31 iyul 2025 13:43
146

Cəsarətli və qətiyyətli mövqe

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz zəngin siyasi irsi və müdrik fəaliyyəti ilə milli dövlətçilik tariximizdə silinməz iz qoymuş şəxsiyyətdir. Onun rəhbərliyi dövründə ölkənin iqtisadi və siyasi sabitliyinin təmin olunması ilə yanaşı, milli-mənəvi dəyərlərin, o cümlədən ana dilinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Xalqımızın varlığının əsas dayağı olan Azərbaycan dilinin dövlət dili statusunun qorunması və onun cəmiyyətin bütün sahələrində işlənməsinə şərait yaradılması Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutmuşdur.

Sovet İttifaqının tərkibində olduğumuz dövrdə milli dillər ikinci planda tutulur, rus dili dominant və üstün mövqe tuturdu. Bu şəraitdə Azərbaycan dilinin ictimai və rəsmi dairələrdə sıxışdırılmasına cəhdlər edilirdi. Məhz belə bir dövrdə, 1970–80-ci illərdə Azərbaycan SSR rəhbəri olan Heydər Əliyev böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək Azərbaycan dilinin hüquqlarını müdafiə edirdi. Onun təşəbbüsü ilə Azərbaycan dilinin məktəblərdə, ali təhsil ocaqlarında, mətbuatda və rəsmi sənədlərdə daha geniş tətbiqinə şərait yaradıldı.Heydər Əliyev bu məsələdə heç vaxt güzəştə getmədi. O, bir çox çıxışlarında açıq şəkildə bildirirdi ki, “hər bir xalqın milli dəyərlərinin qorunması, ilk növbədə, onun dilinin yaşadılmasından asılıdır”. Bu fikirlər sovet senzurası şəraitində cəsarətli mövqeyin təzahürü idi.

1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, dil məsələsinə xüsusi həssaslıqla yanaşaraq, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan türkcəsinin hüquqi statusunu daha da möhkəmləndirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasında “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının yer alması, məhz Ulu Öndərin prinsipial mövqeyinin nəticəsi idi.

2001-ci ildə Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Həmin qanunla Azərbaycan dilinin işlədilməsi, qorunması və inkişaf etdirilməsi üçün hüquqi baza formalaşdırıldı. Eyni zamanda, latın qrafikalı əlifbaya keçid prosesi tamamlandı və Azərbaycan dilinin müasir texnologiyalarla uyğunlaşması üçün zəmin yaradıldı.

Bu gün Ulu Öndərin ana dili ilə bağlı müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin dövlət və ictimai həyatın bütün sahələrində tətbiqi genişlənir, dilin təmizliyi və saflığının qorunması ilə bağlı tədbirlər görülür. Dövlət başçısının sərəncamı ilə 1 Avqust — Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu, ana dilinə verilən yüksək dəyərin təcəssümüdür.

Ulu Öndər Heydər Əliyevin dövlət dili uğrunda göstərdiyi qətiyyətli mövqe və yorulmaz fəaliyyəti onun xalqına, milli kimliyinə və mədəniyyətinə olan dərin sevgisinin bariz nümunəsidir. Onun bu sahədəki xidmətləri nəticəsində Azərbaycan dili bu gün yalnız rəsmi dil statusunu daşımır, eyni zamanda, xalqın qürur mənbəyinə çevrilmişdir. Bizlərə düşən isə bu dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini sevərək danışmaq və gələcək nəsillərə ötürməkdir.

Amaliya Ömərova,
YAP Xətai rayon təşkilatının fəalı,
257 saylı məktəbin müəllimi