Prezident İlham Əliyevin iyulun 12-də dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını təbrik etməsi, 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar türkiyəli həmkarına məktub ünvanlaması «Bir millət, iki dövlət» müdrik kəlamının ifadəsidir
Müharibə kimi, insanlığa qarşı qanlı cinayət olan terror aktları da bəşəri dəyərləri və onları qoruyan hüquq sistemini sarsıdan, insanları fəlakətlərə sürükləyən mənfur niyyətdir. 2001-ci il sentyabrın 11-də Amerikanın Nyu-York və Vaşinqton şəhərlərində törədilən hadisədən sonra terrora qarşı beynəlxalq mübarizənin formlaşması ilə bütün dünya dövlətləri təhlükəsizliklərinin qorunması üçün ciddi tədbirlər gördülər. Terrorçuların qaçırdıqları təyyarələrin Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılması, 3 min nəfərin ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnən hadisədən sonra terrora qarşı beynəlxalq mübarizəyə qoşulanların sayı artdı. Əsrlər boyu daşnakların terroruna məruz qalan Azərbaycan təşəbbüsə ilk qoşulmaqla kifayətlənmədi, beynəlxalq terrorizmlə mübarizəyə önəmli töhfələr verdi.
Ötən əsrin ortalarından etibarən bəzi dövlətlərə qaşı təhdid , təzyiq vasitəsi kimi formalaşdırılan terror təşkilatları ağla gəlməyən dəhşətli cinayətlər törətmiş, dövlət başçılarına qarşı sui-qəsdlərdə iştirak etmiş, xüsusi əhəmiyyətli obyektləri, infrastrukturları sıradan çıxarmışlar. Kimyəvi, kriminal, sosial, dini radikalizm, siyasi, ideoloji, bioloji olmaqla insanlara, təbiətə, bütün canlılara qarşı məqsədli şəkildə törədilən terrorlar dünya xalqlarının kabusuna dönüb.
Əl-Qaidə, "İŞİD", «Boko Haram», ASALA, «Daşnaksütyun» kimi qatı terror təşkilatlarının törətdikkləri cinayətlərin qurbanları olan dinc insanların sayı yüz minlərlədir.
Türkiyəyə və Azərbaycana qarşı ən dəhşətli cinayətlər törədən «Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu»nun ( ASALA) və "Daşnaksütyun"un məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri hesabına «böyük Ermənistan» dövləti yaratmaq olub. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq edən ASALA qaniçənlərinin Azərbaycanda törətdikləri vəhşiliklər nəticəsində minlərlə soydaşımız qətlə yetirilmiş, əlil olmuş, şəhər və kəndlərimiz viran qoyulmuşdur. «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir» şuarı ilə qətllər törədən təşkilatda birləşən silahlıların insanlığa qarşı apardaqları qanlı əməliyyatların sayı-hesabı yoxdur. İnsanları diri-diri yandırmaq, torpağa basdırmaq, kütləvi halda qətlə yetirmək metodlarından istifadə etməklə son iki əsrdə azərbaycanlılara qarşı zülm edən «Daşnaksütyun» partiyasının terrorçuları bu gün ideoloji sahədə mənfur niyyətlərini davam etdirirlər. Cənubi Qafqazda sabitliyin bərpasına əngəl törədən erməni vəhşilərindən ibarət terror təşkilatları hazırda özlərini buraxdıqlarını elan edən PKK ilə də sıx əməkdaşlıq etmiş, türklərə qarşı ən qanlı cinayətlərə imza atmışlar.
XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlər yaradan, ən müasir silah-sursatlarla təmin edilən terror təşkilatlarının Suriyada, Türkiyədə , Azərbaycanda törətdikləri qandonduran cinayətlərini həyəcansız izləmək olmur. Artıq mübarizə metodları «müasirləşən», ən müasir kütləvi qırğın silahlarından istifadə edən terror təşkilatlarının Ermənistanda olduğu kimi, qanlı əməllərini din pərdəsi altında gizlətmələri, ölkələrin daxili işlərinə müdaxilələri, hərbi münaqişələrdə iştirakları daha ağır nəticələr verir. Zorakılığa, məruz qalanlar isə dinc insanlar olur. Güclü dövlətlərin «beynəlxalq terrorizmə qarşı mübarizə» adı altında başqa ölkələrin daxili işlərinə müdaxiləsi, dinc əhalidə vahimə yaratmaq naminə törətdikləri cinayətlər hələ də davam etməkdədir.
İrqi ayrı- seçkilik, dini radikalizm, milli münaqişə pərdəsi altında törədilən terrorlar daha çox yayılıb. Güclü dövlətlər tərəfindən maliyyələşdirilən, ən müasir silah-sursatlarla təmin olunan qanunsuz hərbi birləşmələr yalnız stabilliyin pozulması və ya hansısa qısamüddətli planların həyata keçirilməsi ilə kifayətlənmirlər. Qlobal dünyamızın düzənini pozan, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərdə, siyasi hakimiyyətlərin ələ keçirilməsində , ölkə ərazilərinin yenidən bölüşdürülməsində, suveren dövlətlərin daxili işlərinə müdaxilədə, yerli əhalinin öz torpaqlarından zorla çıxarılmasında, dini, irqi, etnik, sosial-siyasi qarşıdurmaların gücləndirilməsində terror təşkilatlarından istifadə adi haldır. Qanlı əməllərini ən müasir İKT vasitələrindən istifadə etməklə həyata keçirən mütəşəkkil, mobil terror şəbəkələri ilə mübarizə daha da çətinləşib. BMT ilə yanaşı, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və s. qurumlar terrorizmlə mübarizədə iştirak etsələr də, hələ ki, bəzi ölkələrdə dinc əhali silahlı birləşmələrin hücumlarına məruz qalır.
Torpaqları 30 il Ermənistanın işğalı altında qalan, daşnakların hərbi, ekoloji, kimyəvi, siyasi, ideoloji terrorları ilə üzləşən, qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulan Azərbaycanın Silahlı Qüvvələrinin hərbçiləri NATO-nun sülhməramlı missiyasının tərkibində İraqda, Əfqanıstanda və Kosovada terrorizmə qarşı mübarizədə iştirak etmişlər. Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü ilin, mart, iyul ayları), Azərbaycan Dövlət Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan Avropa İttifaqı (Aİ), ATƏT, Avropa Şurası, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla terrorizmə qarşı mübarizə tədbirlərində da yaxından iştirak edir. 2002-ci ildə Türkiyənin Trabzon şəhərində Azərbaycan, Türkiyə, Gürcüstan arasında «Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər mühüm cinayətlərlə mübarizə üzrə müqavilə»nin imzalanması regionda sabitliyin qorunmasına etibarlı təminatdır.
Bu baxımdan 47 illik qanlı cinayətlərinə son qoyduğunu elan edən Kürdüstan Fəhlə Partiyasının (PKK) özünü buraxması ilə bağlı qərarını razılıqla qarşılayan Azərbaycan qardaş Türkiyə ilə həmrəyliyini nümayiş etdirir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) son toplantısında çıxışı zamanı məsələni xüsusi vurğulayan bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Dünən PKK aldığı qərarı icra edərək silahı yerə qoydu. Bu, illərdir mübarizə apardığımız bir problemin həllində əhəmiyyətli dönüş nöqtəsidir. Biz bu yolun başından bəri «Terrorsuz Türkiyə”!» idealı ilə yola çıxdıq və bu yolda canımızı ortaya qoyduq. Türkiyənin xeyrinə olmayan heç bir addımda iştirak etmədik, əksinə, ölkəmizin rifahı naminə hər çətinliyə sinə gərdik”» sözləri uzun illər çəkilən zəhmətin bəhrəsi, uğur salnaməsidir. Çünki PKK sadəcə Türkiyə və İraq sərhədində, İraqın şimalında mövcud deyildi . Təşkilatın İranla sərhəddə PJAK, həmçinin İraqın Sincar bölgəsində, Suriyanın şimalında YPG, PYD və başqa silahlı qruplaşmaları da var . «Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim narahat olmasın – atdığımız hər addım, verdiyimiz hər qərar Türkiyə və millətimiz üçündür. Terrorun kökü kəsiləcək, buna hər kəs şahid olacaq. Bu prosesin sonunda qazanan yalnız dövlət deyil – hər bir vətəndaşımız, hər bir ailə, bütün cəmiyyətimizdir» söyləyən Rəcəb Tayyib Ərdoğan çıxışında ”terrorun əsl məqsədinin bu torpaqlarda əsrlərdən bəri dinc yaşayan türk və kürd xalqları arasında nifaq toxumu səpmək olduğunu da qeyd edib.
47 ildən sonra PKK-nın bir qrup üzvünün İraqın Süleymaniyyə bölgəsində silahlarını könüllü şəkildə təhvil verməsi, həmin silahlarınterrora son qoyulmasının rəmzi olaraq metal qazanda yandırılması regionda sülh üçün atılan ilk real addımlardan biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyev iyulun 12-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev «Terrorsuz Türkiyə!»” hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülhə və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. PKK terror təşkilatının özünü ləğv etməsini və silahı yerə qoymasını regionda təhlükəsizlik və siyasi sabitlik baxımından mühüm hadisə adlandıran Prezident İlham Əliyev bu tarixi qərarı, Türkiyədə həyata keçirilən ardıcıl və qətiyyətli siyasətin nəticəsi kimi dəyərləndirib: «Bu, həm də Azərbaycan–Türkiyə qardaşlığının növbəti təzahürüdür». Dövlət başçıları bildiriblər ki, bu hadisə təkcə Türkiyə üçün deyil, bütövlükdə region üçün də mühüm bir dönüş nöqtəsidir. Türkiyədə hər evin qarşısında ay-ulduzul dövlət bayraqlarının asılması türk-kürd qardaşlığnın ifadəsidir. Yarandığı gündən Türkiyəyə iki trilyon dollar civarında iqtisadi zərər vuran PKK-nın silahı yerə qoyması Prezident Rəcəb Tayyib Ərdoğanın, türk ordusunun terrora qarşı qətiyyətli mübarizəsinin məntiqi ifadəsidir.»
Prezident İlham Əliyevin 2016-cı ildə Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda da qeyd olunur ki, xarici qüvvələrin təsiri ilə qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhdin qarşısının alınması terrora qarşı mübarizənin bir səhifəsi idi. Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz türk xalqı ölkələrinin konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. 15 İyul – «Demokratiya və Milli Birlik Günü»” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir. Xain çevriliş cəhdinin ilk anlarından Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu birlik növbəti dəfə «Bir millət, iki dövlət”» prinsipinin əyani təzahürü, qardaşlığının bariz nümunəsi idi.
«Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi» sözlərinin qeyd olunduğu məktubda Prezident İlham Əliyev Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olanların əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, mərhumların ailələrinə və bütün xalqına dərin hüznlə başsağlığı verib. «Terrorsuz Türkiyə!»” hədəfi yolunda qazanılan uğurlar, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoyulması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsinin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf nümunəsidir. Məktubda yer alan bu sözlər də diqqət çəkir: «Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”».
"Terrorsuz Türkiyə!" çağırışı ilə qardaş ölkədə yeni dövrün başlanğıcı qoyuldu. Artıq ən çətin problemlərin, münaqişələrin həllində silahlar susacaq, diplomatiya danışacaq”. Bölgədə siyasi sabitlik yaranacaq, milli birlik formalaşacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, türk, kürd, ərəb birliyi xeyirli bir prosesin başlanğıcıdır.
Xuraman İsmayılqızı, "İki sahil"