16 iyul 2025 16:37
284

SOCAR davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirir - ŞƏRH

Tahir Mirkişili: Bu reytinq SOCAR-a beynəlxalq kapital bazarlarında daha aşağı faiz dərəcələri ilə kredit alma imkanı yaradacaq

Xəbər verildiyi kimi, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini Baa3 (sabit) dərəcəsinə yüksəldib.

SOCAR-dan verilən məlumata görə, şirkətin sağlam maliyyə göstəriciləri, burada şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir. Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.

Mövzunu "İki sahil"ə şərh edən Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, bu günlərdə Moody’s Azərbaycanın kredit reytinqini Ba1 səviyyəsindən “Baa3” səviyyəsinə yüksəltdi: “Bu reytinq artımı Azərbaycanın makroiqtisadi sabitliyinin, maliyyə ehtiyatlarının və borc idarəçiliyinin effektiv olduğunu göstərir. Bu səviyyə risksiz və etibarlı ölkələr sırasına keçid deməkdir. Bu reytinq beynəlxalq investorlar üçün siqnaldır ki, Azərbaycan borc öhdəliklərini vaxtında yerinə yetirən sabit ölkədir, böyük xarici investisiya fondları artıq Azərbaycana sərmayə qoya bilər. Bu reytinqdə dövlət və özəl şirkətlər xarici bazarlardan daha aşağı faizlə kredit ala biləcək. Bu, xüsusilə infrastruktur, enerji və sənaye layihələrinin maliyyələşməsi üçün mühümdür.”

Milli Məclisin deputatı vurğuladı ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini “Baa3” (sabit) dərəcəsinə yüksəldilməsi ölkəmizin neft sektoru üçün vacib maliyyə hadisəsidir: “Belə ki, SOCAR-ın tarixində ilk dəfə investisiya səviyyəsində reytinq alıb. “Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı “Baa3” reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir. Bu, 15 illik əməkdaşlığın nəticəsində əldə edilmiş böyük uğurdur.”

T.Mirkişili qeyd etdi ki, “Baa3” reytinqi investisiya reytinqidir: "Ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan “Baa3” (sabit) reytinqi verib.  İndi SOCAR-ın həm "Moody’s", həm də "Fitch"dən investisiya səviyyəsində reytinqi var və bu gələcək fəaliyyət üçün müsbət mərhələdir. Bu reytinq SOCAR-a beynəlxalq kapital bazarlarında daha aşağı faiz dərəcələri ilə kredit alma imkanı yaradacaq. Daha geniş investor bazasına çıxış (çünki bir çox institusional investorlar yalnız investisiya səviyyəsindəki şirkətlərə investisiya edir), şirkətin maliyyə sabitliyinin beynəlxalq tanınması, gələcək istiqraz emissiyalarında daha əlverişli şərtlər əldə etmək imkanlarının yaranması SOCAR-ın dayanıqlı inkişafı üçün vacib imkanlardır.

Milli Məclisin deputatı vurğulaydı ki, bu reytinq həm də SOCAR-ın maliyyə vəziyyətinin daha da yaxşılaşdığını, borclara xidmət qabiliyyətinin güclü olduğunu və risk səviyyəsinin aşağı olduğunu göstərir.

Orxan Vahidoğlu, “İki sahil”