“Avazadakı üçtərəfli görüşün əsas məqsədi nə idi?” – sualını cavablandıran Milli Məclisin deputatı Mehriban Vəliyeva "İki sahil"ə bildirdi:
“Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycanın Baş naziri Əli Əsədov arasında keçirilən görüş yeni bir əməkdaşlıq formatının əsasını qoydu. Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli platforması çərçivəsində ilk dəfə baş tutan bu görüşdə formatın davamlı və məhsuldar əməkdaşlığa çevrilməsi barədə razılıq əldə olundu. Əsas diqqət iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəldi.
Xüsusilə nəqliyyat, logistika və enerji sektorlarında strateji tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olundu və qarşılıqlı marağın yüksək olduğu vurğulandı. Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən bu coğrafiyada yerləşən dövlətlərin birgə fəaliyyəti həm regional inkişaf, həm də qlobal ticarət zəncirinə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.”
Mehriban Vəliyeva əlavə etdi ki, Azərbaycan dənizə çıxışı olmayan ölkə olsa da, coğrafi məhdudiyyətləri üstünlüyə çevirə bilmiş nadir dövlətlərdəndir:
“Konfrans zamanı Baş nazir Əli Əsədov qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə verdiyi töhfələrlə beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilib. 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 90 faiz artıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və 50-dən çox gəmidən ibarət ticarət donanması bu potensialın bariz göstəricisidir.”
Ekoloji məsələlərə gəlincə, deputat Azərbaycanın bu sahədə təşəbbüskar mövqeyini də vurğuladı:
“Xəzər dənizinin səviyyəsinin azalması ciddi narahatlıq doğurur. 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlət Başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırdı. Səbəblərin araşdırılması, elmi ekspertizaların aparılması və qarşısının alınması üçün tədbirlərin görülməsi istiqamətində regional əməkdaşlığa çağırış edildi.”
Mehriban Vəliyeva həmçinin COP29 və iqlim siyasətində Azərbaycanın liderliyi barədə fikirlərini də bölüşdü:
“Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə qlobal iqlim siyasətində liderliyini bir daha nümayiş etdirdi. Bakı Maliyyə Məqsədi, karbon bazarları üçün çərçivənin yaradılması və Paris Sazişinin 6-cı maddəsinin icrasına başlanılması tarixi addımlardır. Bundan əlavə, “Rəqəmsal İpək Yolu” və Trans-Xəzər fiber-optik kabel layihəsi vasitəsilə region ölkələrinin texnoloji inkişafına ciddi töhfə veririk.”
Azərbaycanın regional və beynəlxalq siyasətində prioritetlər nədən ibarətdir? – sualına cavab olaraq deputat vurğuladı:
“Azərbaycan müstəqil, çoxvektorlu və qətiyyətli siyasət yürüdür. Biz heç kimin orbitində deyilik. Cənab Prezidentin dediyi kimi: 'Bizim ailəmiz Türk dünyasıdır.' Avrasiya məkanında sülh, əməkdaşlıq və sabitlik bizim əsas prinsiplərimizdir. Enerji, nəqliyyat, texnologiya və iqlim dəyişiklikləri sahəsində Azərbaycanın liderliyi artıq beynəlxalq səviyyədə tanınır. Türkmənistanla yeni müstəvidə qurulan əməkdaşlıq da məhz bu uğurlu siyasətin nəticəsidir. Qərbdəki bəzi siyasi oyunlar isə bizim yolumuzu dəyişə bilməz.”