08 iyul 2025 02:16
120

Davamlı və dönməz sülh mümkündür, lakin…

İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə ilə yeni reallıqlar yaradan, Cənubi Qafqazda etimad mühiti və dayanıqlı sülhün bərəqərar olması üçün ciddi addımlar atan, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsipləri, eləcə də sənədin mətnini tərtib edərək rəsmi İrəvana təqdim edən Azərbaycan daim regionda sülh təşəbbüslərinin müəllifi olub.

Bu günə qədər Azərbaycan Ermənistanla münasaibətlərin normallşması istiqamətində mühüm işlər görüb, sülh gündəliyinə daim sadiq qalıb. Rəsmi Bakı Cənubi Qafqazda davamlı sülhün, əmin-əmanlığın, əməkdaşlığın bərqərar olmasına töhfə verən addımlar atır.

Hazırda Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqların davam etdirilməsini vurğulayıb. Gerçəklik odur ki, bir tərəfdən rəsmi Bakı ilə sülh sazişini imzalamağa, regional əməkdaşlığa hazır olduğunu bildirən Ermənistan bəzi hüquqi maneələrlə üzləşir. Hazırda sülh gündəliyində həll olunmamış iki əsas məsələ diqqəti xüsusilə cəlb edir.

Azərbaycan tərəfinin mövqeyi belədir ki, torpaqlarımızın işğalda olduğu zamanlarda qəbul edilmiş Ermənistan konstitusiyasında dəyişiklik edilməsi regional geosiyası zərurətdir. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasına münbit zəminin yaradılması konstitusiyadakı dəyişikliklərdən, eləcə də ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsindən keçir. Ermənistan tərəfi Müstəqillik Aktına və bu akta istinad olunan konstitusiyanın preambula hissəsinə müvafiq qaydada dəyişiklik etməlidir. Çünki işğalçı dövlətin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Ən əsası da odur ki, Ermənistan konstitusiyasında bu sənədə istinadlar öz əksini tapıb. 

Prezident İlham Əliyev daim bu məsələlərə toxunaraq Ermənistanın sülh prosesində əsl irəliləyiş əldə etmək üçün atmalı olduğu addımları açıqlayır. Dövlət başçısı bütün görüşlərində, müsahibələrində dönə-dönə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayır. Ölkəmizin başçısı, həmçinin davamlı olaraq bəyan edir ki, ilk növbədə, Ermənistan konstitusiyasını dəyişdirməli və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialara tamamilə son qoymalıdır. Ermənistanın mövcud konstitusiyası hələ də Azərbaycanın suverenliyini tanımayan, ərazi iddialarını özündə ehtiva edən müddəaları saxlayır və bu, sülh prosesinin qarşısındakı ən böyük maneələrdən biridir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov “Mundo Internacional” jurnalına müsahibəsində qeyd edib ki, bu iki maneə aradan qaldırılarsa, tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyə biləcəklər. O, həmçinin bildirib ki, bu proses müstəsna olaraq Ermənistanın və Azərbaycanın rəhbərliyi altında aparılmalıdır: “Beynəlxalq vasitəçilik artıq tələb olunmur. Bu baxımdan, biz ATƏT-in Minsk qrupu kimi köhnəlmiş strukturları və 1990-cı illərdə yaradılmış və nəzərəçarpacaq nəticə verməyən digər platformaları ləğv etməyə çağırırıq. 2020-ci ildən sonra bu formatlar öz aktuallığını itirib və faktiki olaraq fəaliyyətsizdir. İndi top Ermənistan hökumətinin tərəfindədir. Davamlı və dönməz sülh mümkündür, lakin bunun üçün cəsarətli və uzaqgörən qərarlar tələb olunur”.

Zahid Rza, “İki sahil”