01 may 2026 19:34
110

Azərbaycan-Ermənistan: Normallaşma prosesi irəliləyir

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana yük tədarükü davam etdirilir.  Aprelin 30-da 4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Rusiya və Qazaxıstan taxılının, Azərbaycan istehsalı olan Aİ-95 markalı benzinin Ermənistan bazarına çatdırılması onu göstərir ki, regionda kommunikasiya xətləri artıq geopolitik təzyiq alətindən daha çox iqtisadi əməkdaşlıq vasitəsinə çevrilməkdədir. Bu, həm də onu göstərir ki, Azərbaycanın tranzit potensialı Ermənistanın ərzaq və kənd təsərrüfatı ehtiyaclarının qarşılanmasında həlledici amilə çevrilir.  Bu prosesdə Azərbaycan həm tranzit gəliri əldə edir, həm də regional proseslərdə öz statusunu möhkəmləndirir.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Azərbaycan yük tranziti üzrə mövcud məhdudiyyətləri tam aradan qaldırıb. Şübhəsiz, Azərbaycanın heç bir siyasi şərt irəli sürmədən belə addımlar atması bölgədə formalaşmaqda olan sülh gündəliyinə xidmət edir. Bir sözlə, bu, Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşmasına töhfəsini verir. Yeri gəlmişkən, aprelin 6-da Gürcüstana səfəri çərçivəsində Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bildirib ki, sülh prosesini gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil: “Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir”.  Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa edilməsi və ikitərəfli ticarətə başlamaq üçün şərait yaradılması haqqında qərarına görə Prezident İlham Əliyevə dəfələrlə təşəkkürünü bildirib. Onun fikrincə, bu, regionda sülh və sabitliyin bərqərar olması çərçivəsində ən mühüm nailiyyətlərdən biridir.

Aprelin 29-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə İrəvanda keçirilən Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasında Azərbaycan ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir. Həmin tədbirdə, həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri də müzakirə olunub. İclasda, həmçinin kommunikasiya xətlərinin açılması istiqamətində praktik addımlar diqqətə çatdırılıb.

Yeri gəlmişkən, bu, müstəqillik illərində ilk dəfə olaraq Azərbaycanın rəsmi nümayəndə heyətinin Ermənistana səfəridir. Şübhəsiz, bu, həm də Bakı-İrəvan münasibətlərində müşahidə olunan praqmatik normallaşmanı prosesini əks etdirir.

Baş nazir Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Ermənistandan müəyyən məhsul qruplarının Azərbaycana ixracı mümkündür. Ermənistan və Azərbaycan arasında biznes qruplarının artıq görüşlər keçirildiyini vurğulayan Paşinyan əlavə edib ki, indiyədək işgüzar dairələr öz siyahılarını iki ölkənin hökumətləri vasitəsilə təqdim ediblər: “Amma ticarət axınları artdığı üçün hökumətlərin bu prosesi əvvəlki kimi idarə etməsi artıq məqsədəuyğun deyil. Ona görə də, bundan sonra əsas rol birbaşa işgüzar tərəflərin əməkdaşlığına veriləcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”