03 avqust 2025 21:35
91

Özbəkistan və Qazaxıstanın energetika nazirlikləri Ukrayna KİV-in yazdıqlarını təkzib edir

Mərkəzi Asiya-Mərkəz” qaz kəməri normal rejimdə işləyir

Ukrayna KİV-ləri avqustun 2-də Rusiyanın Volqoqrad vilayətində baş vermiş partlayışlar nəticəsində “Mərkəzi Asiya-Mərkəz” qaz kəmərinin sıradan çıxdığını və bu səbəbdən Özbəkistana Rusiya qazının nəqlinin dayandığını iddia ediblər. Lakin Özbəkistan və Qazaxıstanın energetika nazirlikləri qaz kəmərinin normal rejimdə fəaliyyət göstərdiyini açıqlayıblar.

Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb

İki sahil” xəbər verir ki, Özbəkistan Energetika Nazirliyi “Gazeta”nın sorğusuna cavabında bildirib ki, Özbəkistanın Rusiya qazını idxal etdiyi qaz kəməri normal rejimdə işləyir.

Qeyd edilib ki, Özbəkistan tərəfi Qazaxıstan və Rusiya dispetçer xidmətləri ilə əlaqə saxlayıb və qaz kəmərinin zədələnməsi ilə bağlı məlumatlar təsdiq olunmayıb.

Tengrinews.kz portalı Qazaxıstan Energetika Nazirliyinə istinadən yazıb ki, ölkə ərazisində qazın nəqli tam normal rejimdə davam edir: “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəmərində baş verdiyi iddia olunan insidentlərlə bağlı bildiririk ki, Qazaxıstan Respublikası ərazisində qaz nəqli normal rejimdə aparılır. Qaz nəqlində və infrastrukturun fəaliyyətində heç bir pozuntu qeydə alınmayıb”.

Qazaxıstan Energetika Nazirliyi əlavə edib ki, ölkə ərazisindən keçməklə Özbəkistana təbii qaz tədarükü əvvəlcədən müəyyən olunmuş həcmlərə və qrafikə uyğun həyata keçirilir.

“Mərkəzi Asiya-Mərkəz” qaz kəməri — Rusiya “Qazprom” şirkətinin nəzarətində olan, Türkmənistandan keçərək Özbəkistan və Qazaxıstan üzərindən Rusiyaya uzanan qaz kəmərləri sistemidir. Bu infrastruktur 1960–1988-ci illər arasında tikilib. Onun şərq qolu Türkmənistanın cənub-şərq yataqlarından başlayan 1, 2, 4 və 5 nömrəli boru kəmərlərindən ibarətdir.

Əvvəllər bu marşrutla Rusiyaya əsasən Özbəkistan və Türkmənistan qazı nəql olunurdu. Lakin 2023-cü ilin oktyabr ayından etibarən Özbəkistan 4-cü kəmər vasitəsilə geriyə (revers) rejimdə Rusiya qazını idxal etməyə başlayıb. Digər üç kəmər isə Türkmənistanla Rusiya arasında qaz tədarükünün uzadılması üzrə razılığın əldə olunmamasından sonra hazırda istismar olunmur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”