28 avqust 2025 14:32
153

Regiondakı güc balansı hər baxımdan tamamilə Azərbaycanın xeyrinədir

Səudiyyə Ərəbistanının «Əl-Ərəbiyyə» telekanalına müsahibəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşma ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev Azərbaycanın sülh sazişinin ədalət prinsipləri əsasında imzalanmasının tərəfdarı olduğunu «Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik» sözləri ilə diqqətə çatdırmışdır

Ermənistanda dövlətlə din arasında gərginləşən vəziyyət siyasi partiyalar, hakimiyyətə gəlmək istəyən qüvvələr arasındakı çəkişmələrə də təsirsiz ötüşmür. Əhalisinin yaşayış səviyyəsinin xeyli aşağı düşdüyü, ermənilərin özlərinin etiraf etdikləri kimi süründükləri bu ölkə aclıq və səfalət içərisindədir. Korrupsiyalaşmış ölkə iqtisadiyyatının əsas resurslarının oliqarxların əlində cəmləşməsi, vergi sisteminə nəzarətin azalması, ölkədə yaranan hərc-mərclik sosial vəziyyəti daha da ağırlaşdırır. Aparılan sorğuların nəticələrindən də aydın olur ki, ölkə əhalisinin 87 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 28 faizi ölkəni tərk etmək istədiyini bildirib. Əhalinin təxminən 600 min nəfəri ərzaq təhlükəsizliyi problemindən əziyyət çəkir. Ermənistanda artıq etiraf edirlər ki, yaranan bu vəziyyət təkcə sosial yox, daha təhlükəli olan siyasi, iqtisadi və milli təhlükəsizlik məsələsidir. Saxta rəqəmlərlə ifadə olunan «iqtisadi artım» müəyyən təbəqələr arasında son dərəcə bərabərsizlik, ədalətsizlik prinsipləri əsasında bölünür.

Başqa ölkələrin təlimatlarına uyğun ölkədə qarışıqlıq salan sabiq prezidentlər arasında hakimiyyət uğqrunda intensivləşən mübarizənin daha da güclənməsi, gələn il keçiriləcək parlament seçkilərinə hazırlığın bəzən bağlı qapılar arxasında aparılması ölkə vətəndaşları tərəfindən ciddi narazılıqla qarşılanır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşintonda Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra daha da fəallaşan revanşistlərin iqtidara qarşı etirazları onsuz da çıxılmaz həddə çatan situasiyanı daha da ağırlaşdırıb.

Yaranan vəziyyətdən çıxış yolu kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi ilə bağlı Paşinyanın sözlərini özlərinin məhvi kimi anlayan, mövcud vəziyyəti ictimaiyyətə qərəzli şəkildə çatdıran revanşistlərin bəziləri hələ də rəsmi Kremldən, bir başqa qrup isə Qərbdən təlimat gözləyir. Bu cür qarışıqlıqda Moskvaya meyvə-tərəvəz aparan yük maşınlarının geri qaytarılması, günlərlə gömrük məntəqələrində saxlanılan məhsulların xarab olması erməni iş adamlarına xeyli ziyan vurub. Ermənistan KİV-lərinin açıqlamalarına görə gavalı, şaftalı və üzüm yükləmiş yüzlərlə yük maşını geri dönməyə məcbur qalıb. Məhdudiyyətin səbəbini açıqlayan Rusiya tərəfi məhsulların fitosanitar normalara uyğun gəlmədiyini əsas gətirib.

Xeyli vaxtdır Ermənistanın Gümrü şəhərində fəaliyyət göstərən Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması tələbinin yenidən aktuallaşması, «Ruslar getsin!» çağırışının irəli sürüldüyü aksiyaların kütləviləşməsi qərbyönümlü və Moskva tərəfdarları arasında qarşıdurma yaradıb. Rusiya ilə bu hərbi bazanın 2044-cü ilədək Ermənistanda qalması ilə bağlı müqavilə bağlanmasına baxmayaraq «Respublika Naminə» Partiyasının təşkil etdiyi aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması tələblərində israrlıdırlar. Regionda vəziyyətin Rusiyanın əleyhinə inkişaf etdiyi indiki şəraitdə yaranan bu vəziyyəti şərh edən erməni politoloqlar da 102-ci hərbi bazanın varlığını ölkənin təhlükəsizliyinə təhdid adlandırırlar. Bu bazanın Ermənistanda varlığı ölkənin təhlükəsizliyi üçün təminat deyil, əksinə, risk və təhlükə mənbəyi kimi dəyərləndirilir. Son aksiyalar da göstərir ki, Ermənistanda anti-Rusiya ovqatı güclənir. Erməni ictimaiyyəti Gümrüdə başqa dövlətin hərbi bazasının olmasını arzulamır. Rusiya isə Cənubi Qafqazda son dayanacağı olan bu ölkəni tərk etmək niyyətində deyil.

Son dövrlərdə Cənubi Qafqazda dəyişən situasiyalar, Nikol Paşinyanın Ankaraya səfərindən sonra baş nazirin keçirilən brifinqdə Türkiyə ilə quru sərhədlərin açılacağına əminliyini ifadə etməsi də bu bazanın fəaliyyətini əhəmiyyətsizləşdirir. Çünki bölgə dövlətləri arasında biri-birinə qarşı təhlükə yoxdur. Türkiyə və Azərbaycan Ermənistanla sülh şəraitində yaşamağın bütünlükdə bölgə üçün əhəmiyyəti dəfələrlə vurğulanıb. Yəni, real təhlükə üçün heç bir əsas yoxdur.

Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən Əbu-Dabi, Vaşinqton görüşlərindən sonra bölgədə sabitliyin yaranması, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olunması yekun sülh sənədinin imzalanmasını daha da yaxınlaşdırır.

Bu vəziyyət cəmiyyətdə antirus, antiqərb dairələr arasında da vəziyyəti gərginləşdirir. Qərbə inteqrasiyaya üstünlük verənlərlə Rusiyanı hələ də müttəfiq hesab edənlər arasında yaranan ziddiyyət təbii ki, ölkənin siyasi ab-havasını daha da tündləşdirir.

Bölgədə yaranan ağır vəziyyətin Ermənistan xalqının istəyinə, rifahı naminə dəyişməsi üçün düzgün siyasət aparan Paşinyan niyyətində israrlıdır. Ölkədə korrupsiya əleyhinə mübarizəni gücləndirən baş nazirin Vaşinqton görüşündən sonra Azərbaycanla münasibətlərin yaxşılaşması istiqamətində apardığı siyasət, verdiyi açıqlamalarda ölkə konstitusiyasında qeyri-müəyyənliyin olduğunu etiraf etməsi sülh sazişinin imzalanmasına ümidi artırır. Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu bölgəyə sülh vəd edir

Bu günlərdə Səudiyyə Ərəbistanının «Əl-Ərəbiyyə» telekanalına müsahibəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşma ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev Azərbaycanın sülh sazişinin imzalanmasının təşəbbüskarı olduğunu diqqətə çatdırmışdır: «Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq.»

Prezident İlham Əliyev müsahibəsində onu da xatırladıb ki, bu sənədin paraflanması 30 ildən artıq davam edən münaqişənin, 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatdığını göstərir. Bu reallıq Cənubi Qafqaz regionu, daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq ölkələri arasında əməkdaşlıq üçün tamamilə yeni imkanlar açır. Dövlət başçımız gələn il bu ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq mərhələsi kimi yeni konstitusiya layihəsi üzərində iş aparıldığını söyləməklə bildirib ki, prosesə güclü xarici müdaxilə olarsa, bu, razılaşmaları poza bilər. «Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından, Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq ictimaiyyətin müsbət qarşıladığı razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə Azərbaycanın xeyrinədir.

«Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənubi Qafqazda sabitliyin bərpası üçün başlıca amil olan sülh sazişinin imzalanmasına daha çox cəhd göstərən Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi ölkəmizin qarşılıqlı əməkdaşlığa sadiqliyinin nümunəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”