Gələn il ölkəmiz hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlər inşa etmək olan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək
Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Sessiyada videoformatda çıxış edən Prezident İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqidən, Ermənistanın işğalından azad olunmuş ərazilərin dirçəldilməsi üçün həyata keçirilən islahatlardan, həmin bölgələrdə aparılan böyük quruculuq işlərindən bəhs edərək bildirmişdi ki, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və «Yeni Şəhər Gündəliyi» istiqamətində dayanıqlı urbanizasiyanın və şəhərlərimiz üçün daha yaxşı gələcəyinin təminatı başlıca hədəflərdəndir. Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, beynəlxalq aləmdə meqapolis kimi şöhrət qazanan, misilsiz memarlığı, park və bulvarları ilə tarixi irsin və müasirliyin ahəngliyini özündə birləşdirən Bakının görkəmi daha da gözəlləşdirilir. Hazırda Azərbaycanda müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə başlanan bərpa-quruculuq, yenidənqurma prosesi davam etdirilir. Ölkəmizdə müasir şəhər planlaşdırılması prosesi davam etdirilir. «Yaşıl enerji» və «sıfır tullantı»” konsepsiyalarının tətbiqinə diqqət artırılır. İlk pilot layihə kimi Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılan təcrübələr geniş miqyasda davam etdirilir. Erməni vandalları tərəfindən dağıdılan iri şəhərlərin Baş planları hazırlanır. Katovtise Forumunda «Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda Azərbaycan reallığı müasir tarixin ən mürəkkəb və iddialı, ərazilərin minalardan təmizlənməsi ilə başlanan bərpa-yenidənqurma işlərinin təşəbbüskarı kimi nümunə göstərilir. «Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır» söyləyən Prezident İlham Əliyev bildirmişdi ki, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlər inşa etməkdir. Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının («UN-HABITAT») icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşündə qurumla əməkdaşlığa böyük önəm verildiyini bildirən Prezident İlham Əliyev Ağdamda ilk Milli Şəhərsalma Forumunun təşkil olunmasının əhəmiyyətini də diqqətə çatdırmışdı.
Azərbaycanın ev sahibliyi ilə reallaşan «Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi» mövzusuna həsr edilən, «Ümumdünya Yaşayış Məskənləri Günü» ilə start verilən, şəhərsalma məsələlərinin mövcud vəziyyətinə baxış olan Forum silsilə tədbirləri ilə diqqəti cəlb etdi. BMT-nin Yaşayış Məskənləri Proqramı («UN-HABITAT») və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda «Dayanıqlı İnkişaf Məqsədləri» və «Yeni Şəhər Gündəliyi» – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi» mövzusuna həsr olunmuş Milli Şəhərsalma Forumu Azərbaycanın qurumla əməkdaşlığının real fəaliyyət istiqamətində davamı üçün qarşılıqlı əməkdaşlığa əsaslanan təməl oldu. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq. Bu Forum şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, problemlərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi üçün platformaya çevrildi. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşdürülməsi və dayanıqlı inkişafın təmin edilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma kimi dəyərləndirildi. Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi respublikamızın yeniliklərə müəlliflik təşəbbüsünə sadiqliyinin ifadəsi, Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə təqdimatı oldu. Qeyd edildi ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilir. Şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaranır, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilib, aradan qaldırılması yolları müzakirə olunaraq, təcrübə mübadiləsi aparılır.
Ətraf mühitin qorunması, sağlamlaşdırılması, insan amilinə diqqətin artırılması məqsədilə təşkil olunan Forumun hədəfi keyfiyyətlə sürəti birləşdirmək, dünya xalqlarının diqqətini ekoloji təhlükəsizliyin təminatına səfərbər etmək, həyat qaynağı olan, lakin tükənməkdə olan təbii resurslardan israfçılıqla istifadənin qarşısını almaq, tullantıların ətraf mühitə təsirinin azaldılması yollarını birlikdə müəyyənləşdirməkdir.
Forumda «Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması adlandırıblar” sözləri ilə erməni vandallığının acı nəticələrini diqqətə çatdıran Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, ermənilərin təbiətə vurduqları zərərlərdən olan su mənbələrinin, çayların çirkləndirilməsi, su mənbələrinin qurudulması, məcrasının dəyişdirilməsi təbiətə, fauna və floraya qarşı vəhşilik olmaqla insanların həyatı üçün də təhlükə törədir. Zəngilanın təbiətini korlayan, Bəsitçay təbiət qoruğunu məhv edən ermənilər çoxillik palıd ağaclarını da kəsmiş, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə Azərbaycana məxsus qızıl yataqlarını istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər... Oxçuçaya axıdılan tullantıların təbiətə vurduğu zərərlə bağlı beynəlxalq təşkilatlalara müraciətlər edilsə də hələ də narahatlıq doğuran vəziyyət davam etməkdədir. Prezident İlham Əliyevin «Yəni, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib» sözləri erməni vandalizminin sərhəd tanımadığının əyani izahı kimi dəstəkləndi. Daha bir fakt. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusunun əsgərləri dağıdılmış şəhərdə bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməmişdi.
Ağdam Forumunda proqnoz kimi diqqətə çatdırılan quruculq işlərinin əksəriyyəti artıq reallışıb. Qarabağın və Şərqi Zəngəzurun «yaşıl enerji zonası» elan olunması Prezident İlham Əliyevin siyasi iradəsinin, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsidir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. Bərpa olunan yaşayış məskənlərində məktəblər, uşaq bağçaları, tibb məntəqələri, məişət obyektləri insanlara xidmət göstərir. «ASAN xidmət», DOST Mərkəzi istifadəyə verilib, kiçik və orta biznesə dəstək üçün hər cür şərait yaradılıb.
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib. 2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Bu, dünyada BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı və Nyu-Yorkda keçirilən Baş Assambleya toplantılarından sonra üçüncü ən böyük və mötəbər tədbirdir. Forum BMT-nin Məskunlaşma Proqramı («UN-Habitat») ilə birgə həyata keçiriləcək. «UN-Habitat» beynəlxalq ictimaiyyəti qlobal mənzil böhranı ilə bağlı təcili tədbirlərin görülməsi naminə beynəlxalq ictimaiyyəti birgə fəaliyyətə çağırır. BMT-nin «2030 Gündəliyi»”ndə yer alan qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondu məhəllələrinin layiqli həyat şəraitinə transformasiyasının vacibliyi həyəcan təbili kimi səsləndirilir. Vurğulanır ki, xüsusilə yaşayış səviyyəsi ağır, böhranlı bölgələrdə bərpa və yenidənqurma işləri təxirəsalınmaz prioritet kimi dünya ictimaiyyətini düşündürməlidir.
Bu sahədə Azərbaycanın təcrübəsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və Böyük Qayıdış” Proqramı nümunə göstərilə bilər. Ölkəmizdə geniş miqyasda həyata keçirilən quruculuq işləri UN-Habitat və WUF12-nin yekun sənədi - Qahirə Bəyannaməsinin prinsiplərinə uyğun şəkildə davam etdirilir. Qarabağda və Zəngəzurda bərpa edilən tarixi məscidlər, məbədlər, qəbiristanlıqlar və muzeylər Qahirə Bəyannaməsində vurğulanan «mədəniyyət və irsi dayanıqlılıq üçün dəyərləndirmək» prinsipini əyani şəkildə nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə Azərbaycanın deyil, həm də qlobal urbanizasiya gündəliyinin yeni model məkanı kimi formalaşır.
İşğaldan azad olunmuş ərazilərdə tikintisi sürətləndirilən şəhər və kəndlərin müasir görkəmi, alternativ enerji resurslarından, ekoloji təmiz nəqliyyatdan səmərəli istifadə Qahirə Bəyannaməsinin «inklüziv və davamlı şəhərlər”» çağırışı ilə eyni səviyyədə səsləşir.
Bu yaxınlarda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda qeyd olunduğu kimi, Qarabağ və Şərq Zəngəzurda, bütünlükdə Ermənistanın işğalından azada edilmiş ərazilərdə sürətlə davam etdirilən bərpa- quruculuq işləri, istifadəyə verilən beynəlxalq hava limanları, açılan yeni sənaye obuektləri, çəkilən yollar, elektrik stansiyaları, infrastruktur layihələri, bərpa olunan tarixi abidələr gələn il ölkəmizdə keçiriləcək Milli Şəhərsalma Forumuna önəmli töhfələrdir. Hazırda 50 minədək keçmiş köçkün bərpa olunan doğma yurdlarında məskunlaşıblar. «Hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir» sözləri ilə görülən işlərin qısa xülasəsini səsləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə bir yolda 7 tunelin inşası görülən işlərin həcminin genişliyini göstərir. Murov dağının altındakı uzunluğu 11 min 700 metr olan infrastruktur dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir və avtombil yolları çəkilir. İndi Ağdama qatarla rahat getmək mümkündür. Ağdam-Xankəndi dəmir yolunun təməli bu yaxınlarda qoyulub. Xankəndi-Şuşa kanat yolunun tikintisi isə ölkəmizin inkişafına, turiszmin genişlənməsinə layiqli töhfə olacaq. Bərpa olunan ərazilərdə infrastruktur layihələri ilə birlikdə yaşayış məskənlərinin inşasına da xüsui diqqət göstərilir. Bu isə insanların məskunlaşması siyasətinin ölkəmizdə daim diqqətdə saxlanıldığının göstəricisidir. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. İnsanlara bəzən möcüzə təsəvvürü bağışlayan bu cür sürətli yüksəliş Qarabağın memarı Prezident İlham Əliyevin qətiyyətinin , iradəsinin nəticəsidir. «Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik» sözləri ilə Böyük Qayıdış” Proqramının artıq reallaşdığını bildirən Prezident Əliyevin söz verdiyi kimi, Qarabağ, Şərqi Zəngəzur, bütünlükdə bölgə həqiqi mənada cənnətin kiçik bir parçasıdır. Belə ki, Azərbaycan gələn il növbəti dəfə ev sahibliyi edəcək beynəlxalq tədbiri- Ümumdünya Səhərsalma Forumunu önəmli töhfələrlə, qarşılayacaq.
Xuraman İsmayılqızı, «İki sahil»