19 avqust 2025 00:16
78

Rusiyanın düşmən siyasəti - ŞƏRH

Kremlin tətbiq etdiyi çirkin üsullar, təbliğat, mülki obyektlərə zərbə endirilməsi bu ölkənin rəzil siyasətini ortaya qoyur

Rusiya Azərbaycana qarşı öz çirkin niyyətini davam etdirməkdədir. Elə sözügedən ölkənin Azərbaycanın Ukraynadakı neft obyektlərinə zərbələr endirməsi bunu bir daha təsdiq edir. Son məlumatlara görə, avqustun 17-də Rusiya Silahlı Qüvvələri “Şahid” PUA-ları vasitəsilə Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Xatırladaq ki, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına pilotsuz uçuş aparatları ilə hücum etmişdi. Həm də Orlovka yaxınlığında yerləşən Azərbaycan qazının ötürülməsi üçün nəzərdə tutulan qazpaylayıcı stansiya Rusiya raketlərinin hədəfi olmuşdu. Bundan başqa, Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirmişdi. Şübhəsiz, bütün bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq və ölkəmizə qarşı düşmənçiliyini isbat edən tutarlı faktlardır.

Görünür, Azərbaycanın Ukraynaya humanitar yardımları və Vaşinqtonda imzalanan üçtərəfli sülh bəyanatı Rusiyada daha çox qıcıq doğurub. Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə səhifəsində yazıb ki, Rusiya Odessada Azərbaycanın dövlət neft şirkətinin neft infrastrukturu obyektlərinə qəsdən hücum edib: "Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən məqsədli zərbə endirildi. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyinə zərbədir". Bəli, Rusiya bu addımı ilə istəyir ki, Azərbaycan onun işğalçı hərəkətlərinə, cinayətlərinə göz yumsun. Amma Rusiya unudur ki, Azərbaycan o dövlətlərdən deyil ki, iqtisadi və hərbi təzyiqlərlə Rusiyanın tələblərini yerinə yetirsin. Moskva hələ də dərk etmir ki, artıq hərbə-zorbalıq dövrü geridə qalıb. Azərbaycan onun üçün heç bir zaman Ermənistan ola bilməz.

Hələ bu azmış kimi, Rusiya Azərbaycanın diaspora təşkilatları üzvlərinin bizneslərini də məhv etmək istiqamətində hücuma keçib. Bu isə bu gün dünya siyasətində təklənən Rusiyada artıq şovinizmin, islamofobiyanın, irqçiliyin bu dövlətin siyasətinə, onun aparıcı siyasi-ideoloji xəttinə çevrilməsini bir daha sübut edir. Bəli, hazırda Rusiya Ukrayna müharibəsində insan resursu çatışmazlığı səbəbindən miqrantlara qarşı şantaj, zorakılıq tətbiq edərək onları orduya cəlb etməyə çalışır. İmtina edənlərə qarşı işgəncə, saxta cinayət ittihamları və ailə üzvlərinə təhdidlər kimi metodlar istifadə olunur. Elə Yekaterinburq cinayəti bu siyasətə bir nümunədir. Bəli, indi Rusiya bu gündədir. Ekspertlərin fikrincə, son 35 ildə Azərbaycan–Rusiya münasibətlərində kəskin böhranlar yaşansa da, indiki kimi düşmənçilik müşahidə olunmayıb. Şübhəsiz, bu gərginlik Azərbaycanın son dövrlər əldə etdiyi uğurları həzm edə bilməməsindən irəli gəlir.

Yeri gəlmişkən bir vacib nüansı da vurğulayaq.  2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190-100IGW” tipli sərnişin təyyarəsi Rusiya tərəfindən vuruldu. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak oldu. Amma hadisədən səkkiz ay keçməsinə baxmayaraq, Rusiya buna görə Azərbaycandan rəsmi üzr istəməyib.  Rusiyanın bu rəzil siyasəti isə ölkələrimiz arasındakı əlaqələrə zərbə vurmaqdan başqa heç nəyə yaramır. Şübhəsiz, bundan itirənin daha çox Rusiya tərəfi olacağı heç kəsdə şübhə doğurmayan reallıqdır.

Azərbaycan haqlı olaraq sərnişin təyyarəmizin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasında, müvafiq kompensasiyanın ödənilməsində israrlıdır. Amma görünən odur ki, Kreml  hələ də ölkəmizin haqlı, ədalətli və beynəlxalq hüquqa uyğun tələblərini yerinə yetirməyə tələsmir. Əksinə, bu və ya digər çirkin üsullar, təbliğatla iki ölkə arasındakı münasibətləri daha da kəskinləşdirmək məqsədilə dəridən-qabıqdan çıxır. Görəsən, imperiya xislətli Rusiya nə vaxta qədər bu ampluasında olacaq? Hələlik, bu suala birmənalı cavab vermək olduqca çətindir.

Bəli, imperiya təfəkkürlü siyasət yürüdən Rusiyanı Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qane etmədiyi açıq-aydın görünür.  Moskva əlində olan bütün təsir imkanlarını işə salaraq ölkəmizə təzyiq etməyə çalışır. Bir daha qeyd edək ki, hava məkanında təyyarəmizin vurulması, Yekaterinburqda və digər yaşayış məntəqələrində həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlar, absurd iddialarla ölkəmizə media savaşının açılması, Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqələrini hədəfə alınması Rusiyanın anti-Azərbaycan ritorikasını, ölkəmizə qarşı düşmən siyasətini ortaya qoyur.

Qvami Məhəbbətoğlu, “İki sahil”