27 noyabr 2026 00:48
158

Litva ilə münasibətlərdə siyasi dialoq və əməkdaşlığın yüksələn dinamikası

Azərbaycan-Litva münasibətləri tarixən qarşılıqlı hörmətə, dostluğa, açıq siyasi dialoqa və ortaq maraqların irəli aparılmasına xidmət edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 30 ildən artıq müddətdə münasibətlər müxtəlif istiqamətlərdə inkişaf edərək yeni məzmun qazanıb. Xatırladaq ki, Litva Azərbaycanın müstəqilliyini 20 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 20 noyabr 1995-ci ildə qurulub. Hazırda Azərbaycanla Litva arasında müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur. Daha 7 sənəd üzərində iş aparılır.

Azərbaycan-Litva münasibətlərinin inkişafında Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət mühüm rol oynayır. Dövlətimizin başçısının Litvaya rəsmi səfəri zamanı, 13 sentyabr 2007-ci ildə Vilnüsdə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, 2008-ci ildə isə “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

2023-cü ilin mayında Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. 2026-cı il aprelin 9-da Litvanın Baş naziri İnqa Ruqinienenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü keçirilib. Bu il noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə də fikir mübadiləsi aparılıb.

Noyabrın 25-də Prezident İlham Əliyev Litvanın xarici işlər naziri Kęstutis Budrisi qəbul edərkən Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bir daha qeyd edib. Kestutis Budrys Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. Şübhəsiz ki, bu da Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından əlavə imkanlar yaradacaq.

Yeri gəlmişkən, “Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik”, – deyən Kestutis Budrys azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, məqsədləri Avropa İttifaqının 27 üzv dövlətinin hamısını Azərbaycanla bağlı vahid yanaşma ətrafında birləşdirməkdir: “Biz bu ölkələrə Azərbaycanın strateji əhəmiyyətini və əməkdaşlığın vacibliyini izah edəcəyik”. O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsi də gündəlikdə olan məsələlərdəndir. Xatırladaq ki, Azərbaycanın Avropa İttifaqına üzv 10 dövlətlə strateji tərəfdaşlıq sənədləri mövcuddur.

Bu səfər çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də imzalanıb. Sənəd Azərbaycan-Litva münasibətlərində mühüm mərhələni qeyd edir, ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılılıq, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.

Şübhəsiz, Litva ilə imzalanmış yeni Bəyannamə həm də Azərbaycanın Avropa ilə əməkdaşlıq coğrafiyasının daha da genişlənməsinə xidmət edəcək.  Bütün bunlar Azərbaycan-Litva münasibətlərində son dövrdə müşahidə olunan dinamika və siyasi dialoqun daha da intensivləşdiyini təsdiqləyir.

Bir məsələni də vurğulayaq ki, Litva işğaldan azad edilmiş ərazilərimizə də öz töhfəsini verməkdədir. Belə ki, bu ölkəyə məxsus şirkət Araz Vadisi İqtisadi Zonasında kifayət qədər böyük mebel istehsalı müəssisəsinin qurulması ilə məşğuldur. Burada nəzərdə tutulan investisiyaların həcmi 50 milyon manat təşkil edir. Müəssisə fəaliyyətə başladıqda işğaldan azad olunmuş ərazilərdə əlavə 600 iş yeri yaradılacaq.

Bütün bunlar göstərir ki, Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmət, siyasi etimad və ortaq maraqlar əsasında inkişaf edən, gələcəyə hesablanmış əməkdaşlıq modelidir. Tarixən formalaşmış dostluq əlaqələri və qarşılıqlı siyasi iradə Azərbaycan-Litva əməkdaşlığının gələcəkdə də yeni uğurlarla zənginləşəcəyini deməyə imkan verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”