26 noyabr 2026 23:16
67

Milli qürur, dirçəliş, gələcəyə uzanan aydın yol - Böyük Qayıdış

Azərbaycan özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində geniş quruculuq işlərini uğurla davam etdirir. Vətən müharibəsində qazanılan tarixi Zəfərin işığı bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işlərində, yenidən qurulan kənd və şəhərlərdə, doğma yurduna qayıdan   insanların sevincində bərq vurur. Bu işıq üç onillik həsrətin, ayrılığın bitdiyi, ədalətin bərpa olunduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzminin, qətiyyətinin, rəşadətli Azərbaycan Ordusunun şücaətinin, xalqımızın “Dəmir Yumruq” ətrafında sıx birliyinin, yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi o möhtəşəm Qələbənin işığıdır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, yollar inşa olunur, körpülər salınır, bu bögələrdə yaşayan, işləyən və təhsil alanların sayı gündən-günə artır. Viran qoyulmuş şəhər və kəndlərimiz yenidən dirçəlir, doğma torpaqlarımıza həyat qayıdır. Hazırda Füzuli, Zəngilan, Laçın, Ağalı, Talış, Suqovuşan, Şuşa, Xocalı, Xankəndi, Ağdam, Cəbrayıl və digər yaşayış məntəqələrində mərhələli şəkildə məskunlaşma prosesi davam edir. Cari ilin oktyabrında Xocalı, Ağdərə və Xocavənd rayonlarına, noyabr ayında isə Zəngilan rayonunun Cahangirbəyli kəndinə sakinlərin qayıdışı həyata keçirilib. Dövlət proqramı çərçivəsində 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtması nəzərdə tutulur.

 Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində təqribən 300 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonası yaradılır, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır.

Qarabağ və Şərqi Zəngəzurda aqrar sahənin bərpası və inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması, iqtisadiyyata sürətli inteqrasiya və Böyük Qayıdış Proqramının əsas hədəflərindən biridir. Rayonların təbii-iqlim şəraitinə uyğun olaraq bağçılıq, heyvandarlıq və arıçılıq prioritet elan edilib. Həmçinin müasir texnologiyaların tətbiqi, məşğulluğun artırılması, ixracatyönlü məhsul istehsalı üçün aqroparklar salınır, torpaqların suvarma suyu, meliorasiya və elektrik enerjisi ilə təmin edilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. “Yaşıl enerji” zonas elan edilən bölgədə su-elektrik stansiyaları tikilir, müasir suvarma və enerji sistemləri yaradılır.

Genişmiqyaslı bərpa, quruculuq işlərinin davam etdiyi bu ərazilərdə kiçik su elektrik stansiyaları, sənaye və istehsal müəssisələri yaradılır.  Artıq Kəlbəcərdə yerli sakinlərin məşğulluğuna töhfə verən İstisu mineral su zavodu fəaliyyət göstərir. Kəlbəcərdə görülən işlər nəticəsində şəhər ötən ilin avqustunda öz sakinlərini qarşılamağa başlayıb. Hazırda Kəlbəcər şəhərində 524 ailə üçün nəzərdə tutulan yaşayış kompleksi inşa edilir. Bölgənin su-enerji potensialından da səmərəli istifadə olunur. Meydan çayı üzərindəki 3,4 meqavatlıq kiçik su elektrik stansiyası, Tərtər çayı üzərindəki “Çıraq-1” və “Soyuqbulaq”, Qaraarxac çayı üzərindəki “Çıraq-2” stansiyaları yenidən qurulub. Bundan başqa, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib.

Ağdam Sənaye parkında və Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası”nda artıq 1 179 nəfər daimi işlə təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyaları, sənaye və istehsal müəssisələri yaradılır.

Göründüyü kimi, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyini bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”