24 iyul 2025 00:28
164

Ukrayna Putinlə Zelenski arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib

İstanbul danışıqlarının üçüncü raundunda Ukrayna tərəfi avqustun sonuna qədər Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif edib.

“İki sahil” xəbər verir ki,  bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov deyib.

R.Umerov İstanbulda danışıqlar başa çatdıqdan sonra jurnalistlərə deyib: "Belə bir görüş real siyasi irəliləyişə nail ola bilər. Rusiya hazır olduğunu nümayiş etdirməlidir. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir. Atəşkəs mülki obyektlərə və kritik infrastruktura hücumların tamamilə dayandırılmasını ehtiva etməlidir".

Umerovun sözlərinə görə, görüşün avqustun sonuna qədər keçirilməsi təklif olunur. İclasda Ukrayna, Rusiya, ABŞ və Türkiyə liderləri iştirak edəcək.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, liderlər səviyyəsində görüşdən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır. Bu barədə bu gün Kreml də danışıb. Eyni zamanda, Zelenski təkid edir ki, ərazi məsələlərini yalnız Vladimir Putinlə şəxsi görüşdə müzakirə etməyə hazırdır; Ukrayna nümayəndə heyətinin belə mövzuları müzakirə etmək mandatı yoxdur.