17 iyul 2025 23:51
125

Parisdə qaz sızmasına görə Şimal Vağzalı təxliyə edilib

Parisin əsas nəqliyyat qovşaqlarından olan Şimal Vağzalı (Gare du Nord) günün ikinci yarısında qaz sızması təhlükəsi səbəbilə təxliyə edilib. Vağzala polis qüvvələri cəlb olunub, təhlükəsizlik səbəbilə geniş perimetrdə nəqliyyatın hərəkəti dayandırılıb.

“İki sahil” xəbər verir ki, Fransa Dəmir Yolları Şirkətinin (SNCF) açıqlamasına görə, hadisə əsas xətlərdə 5-dən 30 dəqiqəyə qədər gecikmələrə səbəb olub.

Qaz sızması barədə ilk məlumatı polis əməkdaşları qeydə alıblar. Onlar vağzalda şübhəli qoxu hiss etdikdən sonra təcili olaraq təhlükəsizlik perimetri qurulub və insanlar vağzaldan təxliyə olunub.

Təhlükə yalnız uzaq məsafəyə gedən qatarları deyil, metro və şəhərətrafı qatar xətlərini də əhatə edib. Xüsusilə 4 və 5 saylı metro xətlərindən Şimal Vağzalına girişlər bağlanıb, şəhərətrafı qatarlarda B xətti üzrə isə qatarlar stansiyada dayanmadan keçirlər.

RATP və SNCF nəqliyyat şirkətlərinin birgə məlumatında vətəndaşlara alternativ nəqliyyat vasitələrindən istifadə etmələri və səfərlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunub.