üzv dövlətləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır. Bu ilin beş ayında Azərbaycan ilə ECO-ya üzv ölkələr arasında ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib. Bu da illik 10 faiz artım deməkdir.  Azərbaycanın hazırda təşkilata üzv beş ölkə ilə azad ticarət sazişləri və həm Türkiyə, həm də Pakistanla preferensial ticarət sazişləri var. Üzv dövlətlər ölkəmizə 22 milyard dollar sərmayə yatırıblar. Hazırda ECO ölkələrindən 10 mindən çox şirkət ölkəmizdə fəaliyyət göstərir.

Bu istiqamətdə bir çox ilklərə imza atmış Azərbaycan ECO üçün yeni standartlar müəyyən edir, həm də təşkilat daxilində həmrəyliyi gücləndirir. Hətta hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir. Bu mənada demək olar ki, təşkilatın ən fəal üzvü olan Azərbaycan ECO çərçivəsində şəffaf iqtisadi siyasəti, ticarət logistikası, siyasi iradə və liderliyi ilə mühüm rola malikdir. Hətta ölkəmiz Mərkəzi Asiya respublikalarının, İranın, Pakistanın Avropa ilə ticarət əlaqələri qurmasında da mühüm rol oynayır. Bir sözlə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rol regionda ticarət və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edir.  Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr ECO ölkələri arasında mal və xidmətlərin sərbəst hərəkətini asanlaşdırır. Bu layihələr həm də ECO-nun İpək Yolunun bərpası kimi qlobal təşəbbüslərinə uyğun gəlir və regionun dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu üzv dövlətlər üçün tam açıqdır və ölkəmiz bu sahəyə milyardlarla sərmayə yatırıb. Bütün bunlarla Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini nümayiş etdirməkdə davam edir.

İqtisadçıların fikrincə, Xankəndidə keçirilən Zirvə görüşü ECO dövlətləri arasında əməkdaşlığı, həmçinin ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsini daha da gücləndirəcək. Bu tədbiri, həmçinin Ermənistanın revanşizmdən əl çəkməsinə, yeni reallıqlarla barışmasına çağırış kimi dəyərləndirmək olar. Bu mənada sözügedən tədbirin Prezident İlham Əliyevin daha bir uğuru kimi tariximizə düşəcəyi şəksizdir.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə, İran və Pakistanın təşəbbüsü ilə 1985-ci ildə təşkil olunub. 1992-ci ildə daha 7 dövlət, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan bu təşkilata qoşulub. ECO ölkələri 8 milyon kvadratkilometrdən çox əraziyə malikdir. Təxminən 550 milyon əhalisi ilə dünya əhalisinin 6 faizindən çoxunu təşkil edir. Qurumun əsas vəzifəsi region dövlətlərinin resurslardan tam istifadəni təmin etməklə ECO-nun dünya iqtisadiyyatında payını artırmaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”