25 iyul 2025 09:36
165

Saxta şərhlər nəyə xidmət edir?

Milli Məclisin deputatı: Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, dünya birliyində etibarlı tərəfdaş kimi tanınması müəyyən dairələri çox narahat edir

Regionda baş verən son hadisələr fonunda Azərbaycan hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb. Belə ki, son vaxtlar bir sıra sosial şəbəkə hesablarında ölkəmizin rəsmi şəxslərinin adlarından Azərbaycanla bağlı həqiqətə uyğun olmayan saxta şərhlər yayılmaqdadır. Məsələn, bir neçə gün öncə Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yer alıb. Yeri gəlmişkən, belə saxta şərhlər Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından da yayılıb.

Şübhəsiz, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) bildirdiyi kimi, ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir. Elə bu səbəbdən də sözügedən qurum cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırıb: “Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".

Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycanın öz problemlərini həll edə bilməsi, müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə nüfuzunun artması, dünya birliyində etibarlı tərəfdaş kimi tanınması müəyyən dairələri çox narahat edir. Odur ki, Azərbaycanı bir sıra ölkələr kimi özlərindən asılı görmək istəyən anti-Azərbaycan qüvvələr respublikamızın daxilində beşinci kolon yaratmağa çalışmaqla yanaşı, ölkəmizlə bağlı yalanlar da uydururlar. Şübhəsiz, bu dezinformasiyaların məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş dövlətlərlə münasibətlərini pozmaqdır. Onu da vurğulayaq ki, onlar ilk dəfə deyil ki, belə feyk xəbərlər yayımlayırlr. Amma bu dəfə onlar fərqli şəkildə çıxış edirlər. Belə ki, əvvələr belə saxta xəbərlər sadə insanların və yaxud tanınmayın  şəxslərin adlarından yayımlanırdı. Son vaxtlar isə ölkəmizin rəsmi şəxlərinin adlarından belə xəbərlər yaymağa başlayıblar. Onlar öz yalanları ilə xalqı aldatmağa çalışırlar.

Milli Məclisin deputatı daha sonra dedi: “Bizdə belə bir atalar sözü var: “Yalan ayaq, tutar amma yeriməz”. Bu cür yalanlar gec-tez ifşa edilir.  Onlar bu yolla Azərbaycanı zəiflətmək, cəmiyyətimizdə çaşqınlıq yaratmaq istəyirlər ki, bununla da çox böyük yanlışlığa yol verirlər. Çünki cəmiyyətimiz düzgün xəbəri yalandan ayırmağı, müstəqilliyimizi, uğurumuzu qiymətləndirməyi bacarır. Odur ki, birmənalı şəkildə bəyan edirəm ki, onların Azərbaycan daxilində çaşqınlıq yaratmaq istəkləri və yaxud beynəlxalq aləmdə ölkəmizi ləkələmək niyyətləri heç zaman alınmayacaq.

Bir məsələni də qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından öz sosial media platformasında paylaşım edib. Xüsusi vurğulamaq istəyirəm ki, ABŞ Prezidentinin başqa bir ölkənin prezidentinin fikirlərini paylaşması mütəmadi müşahidə edilən hal deyil. Şübhəsiz, bu, ABŞ kimi superdövlətin rəhbərinin Azərbaycan həqiqətlərinə güzgü tutması deməkdir. Bu mənada zənnimcə, elə bu fakt yayılan bütün feyk xəbərlərə tutarlı cavabdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib”.

Milli Məclisin deputatı söhbətini bu sözlərlə tamamladı: “Fikrimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciətində səsləndirdiyi bu sözlərlə tamamlamaq istərdim: “…qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır”. Şübhə etmirəm ki, mediamız saxta xəbərlərə qarşı mübarizədə daha fəal olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”