19 iyul 2025 17:48
141

Üzgüçülərimiz Dünya Yay Universiadasının üçüncü günündə üç növ üzrə yarışıblar

Almaniyanın ev sahibliyi etdiyi Dünya Yay Universiadasının üçüncü yarış günündə Azərbaycanın üç üzgüçüsü mübarizə aparıb.

“İki sahil” xəbər verir ki, 200 metr məsafəyə batterflayl üsulla üzmə yarışında iki idmançımız çıxış edib. Yarışda 2 dəqiqə 1,21 saniyə nəticə göstərən Ramil Vəlizadə 39 iştirakçı arasında 22-ci yeri tutaraq yarımfinala yüksələ bilməyib.

Abdurrəhman Rüstəmov isə 2 dəqiqə 3,84 saniyə nəticə ilə 26-cı olub. İdmançımız yarımfinala yüksələ bilməsə də, şəxsi rekordunu (2 dəqiqə 4,17 saniyə) yeniləyib.

Səid Həmidov 200 metr məsafəyə brass üsulla üzmə yarışında 2 dəqiqə 21,84 saniyə ilə 45 iştirakçı sırasında 34-cü yeri tutub və yarımfinala yüksələ bilməyib. Lakin idmançımız bu nəticə ilə şəxsi rekordunu (2 dəqiqə 22,73 saniyə) yeniləyib.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.