03 avqust 2025 12:19
169

Minsk prosesi ilə bağlı olan ATƏT strukturlarının bağlanması zəruridir - ŞƏRH

1975-ci il Helsinki sazişləri Avropada sülh və təhlükəsizlik üçün zəruri şərt kimi sərhədlərin toxunulmazlığını və onlara qarşı güc tətbiqindən imtinanı elan edib. Ancaq gəlin özümüzə qarşı dürüst olaq: onilliklər ərzində ATƏT-in bu və digər prinsip və öhdəliklərinin seçici şəkildə tətbiqi ATƏT regionunda təhlükəsizliyə və əməkdaşlığa ciddi zərbə vurub. Bu barədə Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransında yaydığı bəyanatda vurğulanıb.

Bəyanatda, həmçinin bildirilir ki, ATƏT-in münaqişələrin həlli üzrə mandatını yerinə yetirməməsi qarşısında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur olub, bununla Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb: “Bu kontekstdə münaqişənin başa çatması ilə aktuallığını itirmiş keçmiş Minsk prosesi ilə bağlı olan ATƏT strukturlarının bağlanması xüsusilə zəruridir. Təşkilat daxilində, o cümlədən büdcə prosesində səmərəliliyin, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi cari problemlərin həlli yollarını tapmaq və gələcək çağırışlara hazırlaşmaq üçün əsas olacaqdır. Təşkilatın məhdud resursları ən çox ehtiyac duyulan yerdə istifadə edilməlidir”.

Bəli, Ermənistanla Azərbaycan arasında münaqişə ölkəmizin tarixi ədaləti bərpa etməsi ilə başa çatıb. Keçmiş Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuş uğursuz Minsk qrupu isə bu prosesdə isə heç bir müsbət rol oynamayıb. Artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni də razılaşdırılıb. Hazırda tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar davam edir. Amma bu qurum hələ də Ermənistanın ucbatından rəsmi şəkildə fəaliyyətini dayandırmayıb. Halbuki, rəsmi Bakı haqlı olaraq tələb edir ki, Ermənistan sözügedən təsisatın fəaliyyətinin rəsmən dayandırılması üçün Azərbaycanla birgə müvafiq müraciət ünvanlasın. 

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev müxtəlif tədbirlrdə ATƏT-in uğursuz Minsk qrupunun buraxılması zərurətini dəfələrlə bildirib. Məsələn, bu ilin aprelində Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edərkən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib.

Sual olunur: Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Qarşı tərəf isə bildirir ki, belə bir müraciət yalnız sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda ola bilər. Ölkəmiz isə haqlı olaraq məsələnin qoyuluşu ilə razı deyil. Şübhəsiz, Ermənistanın bu məsələyə yanaşmasında hiylə var. Belə ki, heç kəs ATƏT-in Minsk qrupunun sülh müqaviləsi imzalandıqdan sonra ləğv ediləcəyinə təminat verə bilməz.

Bəli, Ermənistan və onun havadarları, xüsusilə Fransa Minsk qrupunu canlandırmaqda, onun fəaliyyətini davam etdirməsində təkid etməkdədirlər. Şübhəsiz, təcavüzkar ölkə və onun havadarları bu qurumun formal olaraq qalması ilə münaqişənin hələ tam həll olunmadığını göstərmək niyyətindədirlər. Ermənistan rəsmilərinin fikrincə, ATƏT-in Minsk qrupu Qarabağ ermənilərinin geri qayıdışı üçün platforma rolunu oynaya bilər. Halbuki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. Belə ki, bütün bunlar Ermənistanın revanşist niyyətindən, yəni gələcəkdə Azərbaycana qarşı beynəlxalq təzyiq vasitəsi kimi nəzərdə tutulmasından xəbər verir.  Odur ki, Azərbaycan haqlı olaraq onun ləğvini israrla tələb etməkdədir. Hətta rəsmi Bakının İrəvanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərtdən biri budur. Sözügedən bəyanatda bildirildiyi kimi, təşkilatın məhdud resursları ən çox ehtiyac duyulan yerdə istifadə edilməlidir. Belə yerlər isə olduqca çoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”