29 iyul 2025 22:42
145

AFFA-nın təşkilatçılığı ilə hakimlər üçün təlim-məşq toplanışı başlayıb

AFFA-nın təşkilatçılığı ilə 2025/2026-cı illər mövsümünə hazırlıq məqsədilə elit kateqoriyaya daxil olan baş və köməkçi hakimlər üçün xüsusi təlim-məşq toplanışı başlayıb.

“İki sahil” xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin rəhbərliyi altında avqustun 1-dək davam edəcək hazırlıq Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunub.

Proqramın ilk günündə ənənəvi olaraq hakimlərin fiziki hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə fitnes testi olub. Toplanış zamanı iştirakçılar üçün həm nəzəri, həm də praktik bölümləri əhatə edən bir sıra seminar və təlimlər planlaşdırılıb.

Təlim proqramının ən diqqətçəkən məqamlarından biri beynəlxalq miqyasda tanınan mütəxəssislərin iştirakıdır. VAR üzrə ekspert Kristof Dierik, UEFA və FIFA tərəfindən yüksək qiymətləndirilən sabiq köməkçi hakim Leif Lindberq, həmçinin dünya çempionatlarının final mərhələlərində oyun idarə etmiş serbiyalı məşhur hakim Milorad Maziç xüsusi təlim sessiyalarında iştirak edərək, bilik və təcrübələrini yerli hakimlərlə bölüşəcəklər.

Toplanışın təşkilində əsas məqsəd Azərbaycan futbolunda ədalətli oyun prinsiplərinin qorunması, hakimlərin beynəlxalq standartlara uyğun hazırlığının təmin olunması və yeni mövsümdə tətbiq olunacaq qayda yenilikləri barədə biliklərin dərinləşdirilməsidir. AFFA Hakimlər Departamenti tərəfindən keçirilən bu hazırlıq prosesi yerli hakimlər üçün həm praktiki, həm də nəzəri baxımdan böyük əhəmiyyət kəsb edir.