23 iyul 2025 13:06
160

Azərbaycan komandası Avropa futzal çempionatında inamla irəliləyir

Xorvatiyanın Zaqreb şəhərində keçirilən tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatında ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

“İki sahil” xəbər verir ki, komandamız iyulun 16-da Xorvatiyaya yola düşüb və qrup mərhələsində hər iki qarşılaşmada inamlı qələbə qazanaraq birinci yeri tutub. İsveçrə üzərində 5:1, ev sahibi Xorvatiya üzərində isə 6:2 hesabı ilə qələbə qazanan tələbə-idmançılarımız 1/4 final mərhələsinə yüksəlib və növbəti oyunda Fransa komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, komandamızın Avropa çempionatında iştirakına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası da dəstək göstərir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı gənclərin idmana cəlb olunmasını, onların beynəlxalq yarışlarda uğurla təmsil olunmasını prioritet hesab edir və bu istiqamətdə layihələri dəstəkləyir.