Neçə ildir ki, Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin Bakı-2015 I Avropa Oyunlarına, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına, "Formula I”-ə, UEFA Avropa Liqasının final oyununa və digər mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi bunun əyani sübutudur. Şübhəsiz, bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir.
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Belə ki, ölkəmizdə bu il sentyabr 28-dən oktyabrın 8-dək III MDB Oyunları keçiriləcək. Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq bu yarışda 8 ölkədən 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək. Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir. Bakı Şəhər Halqasından verilən məlumata görə, Azərbaycanı 349, Rusiyanı 263, Qazaxıstanı 259, Özbəkistanı 257, Belarusu 255, Tacikistanı 202, Türkmənistanı 170, Qırğızıstanı isə 85 idmançının təmsil edəcəyi dəqiqləşib. III MDB Oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq. Ən çox medal dəsti üzgüçülük üzrə-40 dəst olacaq.
Prezident İlham Əliyevin ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə dediyi kimi, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Xatırladaq ki, bu şəhər 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” seçilib. 15 iyun 2025-ci il tarixində Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksində Gəncənin 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı seçilməsi münasibətilə sertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimi keçirilib. Verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncə şəhərində MDB Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı təmir-tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Məqsəd yalnız beynəlxalq idman tədbirinə hazırlaşmaq deyil, eyni zamanda Gəncənin şəhər mühitini yeniləmək, həm yerli sakinlərə, həm də gələcək qonaqlara daha rahat və cəlbedici şəhər məkanı təqdim etməkdir.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarının respublikamızda yüksək səviyyədə keçirilməsi artıq adi hal alıb: “Şübhə etmirəm ki, beynəlxalq idman yarışlarında böyük təcrübəsi olan Azərbaycan “Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək III MDB Oyunlarını da layiqincə keçirəcək. Onu da xüsusi vurğulamaq istəyirəm ki, gənc idmançılar arasında dostluğu, birliyi və idman ruhunu özündə əks etdirən və 23 idman növü üzrə təşkil olunacaq III MDB Oyunlarının kamandan oxatma yarışları beynəlxalq diplomatiyanın yeni mərkəzinə çevrilən Xankəndidə təşkil ediləcək. Bu da tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin şahidi olmalarına real şərait yaradacaq. Bu mənada bu tədbirin həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından əhəmiyyətli olacağına əminəm. Yeri gəlmişkən xatırladaq ki, indiyədək Şuşada Vüqar Həşimov Memorialı və beynəlxalq şahmat turniri, Füzulidə beynəlxalq avarçəkmə reqatası təşkil olunub. Şübhəsiz, bütün bunlar işğaldan azad olunmuş ərazilərdə idman infrastrukturunun qısa zaman kəsiyində əlverişli vəziyyətə gətirildiyini göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına xüsusi diqqət yetirilməsinin bariz nümunəsidir”.
“Belə mötəbər idman tədbirinin ölkəmizin paytaxtından kənarda, Gəncədə təşkil ediləcəyini və bunun bölgələrimizin idman həyatını dünyaya təqdimatı baxımından bir fürsət olacağını vurğulayan müsahibimizin sözlərinə görə, ötən ilin iyul ayında Prezident İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb: “Məlumat üçün bildirək ki, bu, MDB ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. Yarış ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində, 2023-cü ildə isə Belarusun Minsk şəhərində təşkil olunub. Oyunların məqsədi MDB-nin milli idman növlərini tarixi miras kimi qorumaq, onların beynəlxalq səviyyədə təbliğatı və inkişafı, həmçinin beynəlxalq yarışlarda çıxış edən idmançıların məharətinin və təcrübəsinin təkmilləşdirilməsidir”.
Müsahibimiz daha sonra bildirdi ki, bu gün ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmanın inkişafına göstərdikləri diqqət və qayğının nəticəsidir”. Müsahibimiz söhbətini bu sözlərlə tamamladı: “III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram”.
Qvami Məhəbbətoğlu, “İki sahil”