24 iyul 2025 10:15
685

Tibb yolunda addım-addım yüksələn gənc: Məqsədi böyük, əzmi güclü

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl gənclər siyasəti nəticəsində bu gün ölkəmizdə savadlı, məqsədyönlü və vətənpərvər gənclər nəsli formalaşır. Belə gənclərdən biri də Prezident təqaüdçüsü, Azərbaycan Tibb Universitetinin II kurs tələbəsi Fidan Rəhimovadır. 685.3 balla qəbul imtahanında IV ixtisas qrupu üzrə ölkə ikincisi olmuş bu istedadlı və əzmkarlıqla seçilən gənc tibb sahəsində savadlı, vicdanlı və nüfuzlu bir mütəxəssis olmağı qarşısına məqsəd qoyub. Onun uğur hekayəsi yüzlərlə gənc üçün həm nümunə, həm də motivasiya mənbəyidir.

 Universiteti fərqlənmə diplomu ilə başa vurmağı və təhsilini xaricdə davam etdirməyi hədəfləyən bu gənc qızın həyat yolu, düşüncələri və prinsipləri ilə tanış olmaq üçün onunla həmsöhbət olduq.

- Gənc yaşınızda qazandığınız yüksək nəticələr, Prezident təqaüdü və tibb sahəsində seçdiyiniz yol sizi cəmiyyət üçün nümunəvi bir gəncə çevirib. Bu uğur yoluna necə başladınız və sizi bu istiqamətdə irəliləməyə sövq edən nə oldu?

 - Hələ məktəb illərində özümü daim öyrənməyə, axtarmağa və nəticə əldə etməyə yönəltmişdim. Xüsusilə dəqiq fənnlərə marağım böyük idi. Riyaziyyatı bütün digər fənnlərdən yaxşı bilirdim. Həmçinin öz ixtisasımdan uzaq fənnləri də oxumağı sevirdim. Buna görə də mənim üçün çox çətin oldu deyə bilmərəm. Ruhdan düşən vaxtlarım da oldu, oxumaqdan imtina etdiyim vaxtlar da. Lakin hədəfimi xatırlayıb hər dəfə daha inamla, daha istəkli bi şəkildə yoluma davam etdim. Çabalarım və əziyyətlərim 700 bala çatmaq üçün hesablanmışdı, ona görə də 685 bal mənim üçün təəccüblü olmadı. Mənim üçün uğur təsadüf deyil – o, sistemli zəhmət, zamanın düzgün bölüşdürülməsi və məqsədə sadiqliklə bağlıdır. Tibb sahəsinə olan marağım məni bu istiqamətdə daha da səylə çalışmağa sövq etdi. Ən çətin anlarda belə hədəfimi xatırlamaq məni irəliləməyə ruhlandırdı. Həm valideynlərimin dəstəyi, həm də özümə inamım bu yolda əsas dayaqlarım olub. Bu gün qazandığım uğurlar illərin əməyi və inamının nəticəsidir. Düşünürəm ki, əgər insan inandığı məqsəd uğrunda yorulmadan çalışarsa, nəticə qaçılmazdır. Çalışmaq, əziyyətə qatlaşmaq və bunun bəhrəsini görmək fikrimcə, hisslərin ən gözəlidir. Tibb ixtisasına marağım həddən artıq olduğu üçün, bu sahədə olan fənnləri oxumaq məni həkim olmağa bir addım daha da yaxınlaşdırır, bunu bilmək mənə olduqca güc və motivasiya verir.

-Həkimlik peşəsinə marağınız necə yaranıb?

- Mən peşəni sevərək  onu icra etməyin həyatda çox vacib bir rolu olduğunu düşünürəm. İnsan sevdiyi işi görəndə yorulmaz, fiziki olaraq yorulsa da, ruhən yorulmaz. Ona görə də çətinliyinin fərqində olsam da, bu yoldan dönmədim. Başqa bir ixtisası belə həvəslə öyrənməz və icra edə bilməzdim. Babam həkimdir, onun da mənim bu sahəni seçməyimdə çox təsiri var, gələcəkdə onun kimi yararlı, savadlı həkim olmaq ən böyük arzumdur. Həkimlik hər zaman məni çox maraqlı və olduqca dərin bir sahə olaraq cəlb edib. Özümü başqa heç bir sahədə təsəvvür belə edə bilmirdim. Hər zaman insanların həyatını xilas etməyə vəsilə olmaqdan daha ali hansı peşə ola bilər deyə düşünürdüm. Bu peşənin çətinliyinin fərqində idim, amma savadlı və anlayışlı bir həkim kimi dövlətimə xidmət etmək arzusu hər şeydən üstün gəlirdi. Bu məqsədimə nail olmaq üçün hər cür çətinliyin öhdəsindən gəlməyə hazır idim. Həmçinin həkimlik mövzusu ilə əlaqəli film və seriallar məni bu yolda əsas həvəsləndirən faktorlardan olub.

-Prezident təqaüdçüsü olmaq bir çox gəncin arzusudur. Bu təqaüd sizin üçün nə ifadə edir və sizi necə motivasiya edir?

-Prezident təqaüdü almaq da mənim hədəflərim içərisində yer alırdı. Çox sevincli və qürurluyam ki, bu hədəfimə də çatdım. Bildiyiniz kimi, bu statusu saxlamaq üçün hər semestr əlaçılıq statusunu da itirməmək lazımdır. Bu, mənim qiymətlərimi yüksək saxlamaqda əsas motivasiya mənbələrimdən biri olub. İllərin əziyyəti ilə çatdığım bu statusu aşağı bir bal ilə itirmək istəmərəm.

-Sizin kimi məqsədyönlü bir gəncin xaricdə təhsil almaq istəyi də təbii qarşılanır. Xaricdə təhsillə bağlı konkret planlarınız və düşündüyünüz ölkələr varmı?

-Hazırda dəqiq planladığım bir ölkə yoxdur. Amma Almaniyada təhsil almaq fikrinə daha yaxınam. Bunun üçün alman dilini öyrənməyə də başlamaq fikrim var. Lakin növbəti kurslarda daha dərindən araşdırıb, yekun bir qərara gələcəyimi düşünürəm.

-Universitet həyatı sizə nələri öyrədir? Kitablar, müəllimlər və dostlar baxımından hansı dəyərləri qazanırsınız?

-Hələ 2 il olmasına baxmayaraq, həyatımda qazandığım təcrübələrin çoxusu universitet həyatım boyunca yaşanıb. Kitablar haqqında danışası olsam, xarici ədəbiyyat qədər olmasa da, bizim dildə olan kitablar da kifayət qədər məlumatlandırıcıdır. Əsasən də pataloji fiziologiya fənninin dərsliyi çox əhatəli və bir o qədər anlaşıqlıdır. Müəllimlərimizin isə bir çoxu savadlı, anlayışlı olub. Tələbələrin suallarına onların başa düşəcəyi şəkildə izahat verən müəllimlərimiz də kifayət qədərdir. Tibb Universitetinin tələbələri ona görə şanslıdır ki, bu təhsil ocağı tələbələrinin istəyini nəzərə alır. Bildirmək istəyərdim ki, müəllimlərimizin bəzilərinə qarşı qəlblərimizdə əbədi bir sevgi və hörmət hissi var. Məsələn, anatomiya fənni üzr professor Balakişi müəllim, histologiya üzrə Nigar müəllim, farmakologiya üzrə Xanım müəllim, normal fiziologiya üzrə  professor Əhməd müəllim və digərlərinin üzərimizdə çox böyük əziyyəti var.  Onlar kimi bir müəllimin tələbəsi olmaq şansını əldə etdiyimiz üçün çox xoşbəxtik.

Dostluq barədə danışsam, ən yaxın dostluqları univetsitetdə qazandım. Həyatımın növbəti mərhələrində bir çoxu ilə əlaqəmi saxlamaq istəyərəm. Bundan başqa, qrup nümayəndəsi də olduğumu bildirmək istəyərdim. Bu mövzuda da bir çox şey öyrəndim və tətbiq etməyə başladım. Bu vəzifə  kifayət qədər məsuliyyətli olmağı tələb edir, bu da mənim daha nizam-intizamlı  olmağımda yardımçı oldu.

-Həkim olmaq, xüsusilə də bugünkü dövrdə həm peşəkarlıq, həm də mənəvi güc tələb edir. Sizin üçün yaxşı həkim hansı xüsusiyyətlərə malik olmalıdır?

-Çox doğru vurğuladınız. Bu, elə bir sahədir ki, həkimin işini professional və ideal şəkildə görməsi ilə yanaşı, öz mental və fiziki sağlamlığını stabil saxlaması üçün də əlavə bir çaba sərf eləməsi lazımdır. Dəyərli Əhməd müəllimimin çox gözəl bir sözü var: Yaxşı həkim odur ki, pasiyent onun yanından özünü rahatlamış və nisbətən yüngülləşmiş bir halda çıxsın. Həkim pasiyentin nitqini sonacan dinləməlidir, onun jest və mimikalarına fikir verməlidir. Çünki çox vaxt xəstəliyin diaqnozunu yaxşı müşahidə ilə təyin etmək olur.

Fikrimcə, həkim, nə qədər çox bilirsə, o qədər təvazökar olmalıdır. Həkim anlayışlılığını heç bir zaman itirməməlidir. Həkimin sahib olmalı olduğu ən vacib xüsusiyyət onun səbirli olmasıdır. Empatiya qurmalı,  xəstənin acısını anlamalıdır, bunun yanında da soyuqqanlı olmalı, ən düzgün addımları atmağı bacarmalıdır. Savadlı olmanın ən vacib kriteriyalardan biri olduğu hər kəsin məlumudur. Həkim səhvi ucbatından itib gedən neçə-neçə həyatlar var.  Bütün bu xüsusiyyətlərə qədərində sahib olmaq olduqca çətin bir işdir və ümid edirəm ki, çətin də olsa, bu xüsusiyyətlərə sahib bir həkim olacağam.

-Gənclərə hansı tövsiyələri verərdiniz?

-Seçdiyiniz ixtisası sevin. Əgər o sahəyə marağınız yoxdursa, oxumağına da dəyməz. Heç kim bir ömür boyunca sevmədiyi işi görmək istəməz. Buna görə də sizə maraqlı gələn sahəyə yönəlin. İxtisasa olan həvəsiniz və marağınız sizin ən böyük motivasiya qaynağınız olacaq. 4-cü qrupa hazırlaşan abituriyentlərə isə demək istəyərdim ki, seçdiyiniz sahə kifayət qədər çətin olsa da, bütün əziyyətlərə dəyir. Yolunuzdan və məqsədinizdən dönməyin, bütün gücünüzlə çalışın. Bir məqamı da qeyd etmək istəyirəm ki, abituriyent vaxtı çəkdiyiniz əziyyətlər tələbə olanda azalmayacaq, əksinə daha da artacaq. Amma ixtisası sevərək oxuduğunuzda  bütün bu  əziyyətlər sizə xoş gələcək və daha çox öyrənmək istəyəcəksiniz.

-Boş vaxtlarınızı necə dəyərləndirirsiniz? Maraqlarınız və hobbiləriniz nələrdir?

- Şəkil çəkməyi çox sevirəm. Uşaqlıqda toxumağı da öyrənmişdim. Fürsət olduqca nə isə  toxumağa da çalışıram. Bundan başqa, kitab oxumağı da sevirəm. Əsasən məndə klassik kitablar daha çox maraq doğurur. Oxuduqca ruhumun dincəldiyini hiss edirəm. Əlavə olaraq, fantastik və animasiya filmlərini izləməyi daha çox sevirəm. Görmədiyim yerlərə getmək, gəzmək də ən sevdiyim məşğuliyyətlərdəndir. Gələcək xəyallarım arasında dünyanı səyahət etmək də var. Həmçinin, piano çalmağı öyrənmək də çox istəyərəm.

-Gələcəkdə özünüzü harada görürsünüz? Fidan Rəhimovanı 10 il sonra necə təsəvvür edirsiniz?

- Bu suala cavab vermək üçün çox tez olduğunu hiss edirəm. Amma istəyərdim ki, öz ölkəmizdə fəaliyyət göstərən, öz zamanının ən savadlı  cərrahlarından biri kimi tanınım. İnsanların çoxusunda sabit bir fikir var ki, cərrahlıq, xüsusilə də ümumi cərrahlıq qadınlara uyğun bir sahə deyil. Mən bu qəliblənmiş fikri yıxmaq və həmin insanlara savadın, çox çalışmağın və uğurlu olmağın cinsiyyətlə əlaqəli olmadığını göstərməyi çox istəyirəm və bu hədəfimə çatmaq üçün çalışmaqdayam.

Yaqut Ağaşahqızı, “İki sahil”