29 avqust 2025 00:13
91

Milli maraqlar, yoxsa xarici asılılıq?

Dağıdıcı müxalifətin susqunluğu onların milli maraqlardan nə qədər uzaq düşdüyünü göstərir

Azərbaycanın siyasi arenasında iqtidar-müxalifət münasibətləri yeni mərhələyə qədəm qoysa da, bəzi müxalifət qüvvələrinin səriştəsiz fəaliyyəti və qeyri-konstruktiv mövqeyi ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Ölkədə həyata keçirilən siyasi islahatlar və dialoq təşəbbüslərinə baxmayaraq, radikal müxalifət nümayəndələrinin bu proseslərdə iştirakdan yayınması və ya qeyri-obyektiv yanaşmaları onların cəmiyyətə təqdim edə biləcəkləri alternativlərin zəifliyini göstərir. Bu isə uzun illərdir onların fəaliyyətinə qarşı etimadın azalmasına səbəb olur.

Cari ilin iyun ayında Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılıqlar geniş ictimaiyyətin və rəsmi dairələrin ciddi narahatlığına səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyi hadisələrə dərhal reaksiya verərək, Rusiya tərəfinə etirazını bildirdi və məsul şəxslərin cəzalandırılmasını tələb etdi . Milli Məclisin deputatları və digər rəsmi şəxslər də bu hadisələri pisləyərək, insan hüquqlarının kobud şəkildə pozulduğunu və etnik ayrı-seçkiliyin yolverilməz olduğunu vurğuladılar. Beynəlxalq ictimaiyyət də hadisələrə laqeyd qalmadı. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Rusiya təhlükəsizlik qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi zorakılıq və işgəncələrdən dərin narahatlığını ifadə etdi. Bu hadisələr fonunda bəzi dağıdıcı müxalifət liderlərinin, o cümlədən Əli Kərimlinin və Cəmil Həsənlinin susqunluğu ictimaiyyət tərəfindən təəccüblə qarşılandı. Onların bu məsələyə münasibət bildirməməsi və ya açıq mövqe sərgiləməməsi, ictimaiyyətdə suallar doğurdu. Radikalların bu cür hadisələrə münasibət bildirməməsi onların milli məsələlərdə prinsipial mövqedən uzaq olduqlarını, ictimai-siyasi maraqlardan çox şəxsi və ya xarici sifarişlərə əsaslanan mövqe sərgilədiklərini göstərir. Bu, həm də onların Azərbaycan cəmiyyətində gedən real proseslərə nə dərəcədə biganə və qeyri-səmimi yanaşdıqlarının bariz nümunəsidir. Belə susqunluq xalqın maraqları ilə ziddiyyət təşkil edir və bu siyasi çevrələrin cəmiyyətə nə dərəcədə yad olduqlarını bir daha sübut edir.

Radikal müxalifətin milli maraqlara münasibətdə tutduğu mövqe uzun illərdir ciddi suallar doğurur. Müsavat Partiyasının keçmiş başqanı, hazırda partiyanın Ali Məclisinin sədri Arif Hacılının vaxtilə “biz 9 ölkənin razılığı ilə hakimiyyətə gəlmişik” deməsi isə bu suallara aydın cavab verir. Bu yanaşma onların siyasi fəaliyyətində xalqın iradəsindən çox xarici təsirlərin və maraqların rol oynadığını göstərir. İsa Qəmbərlə bağlı dövri mətbuatda yayılan iddialar Rusiya xüsusi xidmət orqanları ilə əlaqələr və “Polkovnik Popov” ləqəbilə  tanınması  bu fikirləri daha da gücləndirir. Belə olan halda onların son günlər Rusiyada azərbaycanlılara qarşı törədilən hadisələrə susqun münasibəti isə təsadüfi görünmür. Bu davranış, əslində, onların milli məsələlərdə mövqe bildirməkdə maraqlı olmadıqlarını, hətta bu kimi məsələlərdə tam passiv qaldıqlarını nümayiş etdirir. Aydın şəkildə görünür ki, bu ünsürlər xalqdan uzaq düşüb və Azərbaycanla bağlı məsələlərdə obyektiv mövqe tutmaqdan çox, dövlətin nüfuzuna xələl gətirəcək addımlara üstünlük verirlər.  Əvvəllər də dəfələrlə müşahidə olunub ki, bu radikal çevrələr milli məsələlərdə ya susur, ya da tamamilə əks mövqe sərgiləyirlər. Onların “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”, “Xankəndidə ermənilərin hüquqları pozulur”, “Qarabağın azad edilməsi Koçaryanın, Sarkisyanın Azərbaycanın torpaqlarını işğal etməsindən artıq deyil”, “bizim də Paşinyan kimi demokratik baş nazirimiz olaydı” kimi fikirləri birbaşa separatizmi təşviq edən, milli maraqları tapdalayan mövqelərdir. Belə radikallar üçün xalqın dərdi yox, xarici mərkəzlərin diktəsi ilə danışmaq və ölkəyə qarşı informasiya sabotajı əsas hədəfdir.

Dağıdıcı müxalifətin aparıcı simaları Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, İsa Qəmbər və onların informasiya ruporu funksiyasını yerinə yetirən Sevinc Osmanqızı, Arif Məmmədov, Trol Sadıqlı, Məhəmməd Mirzəli kimi şəxslərin son dövrlərdəki davranışı onların anti-milli mahiyyətini bir daha ortaya qoyur. Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılmasını açıq şəkildə alqışlayan bu çevrə Rusiyada soydaşlarımıza qarşı törədilən zorakılıqlara isə sanki susqunluqları ilə  razılıq göstərirlər. Onlardan heç bir etiraz  və dəstək bəyanatı belə, eşidilmədi.

Halbuki hər bir siyasi qurumun və liderin vəzifəsi milli maraqları müdafiə etmək, xaricdə yaşayan azərbaycanlılara mənəvi və siyasi dəstək vermək olmalıdır. Görünür, onlar müəyyən səbəblərdən Moskvadakı bəzi qüvvələrə bağlıdırlar və bu cür zorakılıqlara etiraz etməklə onları narazı sala bilərlər. Milli Şuranın Rusiyanın təsiri altında formalaşdığı barədə kifayət qədər məlumatlar mövcuddur. 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədə gərginlik yaratmaq və siyasi sabitliyə xələl gətirmək məqsədilə Rusiyanın müəyyən dairələri Rüstəm İbrahimovun rəhbərliyi ilə Milli Şuranın yaradılmasına nail olmuşdu. Lakin bu layihə uzunömürlü olmadı və qısa zamanda zəifləyərək arxivə göndərildi. Buna baxmayaraq, keçmiş agent Cəmil Həsənlinin yenidən işə cəlb olunması ilə Milli Şuranı yaşatmağa çalışdılar. Cəmil Həsənlinin Rusiyaya səfərlərini də təsadüfi saymaq olmaz. Bu səfərlər yalnız kitab təqdimatı və elmi tədbirlərdən ibarət deyil, eyni zamanda, müəyyən şəxslərlə danışıqlar və əlaqələrin qurulması ilə bağlıdır.  Bu isə bir daha sübut edir ki, radikal düşərgənin məqsədi nə ölkənin maraqlarını qorumaq, nə də xalqın dərdini dilə gətirməkdir. Onların mövqeyi, ancaq daxili siyasi manipulyasiya və qarayaxma üzərində qurulub. Eyni zamanda, Əli Kərimliyə Rusiyadan maliyyə yardımı göndərilməsi ilə bağlı mətbuatda məlumatlar yayılıb.  Bir sözlə bu günə qədər dağıdıcı müxalifətin Rusiya OMON-u və Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqları və kütləvi həbslərinə etiraz etməmələrinin real səbəbi onların bu qaranlıq qüvvələrlə əlaqələrinin olmasıdır və bu da onların milli maraqlardan uzaq, öz şəxsi məqsədlərinə xidmət etdiklərini göstərir.

Şəmsiyyə Əliqızı, “İki sahil”