01 sentyabr 2025 20:03
162

Çin, İran və Rusiya BMT-yə birgə məktub göndərib

Çin, İran və Rusiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasına birgə məktub göndərərək Avropa ölkələrinin "Snapback" mexanizmini işə salmaq cəhdini pisləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Avropanın "Snapback"i başlatmaq cəhdi hüquqi cəhətdən əsassızdır və siyasi cəhətdən dağıdıcıdır", - o bildirib.

Əraqçi vurğulayıb ki, hadisələrin ardıcıllığı yenidən yazıla bilməz. İran XİN başçısının sözlərinə görə, ABŞ və "Avropa üçlüyü"nün hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə nüvə sazişi çərçivəsində İrana qarşı sanksiyaları ləğv edən 2231 saylı qətnaməsinə ziddir.

İran, Çin və Rusiya beynəlxalq hüququn prinsipini də xatırladıblar: hüquq və öhdəliklər ayrılmazdır və sazişi pozan dövlətlər öz üstünlüklərini tələb edə bilməzlər.

Sənəd üç ölkənin mövqeyini ortaya qoyur və diplomatiyanın effektiv fəaliyyət göstərməsi üçün beynəlxalq hüququn aliliyinin bərpasına çağırır.