24 iyul 2025 11:58
428

SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Hökuməti arasında saziş imzalanıb

24 iyul 2025-ci il tarixində Daşkənddə SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Bu xüsusda, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişin imzalanmasının əhəmiyyəti  qeyd edilib. Şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə  Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.

Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün yeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.