01 avqust 2025 00:15
232

Kazinoların fəaliyyəti turizmin inkişafını sürətləndirəcək

Kazino biznesi dünya miqyasında iqtisadi inkişafın müəyyən göstəricilərinə təsir göstərən mühüm fəaliyyət istiqamətləri sırasında xüsusi diqqət çəkir. Hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır. Bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır. Artıq Azərbaycan da bir çox turizm ölkələri kimi, gəlirli kazino sənayesini ölkəmizə gətirir.

Məlumat üçün bildirək ki, bu məqsədlə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna müəyyən dəyişikliklər də olunub. Həmin sənədə görə, Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olunub. Şübhəsiz, bu da kazinonun turizmlə birbaşa əlaqəsi olmasından irəli gəlib.

 Yeri gəlmişkən qeyd edək ki, bu, heç də ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Yəni, nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. “Oyun biznesi” ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Özü də qeyd etdiyimiz kimi, əsasən xarici turistlər üçün nəzərdə tutulmuş kazino oyunlarının yalnız süni torpaq sahələrində, qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşkil edilməsinə icazə verilir. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir. Şübhəsiz, bu da kazino fəaliyyətinin şəffaflıq və hüquqi tənzimləmə vasitəsilə risklərin idarə olunmasına, sosial təsirlərin minimuma endirilməsinə və dövlət nəzarətinin effektivliyinin artırılmasına xidmət edəcək.

Qeyd edək ki, kazino sahəsinin leqallaşdırılması və effektiv tənzimlənməsi bir sıra ölkələrdə özünü doğrultmuş uğurlu iqtisadi model kimi çıxış edir. Məsələn, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində yüksək turizm gəlirləri və inkişaf etmiş lüks infrastrukturun formalaşması məhz oyun turizmi hesabına mümkün olub. Gürcüstanın Batumi şəhəri də oyun turizmi sayəsində dirçəlib. Yeri gəlmişkən, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür.

Şübhəsiz, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında fəaliyyət göstərəcək kazino sektoru yüzlərlə obyektlərin inşasına, yeni infrasturkturların yaranmasına, minlərlə yeni iş yerinin açılmasına, eləcə də turizmin digər sahələrinin inkişafına səbəb olmaqla yanaşı, illik yüz milyonlarla manat vergi və lisenziya ödənişləri ilə büdcəyə əhəmiyyətli töhfə də verə bilər. Qeyd edək ki, ABŞ-da bu sənaye ildə 10 milyard dollardan çox vergi gəliri formalaşdırır.

 Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, 2024-cü ildə qlobal turizm bazarının həcmi 8,5 %-dən çox artaraq 10,9 trilyon ABŞ dollarına çatıb. Bu rəqəm isə dünya iqtisadiyyatının 10 %-nə bərabərdir. Turizm sektorunda çalışan insanların sayı isə 357 milyona yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 6,2 % artım deməkdir. Beləliklə, dünya üzrə hər onuncu iş yeri məhz bu sahə ilə bağlıdır. Rəsmi statistikaya əsasən, 2024-cü ildə ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 26 %-lik artım deməkdir. Yalnız 2025-cü ilin ilk yarısında ölkəmizə 178 ölkədən 1 milyon 217,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu dinamika Azərbaycanın beynəlxalq turizm bazarında getdikcə daha cəlbedici məkan olduğunu göstərir. Bu mənada Azərbaycan dünyanın turizm xəritəsində də özünə layiqli yer tutmaqdadır. Yeri gəlmişkən, qeyri-neft sahəsinin aparıcı qollarından olan turizmin inkişafı, turizm iqtisadiyyatımızın güclənməsi ölkəmizin dünyada tanıdılması baxımından da çox əhəmiyyətli sahədir.  Odur ki, bu səbəbdən turizmin inkişafı üçün yeni yollar axtarılır, həmçinin mövcud potensialdan istifadə ön plana çəkilir. Kazino sənayesi isə ölkəmizdə turizmin inkişafını daha da sürətləndirən faktor ola bilər. Yəni,  ölkəmizə gələn turistlərin axının artmasına müsbət təsir edər. Çünki kazino turizminin üstün cəhəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir.

Elə bu kimi səbəblərdən ölkənin iqtisadi inkişaf strategiyasına uyğun olaraq yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, turizmin stimullaşdırılması və xarici investisiyalar üçün cəlbedici mühitin yaradılması məqsədilə Xəzər dənizinin Azərbaycan sektorunda süni torpaq sahələrinin yaradılması və həmin ərazilərdə ciddi nəzarət altında lisenziyalı kazino fəaliyyətinin təşkili günün iqtisadi və institusional tələbinə çevrilib. Qeyd edək ki, Azərbaycan bu prosesə hüquqi mexanizmlərlə tam tənzimlənmiş bir şəkildə daxil olmağı planlaşdırır.

Qvami Məhəbbətoğlu, “İki sahil”