Yusif Soltanov: Ölkəmizin seysmik zonada yerləşməsi və iqlim dəyişikliyinin yaratdığı fəsadların artması fonunda, əhalinin və sahibkarlıq subyektlərinin daşınmaz əmlak maraqlarının qorunması gündən-günə daha da aktuallaşır
Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə həm əhalinin, həm də biznes subyektlərinin maliyyə təhlükəsizliyini təmin edən mühüm mexanizmə çevrilib. Son illərdə dövlətin həyata keçirdiyi islahatlar, elektron nəzarət sistemləri və sığorta şirkətlərinin təşviqat tədbirləri bu sahəni sürətlə inkişaf etdirir. Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Yusif Soltanovla söhbətimizdə ölkəmizdə daşınmaz əmlak sığortasının mövcud vəziyyəti, perspektivləri və vətəndaşların məsuliyyətinə dair bir sıra məqamlara aydınlıq gətirdik.

- Ölkəmizdə daşınmaz əmlakın icbari sığortasına maraq hazırda hansı səviyyədədir?
- Bu gün respublikamızda əhalinin və biznes subyektlərinin bütövlükdə sığorta xidmətlərinə, xüsusilə də daşınmaz əmlakın icbari sığortasına marağı tədricən və mərhələli şəkildə formalaşmaqdadır. Bununla yanaşı, daşınmaz əmlakın icbari sığortası növünün hazırkı penetrasiya (bazarda məhsulun və ya xidmətin yayılma səviyyəsi) səviyyəsi bizi qane etmir. Hesab edirik ki, daşınmaz əmlakın icbari sığortası növünün ölkəmizdə potensialı çox böyükdür. Ölkəmizin seysmik zonada yerləşməsi və iqlim dəyişikliyinin yaratdığı fəsadların artması fonunda, əhalinin və sahibkarlıq subyektlərinin daşınmaz əmlak maraqlarının qorunması gündən-günə daha da aktuallaşır. Bu potensialın reallaşdırılması və penetrasiya səviyyəsinin artırılması yönündə həm tənzimləyici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, həm Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu, həm də peşəkar sığorta bazarı iştirakçıları tərəfindən məqsədyönlü addımlar atılır. Konkret rəqəmlərlə ifadə etsək, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış və cari ilin yanvar-iyun aylarını əhatə edən sığorta icmalına görə, bu ilin birinci yarısında sığorta şirkətləri 817 milyon manat sığorta haqqı toplayıblar. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,1 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 faiz çoxdur. Müvafiq icmala əsasən, cari ilin yanvar-iyun aylarında Daşınmaz Əmlakın İcbari Sığortası üzrə 56.6 milyon manat yığım təmin olunub ki, bu da 2024-ci ilin analoji dövrü ilə müqayisədə 400 min manat çoxdur. Eyni qaydada, hesabat dövründə sığortalanmış daşınmaz əmlaklarda baş vermiş sığorta hadisələrinə görə sığortalılara 1.3 milyon manat sığorta ödənişi edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200 min manat çoxdur.
- Daşınmaz əmlakın icbari sığortası hansı risklərə, hadisələrə təminat verir?
- Daşınmaz Əmlakın İcbari Sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur.
- Hansı daşınmaz əmlakların sığortası qeyri-mümkün hesab olunur?
- 2011-ci ildə qəbul olunmuş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikamızın ərazisində yerləşən bütün daşınmaz əmlakların sığortalanması məcburidir. Amma təbii ki, burada müəyyən istisnalar da mövcuddur. Belə ki, tikintisi başa çatmamış yarımtikililərin, qəzalı vəziyyətdə olan daşınmaz əmlakların və sökülməsi haqqında rəsmi qərar çıxarılmış əmlakların sığortası hazırkı qaydalara görə, qeyri-mümkündür.
- 2023-cü il iyunun 1-dən daşınmaz əmlak sığortalarında nəzarətin sistemləşdirilməsi və elektronlaşma ilə bağlı yeniliklər tətbiq olunmuşdu. Bu yeniliklərin daşınmaz əmlak sığortaları bazarına qazandırdığı üstünlüklər nədən ibarətdir?
- Bəli, qeyd etdiyiniz yeniliklər daşınmaz əmlak sığortası bazarı üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 2023-cü il iyunun 1-dən Daşınmaz Əmlakın İcbari Sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə müqavilələr kağız daşıyıcıdan elektron formaya keçirildi. Qeyd olunan tarixdə həyata keçirilən daha bir islahat isə Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesinin uğurla yekunlaşması oldu. Bununla da daşınmaz əmlak sığortaları üzrə qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət mexanizmi formalaşdırılmış və sistemləşdirilmiş oldu.
- Azərbaycan Sığortaçılar Assosiasiyası daşınmaz əmlak sahiblərinin sığortaya marağını artırmaq üçün hansı maarifləndirici tədbirləri həyata keçirir?
- Çox önəmli məqama toxundunuz. Çünki hər bir sahədə olduğu kimi sığorta sektoru da maarifləndirməyə böyük ehtiyac duyur və prioritet hesab edir. Bildirmək istəyirəm ki, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Bu memoranduma əsasən, artıq beşinci ildir ki, ölkəmizdə ümumrespublika səviyyəsində geniş sığorta maarifləndirməsi tədbirləri həyata keçirilir. Bu tədbirlər əsasən, açıq və qapalı məkanlarda, o cümlədən mediada sığorta təbliğatından, habelə “Sığorta festival”larından ibarətdir. Bütün tədbirlər çərçivəsində sığorta bazarı üzrə təklif olunan bütün xidmətlər, o cümlədən daşınmaz əmlak sığortalarının da geniş təşviqatı aparılır. Hesab edirəm ki, bu maarifləndirmə işlərinin uğurlu nəticəsidir ki, sığorta bazarımızda dinamik artım meyilləri müşahidə olunmaqdadır. Belə ki, sığorta bazarımızda 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə 26 faiz, 2024-cü ildə isə 11faiz artım qeydə alınıb. Ümumi proqnozlarımız ondan ibarətdir ki, artım trendi bu il də davam edəcək və cari ilin yekununda ümumi sığorta yığımları 1.4 milyard civarında təmin olunacaq.
- Azərbaycan Sığortaçılar Assosiasiyası daşınmaz əmlak sığortası ilə məşğul olan ekspertlərin, eləcə də ümumilikdə sığorta mütəxəssislərinin peşəkarlıq səviyyəsinin artırılması yönündə nə kimi addımlar atır?
- Sektor iştirakçılarının peşəkarlıq səviyyələrinin, bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi bizim üçün prioritet məsələlərdəndir. Bununla əlaqədar olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində ASA Tədris Mərkəzi fəaliyyət göstərir. Bu Mərkəz sektorun təlim və tədris ehtiyaclarını müəyyən edərək aktual mövzularda bazar iştirakçıları üçün silsilə təlimlər, sertifikasiya imtahanlarına hazırlıq kursları, sığorta biliklərinə dair olimpiadalar təşkil edir. Kurslar əsasən, sığorta sektorunun müxtəlif sahələrinə, məsələn, aktuar, anderraytinq, satış, risklərin idarə edilməsi, maliyyə hesabatlılığı və s. kimi prioritet mövzuları əhatə edir. Təlimçilər də yerli və beynəlxalq mütəxəssislərdən təşkil olunur. Hesab edirik ki, ASA Tədris Mərkəzi bu gün respublikamızda peşəkar sığortaçıların formalaşmasına güclü təkan verən yeganə institusional platformadır.
- Peşəkar sığortaçı kimi daşınmaz əmlak sığortası bazarının gələcəyini necə görürsünüz və daşınmaz əmlakını hələ də sığortalamamış vətəndaşlarımıza tövsiyəniz nə olardı?
- Ölkəmizdə sığorta sektoru yeni inkişaf mərhələsindədir və artım trendi hər il davam edir. Bu bizi sevindirir. Mövcud proseslər, xüsusilə də nəzarətedici və tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankının sistemli olaraq həyata keçirdiyi fundamental islahatlar onu deməyə əsas verir ki, bütövlükdə sığorta sektoru, həmçinin daşınmaz əmlak sığortası bazarı böyüməkdə və inkişaf etməkdə davam edəcək. Bütün bu addımlara əsasən, hesab edirəm ki, biz daşınmaz əmlak sığortası üzrə penetrasiyanı yaxın gələcəkdə 2-3 dəfə artıra biləcəyik. Vətəndaşlarımıza isə çağırışım ondan ibarətdir ki, risk həmişə var, risklərin idarə edilməsində ən sadə mexanizm isə məhz sığortadır. Daşınmaz əmlak sahibləri unutmamalıdırlar ki, sığorta – artıq xərc deyil, ehtiyatdır. Sığorta – risklər nəticəsində yarana biləcək gözlənilməz və planlaşdırılmamış xərclərin qarşısını alan, onu optimallaşdıran sosial müdafiə sipəridir. Sığorta – ertələnməyəcək qədər icbari reallıqdır. Vaxtında və düzgün sığortalansınlar ki, əmlakları, zəhmətləri və vaxtları əldən getməsin!
Yaqut Ağaşahqızı, “İki sahil”