28 iyul 2025 21:42
167

Niderland İsraili milli təhlükəsizlik təhdidləri siyahısına əlavə edib

Niderland hökuməti ilk dəfə İsraili krallığın milli təhlükəsizliyinə təhdid yaratdığına inandıqları ölkələr sırasına daxil edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Jerusalem Post” qəzeti Niderlandın Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinatorunun (NCTV) “Üçüncü ölkə təhdidlərinin qiymətləndirilməsi-2025” hesabatına istinadən yazıb.

Bu sənədə əsasən, yəhudi dövləti xaricdə, o cümlədən Niderlandda siyasətə və ictimai rəyə təsir göstərməyə cəhd edir. Bu, hesabat müəlliflərinin fikrincə, Niderlandın demokratik institutları üçün təhlükə yarada bilər.

Hesabatın beynəlxalq institutların işinə xarici müdaxiləyə həsr olunmuş ayrıca bölməsində ABŞ ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və Beynəlxalq Ədalət Məhkəməsinə ictimai təzyiq göstərən ölkə kimi İsrail də xatırlanır.

NCTV-nin hesabatı iyulun 17-də dərc olunub. Nəşrin qeyd etdiyi kimi, İsrail hakimiyyəti hələlik sənəddə yer alan məlumatlara rəsmi münasibət bildirməyib.