Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistan ilə əlaqələrimiz də sürətlə inkişaf edir. Bu ölkə ilə möhkəm əlaqələrin qurulması Prezident İlham Əliyevin gələcəyə hesablanmış xarici siyasətinin əsas istiqamətini təşkil edir. Heç də təsadüfi deyil ki, ötən il Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də imzalanıb. Şübhəsiz, Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatması ümumən regionda sülhün, qarşılıqlı maraqların qorunmasına, sosial-iqtisadi inkişafa xidmət edir. İki ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Xatırladaq ki, Azərbaycan Mərkəzi Asiyada özünün ilk səfirliyini 1996-cı ildə Özbəkistanda açıb.
Hazırda Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı çıxışlarında hər zaman iki ölkənin aktual problemləri ilə bağlı maraqların və mövqelərin oxşarlığını vurğulayır, strateji tərəfdaşlıq və səmərəli əməkdaşlıq üçün perspektivlərin mövcudluğunu qeyd edir. Məsələn, iyulun 2-də Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə birgə mətbuata bəyanatında bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğunu bildirməklə yanaşı, aşağıdakı sözləri də demişdir: “Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik”.
Dövlət başçısının sözlərinə görə, gələcək layihələr Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq. Hazırda Azərbaycan–Özbəkistan arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı vasitəsilə birgə səylər uğurla davam etdirilir. Bu dəhliz Özbəkistandan malların Azərbaycan vasitəsilə Avropa bazarlarına, eləcə də Azərbaycan mallarının Mərkəzi Asiya bazarlarına çatdırılmasına imkan verir.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Bu da iki ölkə arasındakı ticarət əlaqələrinin dinamik genişləndiyini göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulub.
Yeri gəlmişkən, Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən, işğalçılıq siyasətinə görə Ermənistanla diplomatik əlaqə qurmayan Özbəkistan öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına yardım edən ilk dövlətdir. Dost ölkə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik 1 nömrəli tam orta məktəbini, həmçinin bu gün 200-dən çox insanın çalışdığı Xankəndi şəhərindəki tikiş fabrikini inşa edib. Şübhəsiz, bunlar qardaşlıq münasibətlərimizin təzahürüdür.
Bakıda Özbəkistanın səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının salınması Azərbaycan-Özbəkistan münasibətlərinin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir. Özbəkistan Prezidentinin ölkəmizə növbəti səfəri zamanı mübadilə edilmiş sənədlər isə iki dövlət arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”