07 avqust 2025 01:58
156

ABŞ-Ermənistan hərbi təlimləri kimə qarşıdır?

Bir neçə gündən sonra, 12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner - 2025" adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadasıı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcəklər.

Təlimlərdə sülhməramlı tapşırıqların icrası, o cümlədən tibbi təxliyənin təşkili kimi manevrlər yerinə yetiriləcək. Əsas məqsədin sülhməramlı əməliyyatlara qatılan bölüklərin birgə fəaliyyətinin təşkili, idarəetmə və taktiki kommunikasiya sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistanın sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlanıb. Müdafiə Nazirliyi beynəlxalq ictimaiyyətə belə məlumat verilib.

Xatırladaq ki, 2023-cü ildə də eyni təlimlər keçirilib. ABŞ və Ermənistan arasında Cozef Bayden administrasiyasının səlahiyyətlərinin bitməsinə 5 gün qalmış - Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Razılaşmaya görə, Ermənistan və ABŞ il ərzində müdafiə sahəsində ikitərəfli məsləhətləşmələri başlatmaq və Ermənistan ordusuna peşəkar hərbi təlimlər daxil olmaqla, müdafiə və təhlükəsizlik proqramlarının əhatə dairəsini genişləndirməyi planlaşdırır.

Tərəflər Ermənistanın Avroatlantik qurumlara inteqrasiyasını dərinləşdirmək və Ermənistanın müdafiəsini gücləndirmək üçün təhlükəsizlik sahəsində əməkdaşlıq və islahat proqramlarını genişləndirməyi planlaşdırır. ABŞ Ermənistan sərhəd qoşunlarının potensialını gücləndirmək üçün daxili işlər və daxili təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan bütün hüquq-mühafizə qüvvələrinin təlimi və islahatlarına dəstək vermək niyyətindədir. Xartiyaya əsasən, ABŞ Ermənistanın sərhəd təhlükəsizliyinin potensialını, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və “Eagle Partner” təlimləri vasitəsilə sülhməramlı qüvvələrin əhatə dairəsini  artırmaq üçün Ermənistana gömrük və sərhəd-patrul komandası göndərməlidir.

Göründüyü kimi, bu sazişin icrası Tramp administrasiyası dönəmində 6 ay gecikdi. Lakin artıq xartiyadan irəli gələrək təlimlər başlanır. Sadəcə, hələ də amerikalı gömrükçü və sərhədçi patrul xidməti Ermənistana göndərilməyib.Şübhə yoxdur ki, Ermənistanın təhlükəsizliyinə nəzarəti öz əlinə alan ABŞ zamanında bütün problemləri aradan qaldıracaq.

ABŞ hərbi qüvvələrinin Ermənistanda yerləşməsi Rusiyaya və İrana son xəbərdarlıqdır. Bu, o deməkdir ki, üç yüz il Cənubi Qafqazı əsarət altında saxlayan Rusiya imperiyası şələ-küləsini götürüb regionu həmişəlik  tərk etməlidir. Bir neçə yerdən boğazlanaraq nəfəsi təngimiş yarımcan imperiyanın nəinki hücuma keçməyə, heç müdafiə olunmağa belə qüvvəsi çatmır.

İranda da vəziyyət eynilə belədir. Molla rejiminin gücü saqqallarının altında donquldamaqdan savayı heç nəyə çatmır. Qonşulara buynuz göstərən quyruğuqırıq şirin davamçıları artıq tülkü cildində gizlənməli olublar. İllərlə gözlədikləri təhlükənin qapının kandarında dayanması çalmalıları karıxdırıb. Nə edəcəklərini kəsdirə bilmirlər. Özgə vaxt dil-dil ötən həyasız mollalar susqun qalmaqla nəyinsə baş verəcəyi qorxusu ilə gözləyirlər. Ancaq çox güman ki, bu məşum naməlumluq uzun müddət sürməyəcək. On illərdir belə yaxın mövqedə yerləşə bilməyən ABŞ hərbi qüvvələri artıq atom silahı daşıyan sualtı gəmilərini həm Rusiyaya, həm də İrana yaxın məsafəyə gətirib. Bu, hər iki dövlət üçün qarşısıalınmaz təhlükədir.

Vəli İlyasov, “İki sahil”