27 noyabr 2026 10:00
150

Şəffaf hərrac – etibarlı mülkiyyətə açılan yol… - MÜSAHİBƏ

Dövlət əmlakının hərrac yolu ilə özəlləşdirilməsində şəffaflıq mexanizmləri, rəqabət prinsipləri, elektron iştirak imkanları və alıcıların hüquqi təminatları

Dövlət əmlakının özəlləşdirilməsi iqtisadi aktivlərin səmərəli dövriyyəyə cəlb olunması, sahibkarlıq təşəbbüslərinin genişlənməsi və mülkiyyət münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesin sağlam rəqabət prinsipləri əsasında təşkili, hər bir iştirakçı üçün bərabər imkanların yaradılması və ictimai etimadın qorunması isə ilk növbədə şəffaf hərrac mexanizmlərindən asılıdır. Müasir dövrdə elektron xidmətlərin tətbiqi dövlət əmlakının satışında prosedurların sadələşdirilməsi, məlumatların əlçatanlığının artırılması və vətəndaşların hərrac prosesində iştirak imkanlarının genişləndirilməsi üçün yeni imkanlar yaradır. Bununla yanaşı, hərracda iştirakın hüquqi qaydalarını bilmək, satışa çıxarılan əmlakın vəziyyətini əvvəlcədən araşdırmaq və maliyyə öhdəliklərini düzgün qiymətləndirmək potensial alıcılar üçün xüsusi əhəmiyyət kəsb edir. Şəffaflığın yalnız elan edilən prinsip deyil, bütün mərhələlərdə əməl olunan idarəetmə standartı olması dövlət əmlakının özəlləşdirilməsinə ictimai etimadın möhkəmlənməsinə xidmət edir.

Bu və digər məsələlərlə bağlı suallarımızı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Malik Vəliyev cavablandırır.

-Dövlət əmlakının hərrac yolu ilə satışında şəffaflığın və rəqabətli mühitin təmin edilməsi üçün hansı mexanizmlər tətbiq olunur və vətəndaş hərracın tam şəffaf keçirildiyinə necə əmin ola bilər?

-İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi tərəfindən təşkil olunan hərraclar açıq və şəffaf şəkildə keçirilir.

Hərraclarda iştirak etmək istəyən şəxslər auksion.gov.az portalı vasitəsilə elektron qaydada sifariş verə və onlayn hərraclara qoşula bilərlər. Eyni zamanda, hər kəs portal vasitəsilə hərracın gedişini onlayn izləyə bilər. Bu imkanlar hərrac prosesinin ictimaiyyət üçün əlçatanlığını və şəffaflığını təmin edir. Hərracların təşkili və keçirilməsi müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Dövlət əmlakının özəlləşdirilməsi üzrə hərracların təşkili “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları” və “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”na uyğun olaraq aparılır.

-Hərracda iştirak etmək istəyən vətəndaş və ya sahibkar ilk növbədə hansı tələbləri bilməli, hansı sənədləri hazırlamalı və iştirak üçün hansı mərhələlərdən keçməlidir?

-Dövlət əmlakının hərracında iştirak etmək istəyən fiziki və hüquqi şəxslər sifarişlərini elektron və ya əyani qaydada təqdim edə bilərlər. Hərracda iştirak üçün sifariş və tələb olunan sənədlər hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək təqdim edilməli, özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödənilməlidir.

Sifarişə aşağıdakı sənədlər əlavə olunur:

- Beh məbləğinin müvafiq hesaba köçürülməsini təsdiq edən ödəniş sənədinin surəti;

- Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən edilmiş qaydada təsdiqlənmiş surətləri.

Sifariş nümayəndə vasitəsilə təqdim edildikdə, onun sifarişçinin adından hərəkət etmək səlahiyyətini təsdiq edən sənəd də təqdim olunmalıdır.

Hərracda iştirak etmək üçün sifarişlər elan edilmiş müddətdə qəbul edilir. Buna görə də iştirakçılara hərrac elanı ilə əvvəlcədən tanış olmaq, sənədləri vaxtında hazırlamaq və behin ödənilməsi şərtlərinə diqqət yetirmək tövsiyə olunur.

-Hərraca çıxarılan əmlak barədə məlumatın – onun hüquqi statusu, yerləşdiyi ünvan, ilkin satış qiyməti və digər mühüm göstəricilərin – iştirakçılar üçün əvvəlcədən tam və aydın şəkildə təqdim edilməsi necə təmin olunur?

-Hərraclar barədə elanlar hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin “emlak.gov.az” və Hərracların Təşkili Mərkəzinin “auksion.gov.az” internet saytlarında dərc olunur. Elanlarda satışa çıxarılan əmlak barədə ətraflı məlumat verilir. Buraya əmlakın adı və ünvanı, ilkin satış qiyməti, ödənilməli olan behin məbləği, hərracın keçirilmə tarixi və yeri, eləcə də əmlakın növündən asılı olaraq digər mühüm məlumatlar daxildir.

Bu məlumatların əvvəlcədən açıqlanması iştirakçılara əmlakla tanış olmaq, onun xüsusiyyətlərini araşdırmaq və hərracda iştirakla bağlı qərarlarını daha düzgün vermək imkanı yaradır.

-Hərracda əmlak əldə edən şəxsin sonradan hüquqi və maliyyə problemləri ilə üzləşməməsi üçün əmlakın hüquqi vəziyyəti və üzərində hər hansı məhdudiyyətin olub-olmaması barədə hansı yoxlamalar aparılır?

-Dövlət əmlakı özəlləşdirməyə çıxarılmazdan əvvəl onun hüquqi vəziyyəti, habelə üzərində hər hansı məhdudiyyətin və ya yüklülüyün olub-olmaması yoxlanılır. Özəlləşdirmə prosesi başa çatdıqdan və əmlak alıcıya satıldıqdan sonra həmin əmlak dövlət mülkiyyətindən çıxaraq alıcının mülkiyyətinə keçir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarış alıcıya təqdim edilir. Beləliklə, dövlət əmlakının özəlləşdirməyə çıxarılması mərhələsində onun hüquqi vəziyyətinin və mövcud məhdudiyyətinin, eləcə də yüklülüyün yoxlanılması təmin edilir.

Qeyd edək ki, satışa çıxarılan dövlət əmlakları haqqında məlumatlar elan olunduğu gündən sifariş vermiş şəxslər satışa çıxarılan əmlakla qabaqcadan tanış ola bilərlər.

-Hərrac zamanı qiymətin formalaşması hansı prinsiplər əsasında həyata keçirilir və vətəndaşların əmlakın ilkin qiymətinin necə müəyyənləşdirildiyini öyrənmək imkanları varmı?

-Dövlət əmlakının ilkin satış qiyməti qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilir. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən həyata keçirilir. Qiymətləndirmə zamanı əmlakın xüsusiyyətləri nəzərə alınır, beynəlxalq təcrübədə qəbul olunmuş qiymətləndirmə üsullarından da istifadə edilə bilər. Hərrac zamanı isə yekun qiymət iştirakçıların təklifləri əsasında formalaşır. Bu baxımdan, ilkin satış qiyməti hərracın başlanğıc qiymətini təşkil edir, rəqabət olduqda isə əmlakın satış qiyməti artır.

-Hərraclarda iştirak etmək istəyən vətəndaşlara ən vacib tövsiyəniz nə olardı: xüsusilə əmlakı əvvəlcədən araşdırmaq, sənədləri yoxlamaq və ödəniş şərtlərini dəqiqləşdirmək baxımından hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır?

-Hərracda iştirak etmək istəyən vətəndaşlara ilk növbədə satışa çıxarılan əmlak barədə məlumatlarla əvvəlcədən tanış olmağı, sənədləri diqqətlə nəzərdən keçirməyi və ödəniş şərtlərini dəqiqləşdirməyi tövsiyə edirik. İxtisaslaşdırılmış pul hərracları istisna olmaqla, dövlət əmlakının satışı üzrə hərraclarda sifarişlər hərrac gününə ən azı üç bank günü qalanadək elektron və ya fiziki formada təqdim edilə bilər.

İxtisaslaşdırılmış pul hərraclarında iştirak etmək istəyən şəxslər səhmdar cəmiyyətlərinin emissiya prospektləri ilə tanış ola bilərlər. Bu, səhmlərin xüsusiyyətləri və müvafiq məlumatlar barədə əvvəlcədən fikir formalaşdırmağa imkan verir.

Dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin və dövlət təşkilatlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə sifarişlər Bakı şəhərində qəbul edilir, hərraclar isə Əmlak Xidmətləri Məkanında keçirilir. İxtisaslaşdırılmış pul hərraclarında fiziki formada sifarişlər də həmin məkanda — Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında qəbul edilir.

Respublikanın digər şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələri və obyektləri, qeyri-yaşayış sahələri, eləcə də yarımçıq tikililərlə bağlı sifarişlər əmlakın yerləşdiyi ərazi üzrə qəbul olunur. Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələri tərəfindən keçirilir.

Əsas tövsiyəmiz odur ki, vətəndaşlar hərracda iştirak etməzdən əvvəl elanla, əmlak barədə məlumatlarla və ödəniş şərtləri ilə diqqətlə tanış olsunlar. Bu, daha məlumatlı qərar verməyə və sonradan yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edər.

Yaqut Ağaşahqızı, “İki sahil”