28 iyul 2025 14:11
323

Azərbaycan məsuliyyətli dövlət imicini gücləndirir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əməkdaşlığı son illərdə əhəmiyyətli uğurlar qazanaraq ölkənin qlobal miqyasda mövqeyini xeyli gücləndirmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi praqmatik xarici siyasət Azərbaycanı etibarlı tərəfdaş kimi dünya səhnəsində önə çıxarıb. Azərbaycanın BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlarda fəal iştirakı ölkənin beynəlxalq nüfuzunu artırmışdır. Xüsusilə, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya siyasətindəki rolunun təsdiqi olmuşdur. Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi isə Azərbaycanın qlobal liderlik qabiliyyətini nümayiş etdirdi. Ölkəmiz bu dövrdə 80-ə yaxın ölkəyə COVID-19 pandemiyası ilə mübarizədə humanitar yardım göstərərək beynəlxalq həmrəyliyə töhfə verib. Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təminatçısı kimi rolu, xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra daha da möhkəmləndi. Ermənistanla sülh danışıqlarında konstruktiv mövqe tutaraq regionda uzunmüddətli sülhə nail olmaq istəyi Azərbaycanın məsuliyyətli dövlət imicini gücləndirir. İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və digər qurumlarla əməkdaşlıq iqtisadi və siyasi islahatlara dəstək vermiş, ölkənin tranzit və enerji potensialını artırmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Region ölkələri ilə, xüsusilə Türkiyə və Rusiya ilə strateji tərəfdaşlıq əlaqələri, Şuşa və Moskva Bəyannamələri ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Bu əlaqələr iqtisadi, hərbi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirərək regionda sabitliyi təmin edir. Azərbaycanın nəqliyyat və kommunikasiya dəhlizlərindəki rolu, xüsusilə Şərq-Qərb və Şimal-Cənub marşrutları ölkəni beynəlxalq ticarətdə mühüm qovşağa çevirdi. Mədəni diplomatiya sahəsində Heydər Əliyev Fondunun təşəbbüsləri, muğam və caz festivalları, eləcə də İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəni nüfuzunu göstərir. Ölkəmizin turizm potensialı, Şahdağ və Tufandağ kimi komplekslərin inşası ilə qlobal miqyasda tanıdılıb. İKT sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BakuTel kimi tədbirlər Azərbaycanı regionda texnoloji lider kimi təqdim edir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu iqtisadi investisiyaların cəlb edilməsində, xarici bazarlara çıxışda və geosiyasi təsir dairəsinin genişlənməsində dividentlər gətirir. Ölkəmiz qlobal problemlərin həllində fəal iştirak edərək iqtisadi və siyasi modernləşməni sürətləndirir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti regionda sülhün və əməkdaşlığın təşviqinə xidmət edir. Bu nailiyyətlər Azərbaycanı gələcəkdə daha böyük beynəlxalq layihələrdə lider ölkə kimi görmək üçün möhkəm zəmin yaradır. Nəticədə, Azərbaycan dünya birliyində özünəməxsus mövqeyi ilə qlobal və regional proseslərdə mühüm rol oynayan nüfuzlu dövlətdir.

Tural İsmayılov,

tədqiqatçı, analitik